Xəbər verdiyimiz kimi, iyunun 3-də “Nizami” Kino Mərkəzində yeni təsis olunmuş Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının mükafatlarının I təqdimetmə mərasimi baş tutdu. Mükafatın qaliblərinin və qalibləri seçən münsiflərdən bəzilərinin nəticələrlə bağlı təəssüratlarını və rəylərini sizinlə bölüşürük.
Nadir Bədəlov (Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədri, münsif):

Söz, kinotənqidçilərindir. Ssenari yazıldı. Rejissor oxudu. Prodüser oxudu. Hər ikisi bəyəndi. Bədii şura təsdiqlədi. Büdcə ayrıldı. Preprodakşn, prodakşn, postprodakşn sərgüzəştləri baş tutdu. Film hazırdır. Və indi söz…
Sözü kino tənqidçisindən eşidin. Çünki ən yaxşı, yəni obyektiv mövqeli (bu da mümkündür!) kino tənqidçisi həm də tamaşaçıların nümayəndəsi kimi çıxış edir. Həm də… Yəni kino tənqidi, mənsub olduğu kinoşünaslar birliyi ilə bərabər, kinoda dünənki tarixin, bugünkü proseslərin, sabahkı perspektiv və layihələrin təkcə güzgülü əksi yox, eyni zamanda fəal iştirakçısıdır.
Nəhayət, Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə Kinotənqiçilər və Kinoşünaslar Gildiyası yaradıldı. İndi qalır onun qanuni təsdiqi.
İyunun 3-də “Nizami” Kino Mərkəzi adlanan tarixi binada Azərbaycan Kino Tənqidçiləri və Kinoşünaslar Gildiyasının mükafatlarının I təqdimetmə mərasimi keçirildi. Bu mükafatlar uğrunda, əsasən, 2024-cü ildə Azərbaycanda ekranlara çıxmış tammetrajlı və qısametrajlı bədii və sənədli filmlər iştirak edirdi.
Gecədə sözün əsl mənasında gənclik ruhu duyulurdu. Hərçənd burada təkcə gənclər deyil, yaratmaq eşqini itirməmiş, bu gün iş başında olan, sabaha isə yeni-yeni layihələrlə baxan yaşlı nəslin nümayəndələri də iştirak edirdilər. Həm müzakirələr aparıldı, həm musiqi, filmlərimizdən mahnılar səsləndi, həm çıxışlar edildi, həm də, ən vacibi, gərgin gözləmə anları yaşandı: Görəsən, növbəti nominasiyada qalib olaraq kimin adı oxunacaq? Altı namizəddən birinin adı oxunması ilə gurultulu alqışlar arasında, demək olar ki, məsafə qalmırdı. Kino adamları böyük tarixi olan bu binanı mürgüləməyə qoymur ki, qoymur. Çox yaxşı! Bu o deməkdir ki, kinomuz ayıqdır, heç nəyə baxmadan yaşayır və yaradır. Filmin tamaşaçısı yoxdursa, həmin filmi tamamlanmış hesab etmək olmaz. Doğrudur, filmlər qalır, nəsillər isə dəyişir və deməli tamaşaçılar da dəyişir. Biz bilmirik, bu gün qiymətləndirdiyimiz filmə on, iyirmi ildən sonra tamaşaçı necə baxacaq. Bəlkə heç baxmayacaq. Ya da bizim bu gün verdiyimiz qiymətdən daha yüksək qiymət verəcək bu filmlərə. Amma hər filmin öz yarandığı dövr, öz təvəllüdü olur. Bu gün verilən dəyər-qiymət müasir dövrün əsərə münasibətidir. Sabah isə tarixə çevriləcək.
2025-ci il iyunun 3-də “Nizami” Kino Mərkəzində keçirilən gecənin vüsəti haqqında heç nə deyə bilmərəm. Amma hər halda bu gecə tarix yazıldı. Bu gecə tarixə yazıldı.
Sevda Sultanova (kinotənqidçi, AKKG-nin İdarə Heyətinin üzvü, münsif):

Bir rejissordan filminin necə alındığını soruşurlar. Yarızarafat, yarıgerçək cavab verir ki, hələ kinotənqidçilər baxmayıb. Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının yaranması milli kinomuz üçün mühüm hadisədir. Amma daha vacibi, onun necə fəaliyyət göstərəcəyidir. Əsas odur ki, Gildiya kinoprosesə əhəmiyyətli təsir göstərməyi, kinonun vəziyyətinə diaqnoz qoymağı və kinomuzun perspektivlərini görməyi bacarsın.
Hacı Səfərov (kinotənqidçi, AKKG-nın sədr müavini, münsif):

Kinotənqidçilər və Kinoşünaslar Gildiyası olaraq 2024-cü ildə ilk dəfə nümayiş olunan filmlər arasında fərqlənənləri seçməyə çalışdıq. Bəzi seçimləri etmək çətin idi, qızğın müzakirələr getmişdi. Amma düşünürəm ki, bacardığımız qədər ədalətli seçimlər oldu. Bütün qalibləri təbrik edirəm. Ümid edirəm ki, davamlı olar və film sahəsində nüfuzlu bir istinad nöqtəsinə çevrilər.
Azərbaycan kinosu ancaq onda inkişaf edəcək ki, bizim çoxlu peşəkar kinotənqidçilərimiz olacaq. Bir yox, beş yox, çoxlu. Çoxsəslilik və fikir çoxluğu həm kino gündəmini məşğul edəcək, həm də ciddi təftiş funksiyasını yerinə yetirəcək ki, yaradıcı prosesin hər bir addımı zərgər dəqiqliyi ilə hesablansın.
Emin Əfəndiyev (“Tənha insanın monoloqu” filmi ilə “Ən yaxşı rejissor işi” nominasiyasının qalibi):

Təəssüratlarım çox müsbətdir. Belə bir tədbir ilk dəfədir keçirilir və bunun kinotənqidçilər tərəfindən edilməsi çox əhəmiyyətli və çox sevindiricidir. Çünki tənqidçilər və kinoşünaslar, əslində, ölkədə kinonun istiqamətlərini formalaşdıran insanlardılar, onların verdikləri qərarlar, seçdikləri, filmlər bir növ trendə çevrilə, insanların zövqünü formalaşdıra bilər. O baxımdan bu təşəbbüsü çox əhəmiyyətli və vacib sayıram və inanıram ki, ardı gələcək, bu mükafat daimi olacaq. Gələcəkdə daha təntənəli şəkildə keçirilsə, PR baxımından daha çox təbliğ olunsa, daha yaxşı olar. Hətta dress-kod da olsun. Hərçənd birinci dəfə keçirilməsinə baxmayaraq çox səmimi atmosfer vardı. İnanıram ki, zamanla daha da təkmilləşəcək.
Şəhla Əliqızı (“Apatiya-1” filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyasının qalibi):

Bu təşəbbüsü göstərənlərə, dəstəkləyənlərə, həyata keçirənlərə dərin təşəkkürümü bildirirəm. Neçə aydır əziyyət çəkirlər – hər filmə ayrı-ayrı baxmaq, hər nominasiya üzrə ayrı-ayrı qiymətləndirmək, filmləri təkrar-təkrar gözdən keçirmək, hər məqama diqqət yetirmək çətin işdir. Qalib olmağıma çox sevindim, çünki bu mənim kino sahəsində aldığım ilk mükafatdır. Elə bil kino üzrə dünyanın ən böyük mükafatını aldım. Bütün heyətə təşəkkür edirəm, həyəcanımı, sevincimi ifadə etməyə söz tapmıram. Əslində, heç gözləmirdim, çünki namizədlər arasında sənətinə hörmət elədiyim, hər dəfə heyranlıqla baxdığım çox yaxşı aktrisa həmkarlarım vardı. Odur ki, mükafatın mənə verilməyi gözlənilməz idi mənim üçün. Hər kəsə minnətdaram. Belə tədbirlər, yəni, bu tədbirə gətirib çıxaran yolda kiçik tədbirlər, mükafatlandırmalar çox olmalıdır. Məsələn, yeni filmləri bölgələrdə göstərmək, ayrı-ayrı bölgələrdə də mükafatlandırma mərasimləri təşkil etmək olar. Məncə, bu sizin təşəbbüsünüzün əhəmiyyətini daha da böyüdəcək həm də kinomuzun inkişafına dəstək olacaq. Kinomuz təbliğ olunmalıdır, kinomuz sevdirilməlidir. Mən düşünürəm ki, gildiyanın bu işdə böyük rolu olacaq. O bir təşkilat olaraq daha çox şeylər edə bilər. Məsələn, telekanallarda kino ilə bağlı proqramlar azdır. Sosial şəbəkələrdə bəzi verilişlər qarşımıza çıxır, amma məhz kinotənqidçilərin iştirak etdiyi, onların qiymət verdiyi proqramlar azdır. Bunu bir az çoxaltmaq lazımdır. Gildiyaya təklifim ancaq o ola bilər ki, mükafatların sayını çoxaldın. İnanıram ki, siz bir təşkilat olaraq yaxın bir neçə ildə kinomuzun sürətlə inkişafına böyük dəstək verəcəksiniz, çünki kinotənqidçi və teatr tənqidçisi olmadan bu sənət inkişaf edə bilməz.
Mahir Dərviş (Tənha insanın monoloqu” filmində yaratdığı ata obrazına görə “Ən yaxşı aktyor” nominasiyasının qalibi):

Tədbir məndə çox xoş təəssürat qoydu. Eldar Ryazanovun “Avtomobildən qorun” filmində bir səhnə var. Milislər qəhrəmanı tamaşadan çıxarıb məhkəməyə aparırlar, bir azdan həbs olunacaq. O, milis maşınında əllərində güllər, üzündə təbəssüm, qulaqlarında alqış səslərilə oturur, o sevinclə yaşayır, məhkəməni, həbsi hiss etmir. Mən də tədbirdən evə həmin halda, o sevinc hissi ilə qayıtdım. Tədbirin özünün gözəlliyi bir qırağa qalsın, jürinin ədalətli seçim etməsi məni, doğrudan da, şad etdi. Buna inanıram, çünki orada çox böyük büdcəli filmlər vardı, ancaq seçim edən kinoşünaslar, kinotənqidçilər büdcəni yox, keyfiyyəti nəzərə almışdılar. Bu məni çox sevindirdi. Söhbət Mahir Dərvişin filmə çəkilməsindən, ya da Emin Əfəndiyevin film çəkməyindən getmir. Ancaq mən çəkildiyim filmin də necə yarandığından, nəticəsindən xəbərdaram, o çoxbüdcəli filmlərin də. Ədalətli olduqlarına görə, münsiflərə bir daha minnətdarlığımı bildirirəm. Təqdimetmə mərasimində gözəl insanlar, gözəl aktyorlar, rəssamlar, kino işçiləri, gözəl mühit vardı. Çox sağ olun. Mənə elə gəlir ki, belə tədbirlər, təşəbbüslər tez-tez olsa, bu gənclərimizi daha da ümidləndirər, kinomuzu inkişaf etdirmək üçün həvəs yarada bilər.
Nurlan Rüstəmov (“Qapı” filmində canlandırdığı obraza görə “Ən yaxşı aktyor” nominasiyasının ikinci qalibi):

Bütün təşkilatçılara minnətdarlığımı bildirirəm. “Qapı” filmindəki ifamı dəyərləndirənlərin peşəkar kinotənqidçilər və kinoşünaslar olduğunu nəzərə alsaq, bunun necə məsuliyyətli bir gözlənti olduğunu yəqin başa düşürsünüz. Ədalətli seçim olacağına qətiyyən şübhəm yox idi. Bir daha hər kəsə öz təşəkkürümü bildirirəm.
aki.az