“Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb.

Rüblük informasiya bülletenin bu nömrəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının 2022-ci ilin iyul, avqust, sentyabr aylarında gördüyü işlərin hesabatı, eyni zamanda ölkəmizdə kinoyla bağlı görülən işlər yer alıb.

Qeyd edək ki, Azərbaycanda gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, eyni zamanda əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülleten bu dəfəki sayında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin müsahibəsi yer alıb. Eyni zamanda çəkiliş meydançalarına, festivallar və müsabiqələrə, yubilyar filmlərə, yubileyi olan sənətkarlar haqqında olan məqalələrə və dünyasını dəyişmiş sənətkarların nekroloquna yer verilib.

İnformasiya bülletenində AKİ kino günü ənənəvi mükafatının qalibləri, “Cənubda kino günləri”, “Kino istehsalı A-dan Z-yə” layihəsinin Şəki mərhələsi, “Mən qadınam” qısametrajlı ssenari müsabiqəsi, “Polşa kino günləri” haqqında məlumat da yer alıb.

Kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ideyası və təşəbbüsü ilə çap edilir. Əsas məqsəd İttifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir.

aki.az