“CİNEMO” Mobil Film Festivalının açılışı baş tutacaq

“Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin birgə təşkilatçılığı ilə “CİNEMO” Mobil Film Festivalının açılış mərasimi keçiriləcək.

Layihənin məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsi ilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.

Tədbir dekabrın 1-də Nizami Kino Mərkəzində (saat 19:00) baş tutacaq.

Festivala təqdim ediləcək mobil telefon vasitəsi ilə çəkilən filmlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və sonda qaliblər müəyyən olunacaq.

Festivalda iştirak şərtləri, filmlərə dair tələblər, mükafatlar və digər zəruri məlumatlar açılış mərasimində elan ediləcək, həmçinin festivalın rəsmi internet saytında (cinemoff.com)    yayımlanacaq.