“Böyük qırmızı ev” filminin çəkilişləri başa çatıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Böyük qırmızı ev” bədii-sənədli filminin çəkilişləri başa çatıb.

Qeyd edək ki, film ötən il Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində qalib layihə olub.

“Azərbaycanfilm” kinostudiyasının məlumatına görə, qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində qalib layihə olaraq seçilən “Müharibə uşaqları” (indiki adı “Böyük qırmızı ev”) bədii-sənədli filminin çəkilişləri Bakı və Gəncə şəhərlərində aparılıb. Xronometrajı 15 dəqiqə olan filmin montaj işləri artıq yekunlaşmaq üzrədir.

Filmin məzmununa gəlincə, bədii-sənədli filmdə 2020-ci ildə II Qarabağ müharibəsi ərəfəsində Ermənistanın terror hücumlarının təsirləri nəticəsində fiziki və psixoloji travmalara məruz qalmış uşaqların həyatından bəhs edir.

Filmin ssenari müəllifi və rejissoru Leylaxanım Qənbərli, quruluşçu operatoru Daniel Quliyev, icraçı prodüseri Vidadi Rüstəmov, prodüseri Fariz Əhmədovdur. Filmdə kukla ustası obrazını aktyor Namiq Ağayev ifa edir.

Aki.az