Xəbər verdiyimiz kimi, Azərbaycanlı gənc kinematoqrafçılar – Aynur Kazımova “Sıfırdan başlamaq” adlı tammetrajlı sənədli filmi ilə və Nicat Dadaşovun prodüser qismində təqdim etdiyi “Mənim virtual evim” (ideya müəllifi və rejissor Ülviyyə Əhmədova) layihəsi ilə WARM Festivalında 7-12 iyul tarixində iştirak ediblər. A.Kazımovanın səfər haqqında təəssüratlarını təqdim edirik.
Bosniya və Hersoqovina Avropanın bir parçası olmasına baxmayaraq, müharibənin ən çox təsir göstərdiyi Avropa ölkələrindən biridir desəm, yanılmaram. Sadəcə Srebrenitsa soyqırımını qeyd etmək bu fikrə haqq qazandırır. Amma bosniyalılar müharibəni unutmağa çalışmırlar. Əksinə, keçmişdə baş verənləri gündəmdə saxlayaraq, onları açıq şəkildə müzakirə etməyi və bu yolla sağalmağı seçiblər.
WARM Festivalı da bu yanaşmanın bir hissəsidir. Festival çərçivəsində dünyanın müxtəlif münaqişə bölgələrindən çəkilmiş sənədli filmlər nümayiş olunur, fotoreportyorların çəkdiyi şəkillər sərgilənir. Bu tədbirlərdən yalnız festival iştirakçıları deyil, həm də Sarayevo sakinləri və turistlər faydalanırlar.

Bu il həm də Srebrenitsa soyqırımının 30 illiyi idi. Şəhər açıq sərgi məkanına çevrilmişdi – küçələr soyqırım qurbanlarının və onların ailələrinin fotoları ilə bəzədilmişdi. Cəmi 250 min nəfərlik əhalisi olan bu şəhərdə bir neçə müharibə muzeyi fəaliyyət göstərir: “Müharibə uşaqları muzeyi” (Avropa Şurasının 2018-ci il Muzey Mükafatına layiq görülüb), “Gallery 11/07/95” (Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş ilk qalereya), “1992–1995 Soyqırımı və insanlığa qarşı cinayətlər muzeyi” və digər məkanlar.

Bizə sənədli film rejissorları və fotojurnalistlər ustad dərsləri keçdi. Filmləri izləyib, sərgilərə baxdıqca, peşəkarların fikirlərini dinlədikcə düşündüm: biz də belə festival təşkil edə bilərik. Bizim də müharibə ilə bağlı çoxsaylı hekayələrimiz var. Bunları filmlərdə, fotoşəkillərdə dünyaya tanıtmaq olar. Bəs niyə biz öz hekayəmizi danışmırıq? Və niyə haqlı olduğumuz halda, sanki haqsız kimi görünürük?
“Açıq səhnə” proqramında “Sıfırdan başlamaq” adlı sənədli film layihəmi təqdim edəndə və avropalı iştirakçılarla bu barədə danışanda gördüm ki, onlar Azərbaycan haqqında demək olar ki, heç nə bilmirlər. Qarabağ müharibəsində 12 mindən çox insan itirdiyimizi, 1 milyondan artıq insanın məcburi köçkün olduğunu, illərlə çadırlarda və vaqon şəhərciklərində yaşadıqlarını deyəndə hər kəs təəccüb içində idi. “Biz bunları bilmirdik,” – deyirdilər. Əlbəttə bilməzlər. Çünki biz bu acı reallıqları kifayət qədər bölüşməmişik.
Filmi təqdim etdikdən sonra İspaniyadan olan səs dizaynı şirkətinin nümayəndələri mənə vizit kartlarını verdilər. Onlar filmimlə əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər. Bu məni çox sevindirdi. Sadəcə işimə verilən dəyər üçün yox, həm də məcburi köçkünlərin səsinin daha çox insan tərəfindən eşidiləcəyi üçün.

Bir həftə ərzində Qarabağ müharibəsi və qəhrəmanlarımın hekayələri barədə danışdım. Hətta amerikalı professorlardan biri öz tələbələrinə bu mövzu ilə bağlı dərs keçəcəyini bildirdi. Mən də ona ingiliscə tapa bildiyim bütün mənbələri göndərdim. Təəssüf ki, bu mənbələrin sayı çox deyil. Amma məsələn, amerikalı fotoqraf Tomas Qoltsun və Reza Deqatinin Qarabağ müharibəsi zamanı çəkdiyi şəkilləri göstərəndə insanların üzündə yaranan təəssüratı görmək kifayət idi. Sadəcə bir neçə şəkil nələrə qadirdir…
Təsəvvür edin, biz də WARM kimi bir festivalı Bakıda təşkil edirik və hər il öz müharibə hekayələrimizi dünyaya təqdim edirik. Sizcə bu, haqqımızdakı fikirləri dəyişməzmi? Əlbəttə dəyişər. Sərgidə Qarabağla bağlı fotolar var idi, amma Azərbaycan tərəfinin yox. Bu məni daha da təsirləndirdi. Şəhərləri bombalanan, körpələri öldürülən, torpaqları minalanan bizik, amma aqressiv görünən də bizik.
Bəlkə iddialı səslənir, amma düşünürəm ki, hər bir azərbaycanlı rejissorun və ssenaristin borcudur – Qarabağla, 20 Yanvarla, Xocalı ilə, Ermənistandan qovulan azərbaycanlılarla bağlı heç olmasa bir film çəkmək. Kimin xoşuna gəlməsə də, bu, reallıqdır. Sarayevoda qazandığım təcrübə əsasında əminliklə deyə bilərəm: səssiz qalmaq və ya biganə olmaq, əslində, düşmənə haqq qazandırmaqla eynidir.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kino Agentliyi hər iki kinematoqrafçının layihədə iştirakına maliyyə dəstəyi ayırıblar.
aki.az

