Fevralın 4-də Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə “Azərbaycan” CinemaPlus-da Xalq yazıçısı, dramaturq, ssenarist Rüstəm İbrahimbəyovun xatirəsinə həsr olunmuş nümayiş tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova bildirib ki, böyük ustadın xatirəsinə həsr olunmuş bu gecədə “Urqa: sevgi ərazisi” bədii filmi nümayiş olunacaq:
“Fevralın 5-i kinomuzun nəhəng şəxsiyyətlərindən biri, Rüstəm İbrahimbəyovun doğum günüdür. R.İbrahimbəyov “Urqa: sevgi ərazisi” filminin ssenari müəlliflərindən biridir. Onun Nikita Mixalkovla uzunmüddətli, məhsuldar əməkdaşlığı olub. Bu gün həmin əməkdaşlığın nəticələrindən biri olan bu filmə baxacaqsınız. “Urqa: sevgi ərazisi” 1991-ci ildə Venesiya kinofestivalında əsas mükafata layiq görülüb, həmçinin, digər nüfuzlu festivallarda mükafatlar alıb. Nümayişdən sonra, yəqin ki, hər birinizin filmlə bağlı öz interpretasiyasınız olacaq. Amma mən istəyirəm ki, öncə səhnəyə Rüstəm müəllim və bu film haqda söz demək üçün AKİ-nin katibi, onunla bir neçə layihədə işləmiş kinorejissor Oleq Səfərəliyevi dəvət edim”.

Səhnəyə çıxan Oleq Səfərəliyev tamaşaçıları salamlayaraq bildirdi:
“Çox xoşdur ki, R.İbrahimbəyovun adı, filmi kinoteatra bu qədər insanı yığıb. R.İbrahimbəyovun bizim kinomuzda, həyatımızda xüsusi yeri var. Deyirlər, əvəzedilməz adam yoxdur. Amma böyük şəxsiyyət, böyük yaradıcı insan bizi tərk edəndə, bir müddət sonra hiss edirik ki, o yer boşdur. O yeri kimsə yaddan çıxara bilmir. Və yalnız bir yol var: onun yaradıcılığını, çəkdiyi filmləri, gördüyü işləri xatırlamaq və bugünkü kimi tədbirləri təşkil etmək. Mən bu mənada xoşbəxt adamam ki, Rüstəm müəllimlə 40 ilə yaxın tanışlığım olub. Hətta bir yerdə işləmişik, bir yerdə bizim çəkdiyimiz iki film var: “Çalışan adam” bədii televiziya filmi – I Müstəqil Dövlətlər Forumunda baş mükafat alıb. İkincisi – “Əlvida, Cənub şəhəri”dir ki, Rüstəm müəllim filmin prodüseri və ssenari müəllif olub. Mən isə quruluşçu rejissoru olmuşam. Rüstəm müəllim çöx böyük şəxsiyyət, böyük dramaturq, ssenarist idi. Onu öz həyatımızda, işlərimizdə xatırlayırıq. Bu gün baxacağınız film böyük mükafatlara layiq görülüb. Rüstəm müəllimin adı nəinki Azərbaycanda və Rusiyada, xaricdə də məşhurdur. Onun Rasim Ocaqovla birgə işləri kinomuzun Qızıl Fondundadır. Bu filmlərin kino tarixində öz yeri var. Mən düşünürəm ki, gələcəkdə bu filmər də nümayiş olunacaq. Ola bilsin, bəzi filmlər sovet dövrünə aid olduğuna görə, indi o qədər də aktual deyil, amma mənəvi, ümumbəşəri dəyərlərinə görə o filmlər həmişə baxılacaq. Həmin filmlərdə böyük və zəruri məsələlər qaldırılıb müəlliflər tərəfindən. Arzu edirəm ki, kino ilə məşğul olan gənclər də yüksək incəsənət aləmində öz sözünü desin. Sizə uğurlar arzulayıram”.

Moderator tədbirə yekun vurdu: “Mixalkov bu filmlə bağlı deyirdi ki, əgər siz çölün, təbiətin sakitliyinə, hüzuruna müdaxilə edib pozmasanız, onda ilahi enerjini hiss edəcəksiniz. Ümid edirəm ki, filmdən bu enerjini alacaqsınız və Rüstəm müəllimin ruhu bundan şad olacaq”.
Aki.az