Mayın 13-də “Azərbaycan” CineMastercard kinoteatrında Xalq yazıçısı, dramaturq Maqsud İbrahimbəyovun 90 illik yubileyi münasibətilə, onun “Ondan yaxşı qardaş yox idi” əsəri əsasında rejissor Murad İbrahimbəyovun eyniadlı filminin nümayişi baş tutub.
Tədbirin moderatoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev qonaqları salamladı və səhnəyə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevi dəvət etdi. M.İbrahimbəyovla bağlı xatirələrini bölüşən yazıçı, öz həmkarının Azərbaycan ədəbiyyatına və dramaturgiyasına verdiyi töhfələri qeyd etdi.


Daha sonra, sözügedən filmin rejissoru Murad İbrahimbəyov çıxış edərək, filmin yaradıcı heyətini səhnəyə dəvət etdi. Filmdə rol almış, Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, filmdə və ümumiyyətlə, İbrahimbəyovlar nəslinin yaradıcılığında iştirakından söhbət açdı.


Filmdə iştirak edən, Əməkdar artistlər Şəlalə Şahvələdqızı və Nazir Rüstəmov filmin çəkiliş prosesi haqqında yadda qalan maraqlı faktları tamaşaçılara nəql etdilər.
Qeyd edək ki, “Ondan yaxşı qardaş yox idi” bədii filmi 2010-cu ildə ekranlaşdırılıb və Azərbaycan, Rusiya və Bolqarıstanın müştərək istehsalıdır. Filmdə Nino Ninidze, Sergey Puskepalis, Yevgeni Sıqanov, Timur Bədəlbəyli, Mikayıl Mikayılov, Hacı İsmayılov və başqaları çəkiliblər.
aki.az