Azərbaycan Kinematoqrafçılar İttifaqı - 2019

2019-cu il Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) fəaliyyətində tarixi dönəm, uğurlu il kimi yadda qalacaq. AKİ-nin il ərzində gördüyü işlər, real vəziyyət, perspektivlər, bir sözlə, hesabat xarakterli xəbərimizi kinosevərlərin diqqətinə çatdırmaq istərdik.

4 iyun 2019-cu il – Azərbaycan Kinematoqrafçılar ittifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib.Tədbirdə Azərbaycan kinosunun mövcud problemləri, sənədli kino, ssenari seçimindəki problemlər, tamaşaçıların zövqünün formalaşması  kimi məslələr müzakirə olundu, Kino Evi və  Kino Məktəbi layihələrinin fəaliyyətinin bərpası qərara alındı.

16 iyul 2019-cu il – Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultay səlahiyyətli konfransı baş tutdu. Konfransda nizamnaməyə dəyişikliklər, idarə heyətinin yeni üzvlərinin və sədrin seçilməsi məsələlərinə baxıldı .

Müzakirədən sonra səsvermə yolu ilə Rüstəm İbrahimbəyov yenidən yekdilliklə sədr seçildi. Rüstəm İbrahimbəyov (Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri), Anar Rzayev (Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi), Baba Məsimov(Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi), Cəmil Fərəcov (Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi), Oleq Səfərəliyev(Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi), Əli İsa Cabbarov (Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi), Rasim Balayev, Firəngiz Qurbanova, Məbud Məhərrəmov, Şükufə Yusupova, Əsəd Əsədov, Həmidə Ömərova, Cavid İmamverdiyev, Nizami Abbas, Mirbala Səlimli, Tahir Əliyev, Lalə Əfəndiyeva, Ziya Şıxlinski İdarə Heyətinə üzv seçildi.

Qeyd edək ki, 2019-cu il avqust ayının 19-da Ədliyyə Nazirliyi İttifaqın rəhbər orqanlarının səlahiyyətlərini, o cümlədən AKİ sədri Rüstəm İbrahimbəyovun  səlahiyyətini təsdiq edib.

2019-cu il Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evinin fəaliyyətə başlaması və filmlərin nümayişi kinosevərləri sevincinə səbəb oldu. Rejissor Rodion İsmayılovun quruluş verdiyi “Plaskart” tammetrajlı sənədli filmi, rejissor Mirbala Səlimlinin quruluşunda ”Qırmızı bağ” filmi, Nizami Abbasın çəkdiyi “Batalyon” və “Sərhəd” filmləri, rejissor Namiq Ağayevin “Ol” filmi, rejissor Elmar İmanovun “Mövsümün sonu” bədii filmi və b. filmlərin nümayişi fəliyyətini bərpa edən Kino Məktəbinin yenidən canlanmasında böyük rol oynadı. Filmlər sonrası müzakirələr Kino Evini kino ictimaiyyətinin fikirmübadiləsi mərkəzinə çevirdi. Kino Evini yaradıcı ideyalarının yaranması , fikir döyüşlərinin keçirildiyi bir mədəni mərkəzə çevirmək İttifaqın qarşısında duran əsas məsələdi.

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin fəaliyyətə başlaması isə uzun müddətdir gözlənilən bir məqam idi.

Yeri gəlmişkən, rejissor və ssenari yazarlarının ali kursu hesab olunan Kino Məktəbi Azərbaycan Kinematoqrafçıları İttifaqı tərəfindən 2007-ci ildə AR prezidentinin “Azərbaycanda kino sənətinin inkişafı haqqında”  23 fevral 2007-ci il tarixli, 1993 nömrəli sərəncamı əsasında, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq təsis olunub.

Kino Məktəbinin yaradılmasında əsas məqsəd gənclərin kinematoqrafiyaya marağının yüksəldiməsi, kinematoqrafiya sahəsində yüksək peşəkarlıqlı yeni kadrların hazırlanması, istedadların aşkar olunmasıdır.

Qeyd edək ki, Rüstəm İbrahimbəyovun bədii rəhbəri olduğu Kino Məktəbi 3 bölümdə (“Kinorejissorluq”, “Kino dramaturgiya”, “Animasiya”) fəaliyyət göstərir. Rüstəm İbrahimbəyovla yanaşı, Kino Məktəbində kinorejissor Oleq Səfərəliyev (rejissor qrupu) və əməkdar incəsənət xadimi Firəngiz Qurbanova isə (animasiya qrupu ) üzrə dərs deyir.

Xarici mütəxəssislərin dəvət edilməsi Kino Məktəbinin yarandığı gündən tətbiq etdiyi təcrübəyə əsaslanır. Növbəti ustad dərsləri silsiləsi başlayıb. Görkəmli kinodramturq  Pavel Finn artıq Kino Məktəbində ustad dərsləri keçib.

Bu il həm də onunla yadda qaldı ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı iki beynəlxalq festivala ev sahibliy etdi. DOKUBAKU BSFF-na təşkilat sponsoru, ANİMAFİLM Animasiya Filmləri Festivalının isə baş sponsoru oldu. Azərbaycanda ilk beynəlxalq kino festivalı olan “Şərq-Qərb” kino festivalının yaradıcısı olaraq Kinematoqrafçılar İttifaqı festival hərəkatını kinomuzun inkişafı üçün vacib amil sayır və adı çəkilən iki festivalla birgə əməkdaşlığı davam etdirəcək.

6 noyabr 2019-cu il – Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib. İclasın gündəliyində katibliyin fəaliyyəti, yeni layihələrin təsdiqi, üzvlərin qəbulu məsələləri müzakirə olunub. İclasda Anar, Firəngiz Qurbanova, Cəmil Fərəcov, Ziya Şıxlinski, Baba Vəziroğlu, Mirbala Səlimli, Əsəd Əsədov, Oleq Səfərəliyev, Cavid İmamverdiyev, Tahir Əliyev , Əli İsa Cabbarov  və İttifaqın sədri Rüstəm İbrahimbəyov  iştirak edib.

İdarə heyətində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov ideyası əsasında ərsəyə gələcək ”Bakı XX əsr” Kino Muzeyi haqqında məlumat verərək bildirib ki, tezliklə həmin muzeydə Bakı haqqında olan filmlərin daimi nümayişi keçiriləcək, şəhəriimzin qonaqları və sakinləri Bakı tarixini filmlər vasitəsilə izləyə biləcəklər. İttifaqın sədri planda olan  “Novruz Mili Fİlmlər Festivalı” layihəsindən də bəhs edib. Belə ki, milli filmlərin bölgələrdə nümayişi, tamaşaçı kütlələrinin sərhədlərinin genişlənməsi layihənin əsas məqsədlərindəndir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edir, 2020-ci ilin xalqımız üçün düşərli olmasını arzulayırıq. Öz tərəfimizdən də çalışacağıq ki, 2020 ci il milli kinematoqrafiya üçün də uğurlu olsun. 2020 –də çəkiliş meydançalarında, təqdimatlar törənlərində görüşmək arzusu ilə!

Azərbaycan Kinematoqrafçılar İttifaqı