Avqustun 6-da Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi silsilə film nümayişləri çərçivəsində “Azərbaycan” CinemaPlus-da gənc rejissorlar – Atanur Nəbiyevanın “Evsiz qalmış ay” və Leylaxanım Qənbərlinin “Babamın evi” qısametrajlı sənədli filmləri təqdim olundu.
“Nəvəmiz və evimiz” başlığı altında təqdim edilən filmlər, müəlliflərin keçmişə səyahət, cənnət axtarışı hekayəsidir.
“Babamın evi” filmində müəllif-qəhrəman babasının vəfatından sonra onun boş qalmış evini, babasının xatirəsini canladırmağa çalışır. Nəticədə o, babası ilə yenidən “tanış olur”. Bu işdə onun ən yaxın köməkçiləri nənəsi və əlahəzrət kinodur.
“Evsiz qalmış ay” filminin də qəhrəmanı müəllifin özüdür. O, uzun fasilədən sonra uşaqlığının keçdiyi dağlara qayıdır və öz izlərini axtarır.
Leylaxanım Qənbərlinin filmində nənənin öz ömür-gün yoldaşı haqqında xatirələri – sitəmi sevgidə gizlədilmiş xatirələri sayəsində “cənnət tanrısının”, əslində, illüziya olduğunu öyrənirik. Film, vizual baxımdan ev (VHS) videosu tərzində həll olunub.
Atanur Nəbiyevanın film-essesi xatirə və reallığın sintezidir. Xiffəti çəkilən cənnətdə – müəllifin uşaqlığını keçirdiyi Avey dağında (Qazax rayonu) indi daş karxanası qurulub. Dağ, insan əliylə hər gün ovulur və yavaş-yavaş yuxuların, xatirələrin sakininə çevrilir. Müəllif yuxu, xatirə və reallığı bir-birilə düyünləyərək həm cənnətini diriltməyə, həm vacib ekoloji problemə diqqət çəkməyə çalışır.
Nümayişdən sonra ənənəvi olaraq müəlliflərin iştirakı ilə filmlərin müzakirəsi baş tutdu. Tamaşaçılar filmlərin istehsal prosesi, müəlliflərin iş texnikası barədə suallar verdilər, sənədli kino ssenarisi, sənədli kinoda təsvir həlli, büdcə azlığının filmin estetikasına təsiri haqda fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, hər iki film müstəqil işdir və “Çayxana” media platformasının dəstəyilə ərsəyə gəlib (prodüser Durna Səfərova).
aki.az