Azərbaycan Kinematoqrafçılar İttifaqı Vətən müharibəsinin ildönümü və Zəfər Günü münasibətilə “Müharibə və insan” adlı silsilə film nümayişləri təşkil edib. 15 oktyabr – 6 noyabr tarixlərində davam edən proqram çərçivəsində dünya kinosunun klassik nümunələri ilə yanaşı, Azərbaycan kinematoqrafçılarının müharibə mövzusuna həsr olunmuş bədii və sənədli filmləri də tamaşaçılara təqdim olunub.
Proqram çərçivəsində 15 oktyabrda Aleksey Germanın “İyirmi müharibəsiz gün”, 22 oktyabrda Elem Klimovun “Gəl və gör” tammetrajlı bədii filmləri nümayiş etdirilib. Hər iki ekran əsəri müharibənin dəhşətlərini, insan psixologiyasında buraxdığı dərin izləri və fərdi talelər üzərindən onun faciəvi mahiyyətini əks etdirən dünya kinosunun mühüm nümunələrindəndir. 29 oktyabrda Elmar Bayramovun “Nəfəs” və Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii filmləri tamaşaçılara təqdim olunub. Silsilə nümayişlər 6 noyabrda Pərviz Həsənovun “Uşaqlıq fotosu” qısametrajlı sənədli filmi və Şirin Əhmədovun “Qütb ulduzu” qısametrajlı bədii filminin nümayişi ilə yekunlaşıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi bu nümayişlər kino vasitəsilə tarixi yaddaşın qorunmasına, müharibənin humanitar nəticələri haqqında düşüncələrin formalaşmasına və fərqli dövrlərdə, müxtəlif coğrafiyalarda yaşanmış insan faciələri arasında mənəvi bağların qurulmasına xidmət edib.

