Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının 2023-cü ildə icra etdiyi işlərin hesabatının yer aldığı rüblük informasiya bülleteninin bu nömrəsində, eyni zamanda, ölkəmizdə kino sahəsində görülən işlər də yer alıb.

Azərbaycanda gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülletenin bu dəfəki sayında çəkiliş meydançalarına, festivallar və müsabiqələrə, yubilyar filmlərə, yubileyi olan sənətkarlar haqqında olan məqalələrə və dünyasını dəyişmiş sənətkarların nekroloquna yer verilib.

Rüblük informasiya bülletenində Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbinin ikinci buraxılışının məzunlarına Xalq yazıçısı Rüstəm İbrahimbəyovun doğum günündə diplomların təqdim edilməsi, Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə AKİ-nin təşkil etdiyi ilk nümayişdə tamaşaçılara “Gün keçdi” bədii filminin təqdim olunması, Azərbaycanın siyasi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda baş tutan kino forumu və forumda AKİ sədri Rasim Balayevin çıxışı yer alıb.

Bundan başqa, sənətşünas və pedaqoq Nadir Bədəlovun Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə ərsəyə gələn, “Kino gözlə söz arasında” kitabının təqdimatından, operator, Əməkdar incəsənət xadimi Rafiq Quliyevin uzun illərin təcrübəsindən bəhrələnərək yazdığı “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” adlı dərsliyindən, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə yaradılan actorsagency.az  saytından da bəhs olunub.

İnformasiya bülletenində Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinorejissor Ziya Şıxlinskinin çəkdiyi “Qazax xalçaları” sənədli filminə kiçik qrant ayrılmasından, eləcə də gənc rejissor Ələmdar Faiqin “Qara pişik, ağ şanı” sənədli filminə kiçik maliyyə dəstəyi verilməsi də qeyd olunub.

Qeyd edək ki, əsas məqsəd İttifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarət olan, kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılmış, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin məsləhətilə çap edilir. Bülletenin nəşrə məsulu, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, ssenarist, prodüser Əli İsa Cabbarovdur. “Rakurs” rüblük bülleteninin tərtibatçısı N. Əbdülrəhmanlı, redaktoru S.Sultanovadır.

aki.az