Roelof Jan Minneboo: ``Bu master-klas deyil``
Aprelin 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə hollandiyalı ssenarist, bir sıra nüfuzlu kino festivallarının iştirakçısı və qalibi Roelof jan Minnebonun master-klası keçirilib.
Mühazirəsinə “Bu master-klas deyil” sloqanı ilə giriş edən ssenarist, tədbir iştirakçıları ilə öz şəxsi təcrübə və biliklərini paylaşıb.
Ssenarist öz yaradıcılığının kökündə iki dahi yazıçının – V.Şekspir və A.Çexovun dayandığını xüsusi vurğulayıb. Ssenari yazarkən məhz bu iki yazıçının üslubundan istifadə edən ssenaristə, yazdıqlarını təsəvvür etməyə dahi italiyalı rəssam Karavacconun rəsmləri kömək edir. Onun əsərlərini “storybord” adlandıran ssenarist, gənc yazar və rejissorlara Karavacconun rəsmlərində təsvir edilmiş işıq-kölgə, hərəkət və donmuş zaman kimi məqamlara diqqət verməyi tövsiyə edib. Bundan əlavə, o, klassik opera nümunələrinin, klassik musiqinin də onu yaradıcılığa ilhamlandırdığını qeyd edib.
Lakin, klassik incəsənət nümunələri ilə yanaşı, Roelof, dinləyicilərə, yaradıcılıq zamanı öz şəxsi təcrübələrindən, təəssüratlarından və şahid olduğu hadisələrdən bəhrələnməyi məsləhət görüb.
Ssenari yazanda 3 əsas məqama (Qəhrəman, Konflikt, Məkan) diqqət yetirməyi vurğulayan ssenarist, son illər ərzində Azərbaycanda istehsal edilmiş və ssenari həmmüəllifi olduğu “Suğra və oğulları” (rejissor: İlqar Nəcəf) və “Mərmər soyuğu” (rejissor: Asif Rüstəmov) bədii filmlərindəki təcrübələrini dinləyicilərlə bölüşüb.
Qeyd edək ki, Roelof Jan Minnebonun ssenari həmmüəllifi olduğu “Qarğıdalı adası” (2014. Rejissor: G.Ovaşvili) filmi 2015-ci ildə Karlovı Varı festivalında mükafat qazanıb. O cümlədən, yuxarıda adları çəkilən “Suğra və oğulları” filmi Busan Beynəlxalaq Film Festivalı (Cənubi Koreya), Kerala Beynəlxalq Kino Festivalında ( Hindistan), Almaniyanın Nürnberq şəhərində keçirilən Türkiyə-Almaniya Film Festivalının “Kinematoqrafiya Dünyaları” bölməsində, XIV Asiya və Sakit okean Hövzəsi ölkələri Kino Akademiyasının mükafatı uğrunda müsabiqədə “Ən yaxşı ssenari” üzrə nominant olub, Los-Ancelesdə keçirilən Cənub-Şərqi Avropa Ölkələri Film Festivalında isə münsiflər heyətinin xüsusi diplomuna layiq görülüb. “Mərmər soyuğu” filmi isə PÖFF Tallin Black Nights” festivalında, Hindistanın Qoa şəhərində keçirilən 53-cü Hindistan Beynəlxalq Film Festivalının əsas proqramında və 16-cı Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor” (Asif Rüstəmov) mükafatına layiq görülüb.
aki.az