“Biz qayıdacağıq”... Biz qayıdırıq!

Qarabağ torpqları uğrunda müharibə getdiyi bir vaxtda, cəbhədə gərginliyin sürdüyü, ölüm-qalım məsələsinin həll olunduğu günlərdə arxa cəbhənin yüksək əhval-ruhiyyəyə daha çox ehtiyacı var. Haqq uğrunda gedən bu müharibədə qalib gələcəyimizə, yenidən öz torpaqlarımıza qayıdacağımıza inanmalıyıq ki, qələbə çalaq, qələbə çalmalıyıq ki, yenidən rahat həyatımıza davam edək, normal həyata dönməliyik ki, müstəqil ölkəmizdə hər sahədə olan inkişafı daha da sürətləndirək…Kinomuzun bu gününü görüb və “Biz qayıdacağıq” deyən  Elxan Qasımovun quruluş  verdiyi filmin yaranma tarixini təqdim edirik. Yazıçı Natiq Rəsulzadənin ssenarisi əsasında rejissor Elxan Qasımovun çəkdiyi “Biz qayıdacağıq” filmində Qarabağ hadisələri fonunda 13 yaşlı oğlanın vətəndaş mövqeyindən çıxış edərək sabaha ümidlə baxmasından bəhs edilir. Azərbaycan torpaqlarının işğalı,  ermənilərin törətdiyi qətliamlar, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasında dayanıb.

ZAMANINDA YAZILAN SSENARİ VƏ YA KİNOMUZDA QARABAĞ MÖVZUSU

Filmin ssenarisi “Azərbaycanfilm” kinostudiyasına təqdim olunduğu zaman ssenaridə olan inam hissi kinostudiyanın rəhbərliyini düşündürür. Əslində Qarabağ hadisələri başladığı zamandan mövzu olaraq kinematoqrafçıların diqqətində dayanıb və hər dəfə baş verən hadisələrə həsr olunmuş yeni-yeni ssenarilər kinostudiyaya təqdim edilərək çəkiliş meydançasına çıxacağı zamanı gözləyib. Ancaq “Biz qayıdacağıq” filminin ssenarisində olan əhval-ruhiyyə filmin ssenarisini həmin ilin planına salınmasına şərait yaradır. Ssenari əsasında film çəkilişi bir neçə rejissora təklif olunsa da, onların bu heç biri bu işi öz öhdələrinə götürməyiblər. Bunun hansı səbəbdən olduğunu demək çətin olsa da, sadəcə bir məqamı diqqətə çəkmək yetərlidir ki, bu ssenari əsasında film çəkən rejissorun torpaqlarımızın azad ounacağı günə inanmalı idi. Belə bir məqamda ssenarinin Elxan Qasımova həvalə edilməsi maraq doğurmaya bilməzdi…50 ildir ki, kinoda olan, aktyorluqdan rejissorluğa kimi yol qət edən,1982-ci ildə “Qocalar, qocalar”, 1984-cü ildə isə “Köhnə bərə” filmlərinə quruluş verən Elxan Qasımov 23 illik fasilədən sonra “Biz qayıdacağıq” filmini çəkir. 23 illik fasilədə rejissoru düşündürən ssenarilər olsa da, o, konkret olaraq hər hansı bir mövzunu çəkməyi qarşıma məqsəd qoymayıb, bəlkə də zamanını gözləyib…

Rejissor deyir ki, çəkiliş meydançasına çıxmaq üçün onu düşündürən kifayət qədər mövzular olub: “Uzun illərdir ki, kinostudiyanın həmkarlar Komitəsinin sədri vəzifəsini daşıdığım üçün malik olduğum səlahiyyətlər mənə imkan verirdi ki, istənilən vaxtda film çəkim, ancaq mən heç bir vaxt buna getməmişəm”. 1960-cı ildən çalışdığı kinostudiyada baş verən bütün proseslərdən xəbərdar olan  rejissor Qarabağ mövzusunda olan ssenarinin taleyindən xəbərdar olmaya bilməzdi. Günlərin birində isə kinostudiyanın direktoru ilə bu barədə fikir mübadiləsi aparılarkən Xamis Muradov ədəbi ssenarini Elxan Qasımova təqdim edərək “sən mütləq film çəkməlisən, yoxsa sənətkar kimi məhv olarsan” deyə ərklə ona xəbərdarlıq edir.

Elxan müəlim deyir ki, vəndaşlıq hissi deyilən məvhum elə bir anda insanı çuğlayır ki, ondan qaça bilmirsən: “İnanın səmimiyyətimə, başa düşdüm ki, Qarabağ mövzusunu mütləq çəkməliyəm. Milli ruh mənim üçün çox önəmlidir. Məhz milli ruhun diktəsi ilə Qarabağ mövzusunu ekrana gətirməyi qərarlaşdırdım və yaratdım da. Yəqin o epizodu xatırlayırsınız ki, qəhrəmanımız səs imkanlarının genişliyi ilə hamını valeh etdiyi, musiqi məktəbində ustad sənətkarlardan əla qiymət alaraq ən yüksək yerə layiq görüldüyü bir məqamda zalda tapılmır, ancaq hamı onu axtarır. Digər epizodda isə artıq onun hərbi məktəbə yollanarq öz həyat yolunu seçdiyi fikrini tamaşaçıya aşılayır. O əvvəlki hərəkəti ilə Qarabağ torpaqlarına layiq olduğunu, bir qarabağlı kimi səs imkanları ilə hamını valeh etdiyini dərk etdiyi kimi uşaq ağlı ilə onu da dərk edir ki, hazırda Azərbaycana müğənnidən daha çox, onun işğal altında qalan torpaqlarını xilas edəcək əsgərlər lazımdır. Əgər “Biz qayıdacağıq” filminə baxan tamaşaçının bir neçəsi oğlunu könüllü olaraq hərbi xidmətə göndərməyi qarşısına məqsəd qoyaraq sözünə əməl edəcəksə, deməli mən istədiyimə nail olmuşam” deyir rejissor.

ŞUŞALI PƏRVAZ İBRAHİMLİ 40 MƏKTƏBLİ ARASINDAN BAŞ ROLA SEÇİLİR

Filmdə əsas rola- 13 yaşlı qəhrəmanı oynayan məktəblini seçmək o qədər də asan olmayıb. 40-a yaxın 12-14 yaşlı oğlan uşaqları baş rol üçün yoxlansa da, rejissor üçün qəti qərar vermək çətin idi. Çünki əsas qəhrəman geniş səs diarozonuna malik, ağıllı gözləri ilə tamaşaçını düşündürməyi bacaran, lazım gəlsə, komik məqamlarda gülüş bəxş edən, sabaha ümidlə baxmağı bacaran bir uşaq olmalı idi. Qismətdən qaçmaq olmaz, əsas rola Şuşa qaçqını, prezident təqaüdçüsü Rərvaz İbrahimli təsdiq olunur. Ancaq başqa bir həqiqət də var ki, günlərin birində məktəblilər arasında öz qəhrəmanını seçən rejissor onlardan birinin, çatmaqaş oğlanın tanış üz simasını görüncə öz qərarını verir. Bəlkə də Elxan Qasımov həmin məktəblini vaxtsız dünyasını dəyişən oğlu Samirə(məlumat üçün bildiriək ki, rejissor Samir Qasımov gənc yaşlarında faciəli surətdə həlak olub)  bənzətdiyi üçün bu addımı atır. Filmdə əqidə, qürur baxımından həddindən artıq yüksəkdə dayanan, hətta pul qazanmaq xatirinə küçədən keçən avtomobilləri yumaqdan belə çəkinməyən qəhrəmanın hər düşdüyü vəziyyətdə belə sınmaması diqqətdən qaçmır.

E.Qasımov bildirir ki, qəhrəmanımız nə qədər çox qayğı ilə yüklənsə də, böyük kimi hərəkətlərə, düşüncəyə sahib olsa da, eyni zamanda uşaqdır, hələ uşaq dünyasını yaşamalıdır. Hecə ki, o, yuxuda gördüyü qıza vurulur və həyatda da onunla qarşılaşır. Təbii ki, filmdə bu uşağın sevgi hisslərini bir qədər qabardaraq onun qızla görüşə çıxma səhnəsini də yaratmaq olardı. Fikirləşdim ki, o uşaq dünyasında qalsa yaxşıdır, onsuzda illər onu sevginin varlığına, əbədiliyinə inandıracaq. Əslində hissləri təmiz olan bu uşağın elə belə təqdimatı daha məqsədə uyğun idi”. Balaca qəhrəmanı yaşıdlarından fərqləndirən bir məqam da var, o televiziyada şou proqramlara deyil, məhz Kosovo vilayətindən gedən proqrama baxır. Həmin proqramda mərhum Samirin görüntüləri var. Bir vaxtlar Kosovoda əsgəri xidmətdə olan Samir vətənimizi ən layiqli formada təmsil edərək ən yüksək diplomla geri dönüb. Həmin ərəfədə Kosovadan çəkiliş aparan Azərbaycan Televiziyası ən layiqli əsgər kimi tanınan Samiri danışdırmış və bu çəkiliş proqram şəklində hazırlanaraq bütün Azərbaycan tamaşaçısına təqdim olunmuşdur. Samirin arxivdə saxlanan həmin çıxışı tam da olmasa qısa formada filmə daxil edilib.

XOCALILARIN XATİRƏSİNƏ İTHAF OLUNAN FİLMDƏ DÜŞÜNDÜRÜCÜ EPİZODLAR

Qarabağ mövzusunda çəkilən, Xocalıların xatirəsinə ithaf olunan bir filmdə düşündürücü epizodların olması ssenaristi  düşündürdüyü qədər də rejissoru da düşündürüb və beləliklə də həmin epizodlar yaranıb. Belə səhnələrdən biri restoran səhnəsidir. Xanəndə “Babəkəm, Koroğluyam, Azərbaycan oğluyam” deyə oxumaqda, camaat isə yeyib-içməkdədir. Rejissor bu səhnəni bilərəkdən çəkdiyini deyir və bununla demək istəyir ki, boş yerə vətən demək olmaz: “Uşağın restorana gəlişini xatırlayın, onun bir dəfə zəngulə vurması hamının diqqətini çəkir, həmin səhnədə artıq musiqi hökmdarlıq edir, o məqamda yemək belə günahdır, insanlar ruhən artıq məkanı belə dəyişiblər”.

Maraqlı epizodlardan biri də toy səhnələridir. Ona görə səhnələri deyirik ki, öncə kənd toyu(təbii ki, palatkada) canlandırılan filmdə sonra şəhər toyu da canlandırılır. Kəskin surətdə bir-birindən fərqləndirilən toy səhnələrində yalnız bir oxşar cəhət var. Şəhər toyunu seyr edən balaca qəhrəman qəflətən kənd toyunu gözləri qarşısına gətirərək onları müqayisə edir və bir anlıq şəhər toyunda iştirak edən insanları da yardım gəlincə nə hərəkət edəcəklərini fikirləşir. Doğrusu həmin səhnəni rejissor o qədər ustalıqla verib ki, nəticədə də həyata yüngül baxan insanların harda yaşamasından, hansı təbəqəyə mənsub olmasından asılı olmayaraq, istənilən məqamda öz iç üzlərini necə açaraq eybəcər şəklə düşmələrini göstərmələri diqqətdən qaçmır. Filmi seyr edərkən qəhrəmanı çox az halda qəmli-kədərli görmək olur, baxmayaraq o daima erməni işğalı altında qalan yurdunu, işğal günü itirdiyi babasını xatırlayır. Ancaq bu, bir anlıq çəkir, çünki qəhrəmanın sabaha ümidi böyükdür.

Yeri gəlmişkən, filmin çəkilişlərinə hər cür şərait yaradılıb. Dövlətin ayırdığı puldan əlavə olaraq, filmin çəkilişi üçün təmənnasız köməklər də olub. Məsələn, Qobu bələdiyyəsi filmdə Xocalı hadisəsini canlandırmağa, “Flaminqo” və “Fayton” restoranları toy səhnələri, məclis gedən səhnələrin çəkilməsində, Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İmişlidəki nümayəndəliyi çadır düşərgələrində, vaqonlarda olan çəkilişlərdə, “N” saylı hərbi hissənin görüntüləri olan səhnədə kömək göstəriblər. Eyni zamanda Musiqi Akademiyasında, Musiqi Gimnaziyasında olan çəkilişlər hamısı dəstək üçün göstərilib, çünki mövzu Qarabağ idi…

1979-CU İLİN BAKISI İLƏ 2007-Cİ İLİN BAKISI ARASINDA OLAN FƏRQ

Baxanlar bilir ki, filmdə geniş aktyor ansamblının gücündən istifadə olunub. Hətta onların əksəriyyəti ilk dəfə idi ki, filmə çəkilirdi. Xüsusilə Tofiq Hüseynovun, Sevil Xəlilovanın ifaları. Ər-arvad obrazlarından görünən aktyorlar hiss olunur ki, özlərindən əlavələr etməklə öhdələrinə düşən rolları daha da dolğun şəklə salıb. Məsələn, yardım alma səhnəsində ər(Tofiq Hüseynov) ərzaq olan ağır paketləri arvadına(Sevil Xəlilova) verərək özü qollarını ata-ata qabaqda yeriyir. Bundan başqa yaşadıqları binanın ümumi dəhlizində şalvarının balağı çırmalanmış vəziyyətdə əlində butulka etinasız şəkildə görünüşü çox təbii alınıb. Eləcə də Sevil Xəlilovanın oynadığı obrazın susqun halda ərinin loru dildə desək, bütün kobudluqlarını sakit halda qarşılaması və s. məqamlar bir daha göstərir ki, aktyor imrrovizələri olmasa rollar çox cansız görünərdi. Bundan başqa pinəçi rolunda gördüyümüz Firuz Xudaverdiyevin istər ayaqqabı təmir etdiyi dükanı(görüntü baxımından), istərsə də öz görünüşü bir anlıq da olsa yadımıza Rasim Ocaqovun quruluş verdiyi “İstintaq” filmindəki pinəçi dükanını xatırladır. Ancaq müqayisə edəndə ki, 1979-cu ilin Bakısı ilə 2007-ci ilin Bakısı arasında çox böyük fərq var, onda bir etirafın üzərində dayanmaq zorunda qalırsan, zaman da, məkan da dəyişə bilər, yalnız pislə yaxşının mübarizəsi elə mübarizə olaraq qalmaqdadır. Adlarını çəkdiyim aktyorlardan fərqli olaraq filmdə qaçqın rollarından birində gördüyümüz Ömür Hağıyev ömrünün ən gözəl illərini kinoya həsr edib. Ancaq bu filmdə Ömür Hağıyev tamam fərqli bir xarakterlə görünür. Aktyorun oynadığı Xocalı qaçqını Nağıyev obrazı görüntü baxımından daima ziyalılıq nümayiş etdirsə də, əqidə baxımından cılızdır. Bu insan yeri düşdükcə ən alçaq yollara belə əl atmaqdan çəkinmir. Hər səhər yaşadığı məkandan bir qədər uzaqlara gedərək özünü əlil vəziyyətdə təqdim etməklə pul dilənir. Və qəflətən qarşısında qəhrəmanı görür, sonrakı kadrların birində qazandığı puldan ona da təklif edir, ancaq 13 yaşlı oğlan uşaq ağlı ilə dərk edir ki, bu əyri yolnan qazanılan puldur ona görə də imtina edir. Nəhayət epizodların birində dilənərək yığdığı pulu böyük biznesə çevirən insanı görürük. Əqidə etibarilə cılız olan insan qazandığı pulları icarəyə götürərək çalışdığı dükanda unitazların satışı ilə məşğul olur. Qəhrəman onun dükanına gələrək alqı-satqısına tamaşa edir getmək istəyəndə qonşu onun cibinə pul qoyur, o isə öz növbəsində pulu unitazlardan birinin içinə ataraq oradan uzaqlaşır. Rejissor bununla demək istəyir ki, əyri yol tutan, sağlam olduğu halda özünü əlil vəziyyətə qoyaraq camaatı soyan bu kimi insanlar qazandıqlarını yalnız səviyyələrinə uyğun şəkildə unitaz satışına qoya bilərlər.

RASİM OCAQOVUN TƏKLİFİYLƏ QƏHRƏMANIN YAŞI MÜƏYYƏNLƏŞDİRİLİB

Onu da qeyd edək ki, ssenaridən irəli gələn və hazırlıq prosesində də fikir mübadiləsinə çevrilən əsas məsələ qəhrəmanın yaş fərqi idi. Filmdə qəhrəman 8-10 yaşında bir neçə il sonra isə 18 yaşında təqdim olunmalı idi. Yəqin ki, mərhum rejissorumuz Rasim Ocaqovun təklifi olmasaydı, Elxan müəllim elə belə də çəkəcəkdi.

E.Qasımov qeyd edir ki, hazırlıq işlərində sonuncu varianta qədər film iki dövrü əhatə edəcəkdi: “Oğlan 12 yaş, bir də əsgərlik dövrü 18-20 yaşında görünəcəkdi. Rəhmətlik Rasim Ocaqov mənə təklif etdi ki, 12 yaş və 40 yaş arasında olan qəhrəmanın iki yaş dövrünü vermək nə qədər asandırsa, 12-20 yaşı vermək bir o qədər çətindir. Bu, inandırıcılıq baxımından da zəif çıxa bilər. Etiraf edim ki, Rasim Ocaqovun bu məsləhətindən yararlanmaqla yalnız uddum. Belə ki, qardaşı doğulanda 8 yaşında olan oğlan bir neçə il sonra artıq 12-13 yaşındadır. Bu zaman qardaşının da 4-5 yaşı olur. Belə bir fikir var, müharibə dövrünün uşağı tez böyüyür. Yeni doğulan uşaq qayğısız faciələrdən xəbərsiz halda böyüyür. Ancaq 8 yaşlı uşaq artıq ailə yükü ilə yüklənib, evin kişisi kimi ailəni necə dolandırmaq barədə düşünür. O, yaşca böyüyür, ancaq ailə yükü onun görünüş baxımından böyüməsini sanki gecikdirir. Bir tərəfdən də elə oğlan uşaqları var ki, onlarda boy uzanma prosesi ildən-ilə deyil, ləng formada gedir”.

Məşq proseslərinin birində rejissor qəhrəmanın yaş fərqini göstərmək üçün onun saç düzümünü dəyişik bir şəklə salmaq fikrinə düşsə də sonradan bu fikrinin üstündən keçib. Ona görə ki, 4 il o qədər də böyük bir vaxtı göstərmir. Ymumiyyətlə isə bu kimi məqamları irad tutmaq düzgün deyil. Çünki kino qaydalarına əsasən obrazların uşaqlıq dövrü istənilən yaş dövründə göstərilə bilər. Yəni 5-6 yaş arası olan(hətta 10 yaş da ola bilər) yaş fərqi kino üçün nöqsan sayıla bilməz. Kinoda obrazın yaşlı dövrünün düzgün təsviri verilməyəndə o nöqsan sayılır. Hazırlıq prosesindən tutmuş son məqama qədər film üçün müxtəlif adlar seçilsə də sonda “Biz qayıdacağıq” adı əsas götürülüb. Əslində adın qarşısında sual işarəsi və yaxud sual-nida işarələrinin olmasını təklif edənlər də olub. Sonda isə sadəcə “Biz qayıdacağıq” yazılır.

Əslində bu ad bir İNAM, ÜMİD rəmzi kimi tamaşaçı auditoriyasına xəbərdarlıq işarəsidir ki, biz əvvəl-axır öz torpaqlarımıza qayıdacağıq. Artıq bir neçə gündür ki, davam edən, güclü ordumuzun böyük şücaət göstərərək torpaqlarımızın azad olunması uğrunda düşmən üzərinə irəlilədiyi və tezliklə – QƏLƏBƏ – xəbərini eşidəcəyimiz yəqin ki, an məsələsidir… BİZ QARABAĞA QAYIDACAĞIQ!  BİZ ARTIQ QARABAĞA QAYIDIRIQ!!!

Xədicə QİYAS