“Gilan qızı” filmi /Lətif Səfərovun 100 illiyi/ rubrikasında

Lətif Səfərovun 100 illiyi münasibətilə hazırladığımız məqalələr silsiləsi davam edir. Bu dəfə onun ilk dəfə kino üçün kəşf edildiyi “Gilan qızı” filminin yaranma tarixindən bəhs edəcəyik.

Film bu yazılarla başlayır: “Şah və ingilis müdaxiləçiləri gənc Gilan resrublikasını qan içində boğdular”. Bir qədər əvvələ-keçən əsrin 20-ci illərinə səyahət edək: Adətən keçən əsrin əvvəllərində çəkilən filmlər haqda məlumat verərkən mütləq istehsal məsələlərinə də toxunmaq lazımdır. 1923-cü ildən 1927-ci ilə kimi “Azərkino” “Bayquş”, “Qız qalası”, “Çoxlarından biri”, “Neftçi istirahətdə və müalicədə”, “Bismillah”, “Müxtəlif sahillərdə” bədii filmlərini istehsal edib ekranlara buraxır. Həmin ərəfədə artıq yaranmasının bir neçə ilini arxada qoyan  kinostudiyanın genişləndirilməsi məsələsi diqqət mərkəzində idi. İstehsalat bazasının müntəzəm olaraq möhkəmləndirilməsi ilə filmlər yaradılması işi isə paralel aparılırdı. 36 x 16 metr sahəsi olan yeni kino pavilyonu artıq 1927-ci ildə hazır idi, kinofabrik yeni avadanlıqla təchiz edilir ki, nəticədə də böyük pavilyonda tikintinin başa çatdırılması günü kino işçiləri üçün ikiqat bayrama çevrilib. Çünki həmin gün “Gilan qızı” adlı tammetrajlı bədii film də istehsalata buraxılır…

GİLAN ƏYALƏTİNDƏ BAŞ VERƏNLƏRİN FİLMƏ GƏTİRİLMƏSİ

Qeyd edək ki, Azərbaycan kinematoqrafiya tarixində ilk dəfə məhz “Gilan qızı” filmində qısa montajdan istifadə edilib ki, bu da filmə dinamika qatıb. İranın ingilis və çar hökumət qoşunları tərəfindən işğal edilməsi milli azadlıq hərəkatının canlanmasına səbəb oldu. 1918-1920-ci illərdə Gilan əyalətində partizanlar tərəfindən şah və ingilis qoşunları dağıdıldı, mülkədarların və burjuaziyanın milli mənafeyini güdən müvəqqəti hökumət yaradıldı. Gilanlılar müvəqqəti hökumətin sol təmayülçülərinin başçısı Əhsənülla xanın rəhbərliyi altında həkimiyyəti öz əllərinə aldılar. Bu hadisələrin filmdə öz əksini tapması, hələ səssiz filmdə canlandırılması kinonun ilk yarandığı illərdə o qədər də asan məsələ deyildi, məhz belə məqamlarda rejissorun müxtəlif üsullardan istifadə etməklə tarixi ekrana gətirməsi vacib sayılırdı. Film səssiz şəkildə lentə alınıb və hər epizod aktyorların danışığından sezilir, ancaq heç bir kino fəndi aktyorlar tərəfindən oynanılmır-ümumiyyətlə isə əsas fikirlər yazılardadır. Filmin süjeti də yazılardan məlum olur. Hətta bir epizoddan başqa epizoda keçəndə film yazıları olmazsa, tamaşaçı hadisələri anlamaqda çətinlik çəkər, məsələlər anlaşılmaz.

L.SƏFƏROVUN KİNODA DEBÜTÜ VƏ YA UŞAQLIQDAN HAQSIZLIĞA QARŞI ÜSYAN

“Gilan qızı” filmi, rejissor Lətif Səfərovun kinoya ilk gəlişidir. İlk dəfə “Gilan qızı” filminə çəkilən Lətif bəlkə də ağlına belə gətirməzdi ki, onun ətrafında olan bu insanlar sənət fədailəridir və vaxt gələcək onlarla birgə kino deyilən möcüzəli bir dünyada addımlayacaq. Bütün bunlar çox-çox sonralar olacaqdı. Filmin sınaq çəkilişləri qayda-qanun çərçivəsində keçirilib. Ən azından ona görə ki, səssiz bir filmdə görüntü o qədər real boyalarla zəngin olmalı idi ki, nəticədə də tamaşaçıların diqqətində dayanmaq, onları düşündürmək mümkün olsun. Filmdə uşaq rolu üçün çox sayda uşaqlar çəkiliş meydançasına gətirilsə də onlar rejissoru qane etmirdi. Araşdırma zamanı 70-ci illərdə nəşr olunan “Azərbaycan bədii kinosu” adlı kitabı əldə etdim, burada filmlə bağlı bir çox materiallar var idi. həmin materiallardan belə məlum olur ki, balaca Lətifin “Gilan qızı” filminə görə studiyaya gətirilməsi və ilk baxışdan yaradıcı heyətin rəğbətini qazanması, eyni zamanda isə oyun tərzi ilə ətrafında maraq yaratması sonda ona gətirib çıxarıb ki, o növbəti filmdə baş qəhrəman roluna çəkilib. Xatırladaq ki, “Gilan qızı” filmində ikinci rejissor kimi çalışan Mikayıl Mikayılov növbəti dəfə sərbəst olaraq çəkdiyi “Lətif” filminə Lətif Səfərovu çəkmiş və filmi də məhz onun şərəfinə “Lətif” adlandırmışdı. Bu barədə “Lətif” filmi haqqında danışarkən geniş məlumat vermişik. Lətif Səfərov filmdə bir neçə epizodda çəkilib. Daha çox pavilion çəkilişlərində çəkilən Lətif sonrakı proseslərdə qolbağla oynadığı məqamlarda da lentə alınıb. Onun ifasında çəkilən ən maraqlı epizod isə-anasına şər atıldığı səhnədir. Belə ki, əmisi ilə anasının danışdığını görən Gülgül(Lətif Səfərov) birdən anasını evdən qaçdığının şahidi olur. Bu zaman isə əmisi qəribə bir təbəssümlə anasının ardınca baxır və evdə olan yorğan-döşək yükünün arasında qızıl qolbaq gizlədir. Vaxt yetişir əmi öz çirkin əməlini yerinə yetirmək üçün qardaşı arvadı barədə qardaşına məlumat verərək onun çirkin bir yolun yolçusu olduğunu və buna görə də kişilərdən qiymətli hədiyyələr aldığını kütlə arasında deyir. Sübut üçün isə onların evində axtarış aparılmasını tələb edir. Hacı Mübarək öz sözlərini təsdiq etmək üçün izdihamı qardaşı Hacı Zəkidərin evinə çəkir. Qolbağın yerində olmadığın görən Hacı Mübarək təlaşla axtarışı davam etdirir və bu zaman Gülgülün qolbağı oyuncaq kimi oynatdığının şahidi olur. Bu məqamda Lətifin canlı şəkildə etiraz formasında olan ifası yaradıcı heyətin təəccübünə səbəb olmaya bilməzdi. Gülgül atasına və onu əhatə edən adamlara anasının evdə olmadığı zaman Hacı Mübarəkin yorğan-döşəyin arasında xəlvət qolbaq qoyduğunu söyləyir. Bununla da o, Hacı Mübarək də daxil olmaqla onun kimi insanları ifşa edir.

Rejissor Leo Murun Azərbaycan kinosu üçün yeganə olaraq çəkdiyi “Gilan qızı” filmində balaca Lətifin uğurlu oyun tərzini çox bəyənir. Haqsızlıq sözünün mənasını düz-əməlli dərk etməyən Lətifin filmdəki ifası rejissoru çox düşündürür və o. sanki bu balaca varlığın sonrakı həyatını görürdü…

HAŞİYƏ: Qəribədir, hələ uşaqlıq illərindən oynadığı rollarla haqsızlığa qarşı çıxan Lətif Səfərov çox-çox sonralar da bu xarakterindən əl çəkmir. Bəlkə də kino deyilən bir dünyanın möcüzəsinin təsirindən idi ki, Lətif Səfərov yaradıcı fəaliyyəti boyunca haqq-ədalət prinsirlərindən çıxış edərək ən gözəl sənət nümunələrini(“Bəxtiyar”, “Leyli və Məcnun”, “Qızmar günəş altında”) həyatı bahasına yaratdı. Təxminən 11 yaşına kimi müxtəlif janrlarda olan filmlərə çəkilən Lətif sonralar ağır xəstələnir ki, bu da onun səhhətində ciddi problemlər yaradır və beləliklə balaca qəhrəmanın aktyorluq fəaliyyətinə son verilir.

FİLMİN HAZIRLIQ PROSESİNDƏN FRAQMENTLƏR

Filmdə bir sıra kiçik epizodlar ayrılıqda inandırıcı və təbii çıxıb. Məsələn, məhəllə adamları tərəfindən Səkinənin daşa basılması epizodu: divara sıxılan Səkinənin aldığı vəziyyət real olduğu kimi, onun keçirdiyi həyəcan da təbiidir. Həmin epizodda kadrların dekorasiya cəhətdən həlli də maraqlıdır. Bu barədə rejissor köməkçisi Mikayıl Mikayılov öz xatirələrində deyir: “Ssenariyə əsasən Səkinənin silahlı mübarizəyə meyli, ilk dəfə silahla üzləşməsi, eləcə də uşağın gizlədilməsində iştirak edən Maronun Səkinəyə köməyə gəlməsi epizodları da mənalı həll edilmişdir. Maronun Səkinə ilə Həsənin söhbətlərinə gizli qulaq asması epizodunda ətrafdakı əşyaların hərəkətə gəlməsi, daha doğrusu, kino detallarına çevrilməsi həmin dövrün kino sənəti üçün də səciyyəvidir. Əlbəttə ki, operator İvan Sergeyeviç belə detalların çəkilişinə xüsusi diqqət yetirir, çox zaman da öz istəyinə müvəffəq olurdu. Onu da qeyd edim ki, bir nöqtədən çəkilmiş kadrlar, haqqında danışdığım kadrlara yeknəsəklik gətirsə də hər halda bacarıqlı bir operatorun müvəffəqiyyəti kimi qiymətləndirilməlidir. Çəkiliş vaxtı kütləvi səhnələrdən geniş formada istifadə olunub. Kütləvi səhnələrdə kütlə “simasız” deyil, lazımi dərəcədə fərdiləşdirilmişdir. Bundan başqa naturalizm elementləri də qabarıq şəkildə verilib. Dilləri sallanaraq asılmış adamlar, yanan evlər, ön rlanda verilmiş meyitlər buna misal ola bilər. Bu rlanlar bir neçə dəfə təkrar olunduğundan mənfi təsir daha da qüvvətlənir”.

“TUNC AY” ADI “GİLAN QIZI” İLƏ ƏVƏZ EDİLDİ

Adından da göründüyü kimi film Gilan qızına, inqilabda iştirak edən qadına həsr edilməli idi. O dövrün xatirələrindən də belə məlum olur ki, ədəbi materialdan fərqli olaraq rejissor ssenarisi üzrə çəkilən filmdəki hadisələr əks istiqamətdə cərəyan edib.Filmdə kütləvi səhnələrdən, natura və pavilyon çəkilişlərindən geniş istifadə olunub.

Qeyd etdiyimiz kimi Y.Slyozkinin “Tunc ay” romanı əsasında çəkilən film çəkiliş prosesindən tutmuş son hazırlıq məqamlarına qədər həmin adla adlandırılıb. Lakin film ekrana “Gilan qızı” adı ilə buraxılıb ki, bu dəyişikliyin də qısa tarixçəsi var.

Filmin çəkildiyi günlərdə yazıçı Seyid Hüseynin “Gilan qızı” adlı bir hekayəsi çıxmış və az vaxt ərzində oxucu kütləsinin rəğbətini qazanıb. O da təsadüfi deyil ki, “Tunc ay” romanı kimi “Gilan qızı” hekayəsi də eyni mövzuya həsr edilib. Xatirələrdən belə məlum olur ki, hekayə ilə yaxından tanış olan rejissor filmin adını da “Gilan qızı” adlandırıb. Film öz dövründə, digər filmlər kimi tənqidə məruz qalıb:

-Məlumdur ki, inqilaba hərə bir yolla gəlir. Filmdəki inqilaba qoşulacaq Gilan qızının yolu evdəki “qolbaqla” əlaqədar şəkildə romanda olduğundan daha solğun göstərilir. Mübarizəsinin əsas məqsədi filmdə yazılarla deyil, kino dilində, kino fəndləri və detalları ilə aydın işlənib göstərilsəydi, o zaman vuruş səhnələri daha əsaslandırılmış olardı.

-Filmin ikinci yarısında atışma epizodları çoxluq təşkil edir. Lakin xalqın artmaqda olan inqilabi ruhu heç bir epizodda hiss olunmur.

-Filmdə Gilan qızı Səkinənin sürəti də natamam çıxmış, onun istək, arzu və mübarizəsi öz əksini tarmamışdır. Bir sözlə, filmdəki Gilan qızı ilə romandakı Gilan qızı bir bədii surət kimi o qədər fərqlidir ki, hətta onları müqayisə etməyə dəyməz.

-Romanda təsvir edilən İran və xüsusilə Gilan əyalətinin təbii mənzərələri də filmdə öz əksini tarmamışdır. Bu cəhət özü də filmin həm məzmun, həm də bədii təsir qüvvəsinin sönük çıxmasına səbəb olan amillərdən biridir.

-Maronun uşağı qaytarma səhnəsi həm məzmun, həm də çəkiliş cəhətdən qondarma və süni çıxmışdır. Lakin körpü epizodu, buradakı yük daşıyan fəhlələrin ahəngdar hərəkəti, eləcə də cadar-cadar olmuş torpaq və həyat hiss olunmayan peysajın çəkilişi isə müvəffəqiyyətlidir.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi-Leo Mur, A.V.Vıxovski, quruluşçu rejissor-Leo Mur, quruluşçu operator-İvan Frolov, rəssam-memar A.S.Qonçarski, rejissor assistenti-Mikayıl Mikayılov.

Rollarda iştirak edirlər: Sidqi Ruhulla(Gilan partizanlarının rəhbəri Hacı Zəkidər), Lətif Səfərov(Gülgül), Ağarza Quliyev(Əli), S.A.Makuxina(Səkinə), Georgi Rarisaşvili(Kiçik xan), Əhsənullah(Əhsənullah), A.İ.Bəzirganov(hacı Mübarək), Z.D.Sıs(rəqqasə Maro), Qasım Zeynalov(hacıbəy), A.A.Qlinski(kababxana sahibi), V.M.Korolyov(tarzən həsən), M.S.Kirmanşahlı, A.Aleksandrovski.

Tofiq İLK