Teymur Hacıyev: “Birgə istehsal üçün Azərbaycanda şəffaf kino istehsalı strukturu yoxdur”

Dünyanın bir çox yerlərində ideyası, ssenarisi hazır olan, lakin bunları filmə çevirməkdən ötrü büdcə tapa bilməyən rejissorlar var. Azərbaycanlı rejissorlar da bu məsələdə istisna deyillər. Azərbaycanın özündə filmini çəkməyə büdcə tapa bilməyən rejissorların üz tuta biləcəyi qurumlar bəllidir. Bəs görəsən, bu problemlə üzləşən rejissorlarımızın müraciət edə biləcəyi beynəlxalq fondlar hansılardır? Büdcə problemi olan rejissorların bu fondlardan maddi vəsait qazanmaq şansları nə qədərdir? Bəs bu vəsaiti qazanmağın şərtləri nələrdir? Bu və digər suallara rejissor və prodüser Teymur Hacıyevdən cavab öyrənməyə çalışdıq: “Əslində, mən bir söz deyim ki, ilk başlayan, müstəqil rejissorlar üçün hər hansısa bir fonda müraciət etmək çox çətindir. Çünki onların bir əsas qanunu var. Onlar sənin keçmiş işlərinə baxırlar. Qısametrajlı filmlərə, tammetrajlı varsa, tammetrajlı filmlərə baxırlar. Yəni, bu, bir az qəliz məsələdir. Ona görə də mən tövsiyyə edərdim ki, fondlara nəzər salınsın, amma əsas uğur meyarı konkret hər rejissorun öz əl işidir. Qısametrajlı filmlər üçün məsələn, Avropada Missi Massa fondu var, tammetrajlılar üçün çoxlu fondlar var. Amma adamın öz portfoliosunda, kariyerasında bəlli bir nəticələri, bəlli bir göstəriləsi filmləri olmasa, əslində o fondlara bel bağlamaq məncə, sadəcə vaxt israfıdır”.

Mütəxəssis məlum fondların debütant müəlliflər üçün uyğun olmadığını düşünsə də, müəyyən işlərə imza atmış rejissorların belə qurumlardan büdcə ala biləcəyini qeyd edir. Əlbəttə ki, fondların kriteriyalarına cavab vermək şərti ilə: “Söhbət böyük fondlardan gedirsə, məsələn, World Cinema Fund və ya fransızların fondu olan CNC və ya İsveçrənin, Norveçin, Almaniyanın böyük fondları var.  Onların çox ciddi meyarları var. Hansı layihəyə, hansısa yaradıcı insana pullar ayrılanda, təbii ki, onlar böyük riskə gedirlər. Çünki onlar real pulu hər hansısa bir kağız parçasına dəyişdirirlər. Ona görə də onlar əmin olmaq istəyirlər ki, bu yaradıcı insan, bu yaradıcı qrup sabah göstərdiyi planını, ssenarisini, tritmentini, vizaul referanslarını və.s. reallaşdıra bilsin. Və təbii ki, maraqlı bir film ərsəyə gəlsin. Subyektiv yox, obyektiv maraqlı. Yəni ki, bunun kinoteatrda göstərişləri olsun,  güclü, A kateqoriyalı, Cannes, Locarno, Berlin, Rotterdam və.s. kimi festival tarixçəsi olsun və təbii ki, bu film tarixdə qalsın. Və bu rəqabəti nəzərə alaraq, biz başa düşməliyik ki, bu layihələrə çox ciddi nəzarət olunur. Və ən əsas meyar odur ki, onlar yaradıcı adamın özünə də baxırlar. Bioqrafiyasına, kimlərlə işlədiyinə. Misal üçün xahiş edirlər ki, filmlərinizi göndərin, biz onlara baxaq”.

Bəs görəsən, filmini çəkmək üçün bu tip fondlardan vəsait alanlar arasında həmyerlilərimizin  azlıq təşkil etməsinin səbəbləri nələrdir?

“Səbəb hələ ki, bizim kinematoqrafiyamızın Avropa səviyyəsində çox zəyif olmasıdır. Bu, bizdə hələ də, inkişaf dövründədir. Misal üçün, CNC fondundan büdcə qazanan mənim tanıdığım Rüfət Həsənovun filmidir. Amma o, artıq hazır film kimi post production üçün pul almışdı. Buna baxmayaraq, bu, böyük uğurdur. Çünki ilk və tək filmdir, hər halda, mən elə bilirəm, ola bilsin yanılıram. Ümumilikdə isə bu problem zəyifliyə görə hələ ki, bu nəticələr belədir”.

Azərbaycan kinosunda xarici ölkələrlə birgə istehsal olunan filmlər də azdır. Maraqlıdır, ölkədə birgə istehsalı necə aktuallaşdırmaq olar və bu sahədə nə çatışmır?

“Ümumən “Co-production” deyilən birgə istehsal üçün  təbii ki,  ən əsası bizim şəffaf kino istehsal strukturumuz yoxdur. Yəni, mövcud deyil. Çünki hər hansısa bir birgə istehsalda adətən, ya 50-50 -yə olur, 3 ölkə olarsa, 33, 33, 33 şəklində bərabər bölünür, ya da başqa cür bölgülər olur. Buna baxmayaraq, ən əsas meyar şəffaf istehsalat sxeması və maliyyələşdirmə məsələləridir. Yəni, bunlar şəffaf və qanunvericiliyə uyğun olmalıdır. Təbii ki, bunları anlayan prodüser qüvvəsinin olması da çox vacibdir. Ssenaristlər həmişə rol oynayır, amma bu, ikinci dərəcəli məsələdir. Çünki pul olmayanda, nə qədər gözəl ssenari olsa da, ona pul tapmaq çətin olur. Ələxsus da, xaricdə. Əlbəttə, demək olmaz ki, bizdə Hollivud ssenaristləri oturublar, pul tapa bilmirlər. Bizim ssenari bazamız ənənəvi olaraq, Avropa çərçivəsində çox zəyif olub. Amma əsas məsələ bu deyil. Qanunvercilik və prodüser qüvvəsi olsa, artıq o prodüserlər ssenraistləri də ruhlandıracaqlar, lazım olsa, başqa ölkədən də ssenarilər  alınacaq və ya məsləhətçilər cəlb olunacaq. Yəni, onu bərpa etmək o qədər də ağır deyil. Lakin dövlət infrastrukturunu, maliyyə infrastrukturunu bərpa etmək qat-qat daha çətindir”.

“Ümumiyyətlə, rejissorlarımız Qərbə üz tutmalıdır mı? “ sualını Teymur Hacıyev belə şərh edir: “Kino əslində, heç yerə üz tutmamalıdır. Bu, həmişə yaradıcı insanın öz seçimidir. Kim istəyir Qərbə, kim istəyir Şərqə, kim istəyir öz ölkəsindəki daxili bazara, daxili izləyicilərə üz tuta bilər. Burada seçim yaradıcı insanın və ya yaradıcı insan qrupunun özündədir. Sadəcə biz bir şeyi bilməliyik ki, bu istiqamətin hər birinin  öz müvəffəqiyyət meyarı var. Məsələn, mən üzümü Youtube-a tuturamsa, orada mənim üçün əsas baxış sayıdır. Ondan sonra törənən reklam büdcələri, oradakı internet məşhurluğu, hansı ki, sonradan böüyüb, müəyyən nəticələrə gətirə bilər. Kinoteatra üzümü tuturamsa, bilet satışları, kassa və.s.dir. Qərbə üzümü tuturamsa, orada da məlumdur, məsələn, festivallar, oradakı kinoteatrlar, oradakı kariyera və.s. Yəni, hər insan özü öz yolunu seçir və orada ya müvəffəq olur, ya da məyus olur”.

Rejissor postmüharibə dövründə birgə istehsalın önəmini xüsusilə vurğulayır: “Xüsusilə, indiki bitmiş müharibədən sonra bizim bu məsələmiz  daha da vacibdir. Çünki məhz Qərb ölkələri tərəfindən bəzi təxribatlar olur. Orada bizim səsimiz yaxşı duyulmur. Ona görə də səsimizi düşmənin səsindən daha bərk duyura bilmək üçün mübarizə aparmalıyıq. Zənnimcə, bu, çox vacibdir. Çünki məhz mədəniyyətə dair nəticələrimiz üzrə də biz vəziyyəti öz xeyrimizə dəyişə bilərik. O mənada ki, çox zaman açıq-aşkar mesajlar göndəriləndə, açıq-aşkar propoqanda olanda, hətta buna böyük vəsait də sərf olunsa belə, nəticədə bu, puç olur və effekt vermir. Çünki Avropa intellektuallar kütləsi bu mesajları propoqanda kimi qəbul edir və onlara əhəmiyyət vermir. Amma yüksək mədəniyyət tərəfindən-hansı ki, kino ən yüksək mədəniyyətin bariz nümunəsidir, ələxsus da 21-ci əsrdə – bizim səsimiz duyulsa, yəni ki, filmlərimiz yüksək təbəqəli kuratorlarla böyük festivallarda, müsabiəqlərdə qalib gəlsə və ən yüksək tənqidçilər tərəfindən qəbul olunaraq, kino mədəniyyətimiz haqda fikirlər yürüdülsə, məhz Qərbdə bizim o kinolar vasitəsilə ilə çatdırılacaq mesajlarımız qat-qat uğurlu və qat-qat geniş yayılacaq. Məhz buna görə də hesab edirəm ki, bu, bizim üçün, bizim dövlətçiliyimiz və hazırda yürüdülən siyasətimiz üçün bu, çox vacibdir”.

Teymur Hacıyev hesab edir ki, ümumilikdə birgə istehsal kinomuzun problemlərinin həlli üçün sehirli dəyənək rolunu oynaya bilməz: “Mən deyə bilərəm ki, bu, bir panaseya deyil. Yəni, bu, hər şeyi həll edən bir dərman deyil, yox. Mən deyə bilmərəm ki, bəli, birgə istehsal başlasın, hər şey yaxşı olacaq. Yox, amma bunun o qədər ziyanı da yoxdur. Sadəcə olaraq, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, yaradıcı insanlar öz ölkəsində öz ölkəsindən dəstək alsınlar. Ələxsus da, bizim ölkələrimiz kimi hələ ki, komersiya cəhətdən zəyif olan, prokatın, kinoteatrların azlığı mövcud olan ölkələrdə. Yəni ki, biz əslində, dövlət dəstəyinə möhtacıq. Və şükür allaha, aidiyyatı qurumlar da var, sadəcə olaraq nəticə yoxdur.  Ona görə də bizim ən uğurlu nəticələrimiz bağımsız, müstəqil kinoda olub. Nəyə görə? Çünki biz- müstəqil rejissorlar öz layihələrimizi öz bildiyimiz kimi, öz istedadımıza və yaxınlarımızdakı insanlara güvənərək ərsəyə gətirmişdik. Sadəcə olaraq, bu insanlara və təzə gələn başqa cavan istedadlı insanlara münbit şərait yaradılmalıdır. Bir az azadlıq verilməlidir, bir az maliyyələşdirmədə azadlıq verilməlidir və.s və.i. Bizim millətimiz çox istedadlı millətdir. Əslində, çox maraqlı oldu. Biz həm müharibədə sübut etdi ki, bəli, biz döyüşkənik, biz bunu bacarırıq, həm də incəsənətdə də bu, belədir. Biz hər cəhətdən istedadlıyıq, bacarırıq və bacaracağıq da.  Sadəcə olaraq şərait yaradılmalıdır. İlkin şərait olsa, mən böyük nəticələr olacağından yüzdə yüz əminəm”.

İzolda Ağayeva

Müsahibənin audio versiyasını aşağıdakı linkdən dinləyə bilərsiniz:

Teymur Hacıyev: “Birgə istehsal üçün Azərbaycanda şəffaf kino istehsalı strukturu yoxdur”