Rejissor Elvin Adıgözəlin “Mənim sehrli dünyam” tammetrajlı bədii filminin dünya premyerası aprelin 28-də XXV “goEast” Beynəlxalq Kino Festivalında baş tutacaq. Film, festivalın 14 filmdən ibarət əsas müsabiqə proqramına daxil olub.
E.Adıgözəlin öz ssenarisi əsasında çəkdiyi, “Ultra Production” və “Cinex Production”un birgə istehsalı olan film, rayonların birində kənd ansamblında çıxış edən, televiziyalarda gördükləri musiqili şouda iştirak etməyi arzulayan iki uşaqlıq dostu – Babək və Sahildən bəhs edir. Televiziya şousuna aparan yol onların dostluqlarını sınağa çəkir və ansamblın üzvlərinin həyatı əbədi olaraq dəyişir.
Filmdə aktyorlar Cahangir Məlikov, Kamil Nazim, Kəmalə İsrafilova, Yusif Dadaşov, Ramiq Nəsirov, Xalıq Bəkirov, Zülfiyyə Nəzir Məmmədova, Zemfira Abdülsəmədova, İlqar Dadaşov, Mahir Mirişli, İskra Tarrant, Aygül Sadıhova və digərləri çəkiliblər.
«Mənim sehrli dünyam», istehsalat dövründə “When East Meets West” kino forumunun “First Cut Lab” və “First Cut Plus” proqramlarında iştirak edib və TRT (Türkiyə) televiziya kanalının mükafatına layiq görülüb.
Filmin prodüserləri Emil Nəcəfov (Ultra production) və Mariya İbrahimova (Cinex production), co-prodüserləri Olqa Matat, Sergey Konnov və Vlad Dudkodur (Evos Film, Ukrayna).
“goEast” festivalı 23-29 aprel tarixlərində Almaniyanın Visbaden şəhərində keçirilir. Festival, əsasən, Mərkəzi və Şərqi Avropa kinofilmlərinə fokuslanır.
«Mənim sehrli dünyam», Elvin Adıgözəlın dördüncü tammetrajlı filmidir. Bundan əvvəl o, «Buqələmun», «Qaranlıqdan reportaj», «Biləsuvar» kimi uğurlu filmlərə imza atıb.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mənim sehrli dünyam” filminin sözgedən beynəlxalq festivalda iştirakına maliyyə dəstəyi verib.