Noyabrın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqının kinozalında tanınmış kinorejissor və ssenarist Yavər Rzayevin 70 illik yubileyi qeyd olunub.
Tədbiri giriş sözü ilə açan kinotənqidçi və moderator Sevda Sultanova yubiley münasibətilə rejissorun 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində çəkdiyi üç sənədli filmin – “Haray”, “Axırıncı addım” və “Fövqəldünya”nın nümayiş etdiriləcəyini bildirib.






Daha sonra söz Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Şəfiqə Məmmədovaya verilib. Qonaqları səmimi salamlayan Şəfiqə Məmmədova Yavər Rzayevi 70 illik yubileyi münasibətilə təbrik edib: “Yavər, səni təbrik edirəm, yaradıcılıq uğurları arzulayıram. Yaşa, yarat! Kinematoqrafçılar İttifaqı adından sənə pul mükafatı təqdim etmişik. Gələcəkdə daha böyük mükafatlara layiq görülməyini arzulayıram.”
Bildirmək istəyirəm ki, bundan sonra da Kinematoqrafçılar İttifaqında yaradıcı tədbirlər davam edəcək. Bu tədbirləri daha fəal və intensiv keçirməyi planlaşdırırıq. Ona görə də hər birinizin üzünə Kinematoqrafçılar İttifaqının qapısı həmişə açıqdır”.
Daha sonra yubilyar qonaqları salamlayaraq, tədbirdə iştirak etdikləri və onu tək qoymadıqları üçün hər birinə təşəkkürünü bildirib.Filmlərin nümayişindən sonra yaradıcı müzakirələr çay süfrəsi arxasında davam etdirilib. Tədbirdə tanınmış kinematoqrafçılar, Kino Agentliyinin və “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi, eləcə də gənc rejissorlar, ssenaristlər və kinotənqidçilər iştirak ediblər.
Qeyd edək ki, təsvir dramaturgiyası üzərində qurulan “Haray” filmi qoca sazbəndin həyat hekayəsindən bəhs edir. Unikal sənədli kadrları, maraqlı forma axtarışları ilə seçilən “Axırıncı addım” və “Fövqəldünya” filmlərində isə müasir dövrümüzdə də aktuallığını qoruyan sosial problemlər araşdırılır.

