Noyabrın 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında “Sisyphe” kinoklubunun növbəti film müzakirəsi keçirildi. Kinoklubun üzvləri Ridli Skottun 1979-cu ildə ekranlaşdırdığı “Yadplanetli” bədii filmi ilə bağlı fikir mübadiləsi apardılar.
Müzakirə filmin elmi fantastika ilə qorxu janrını birləşdirən ekran əsərləri arasında tutduğu yerlə başladı. İştirakçılar “Yadplanetli”nin yad mənşəli canlılar haqqında sonradan çəkilən filmlərə təsirindən və ekran əsərində qorxu atmosferinin necə yaradılması haqda danışdılar. Qeyd olundu ki, filmdə səhnələrin əksəriyyətinin zəif işıqlandırılması sayəsində qaranlıq qorxusu gücləndirilir və kosmik gəminin dar dəhlizləri qapalı məkan hissini artırır.
Filmin konsept üzrə rəssamı Hans Rudi Gigerin vizual həllərinin filmin özünəməxsus atmosferinin formalaşmasında mühüm rol oynadığı vurğulandı. Rəssamın yadplanetli canlının yumurta mərhələsindən yetkin formasına qədər keçirdiyi dəyişikliklər üçün hazırladığı vizual həllər, filmin bədii dilini müəyyənləşdirən əsas elementlərdən biri kimi qiymətləndirildi.

İştirakçılar filmin gərginliyi sonadək qoruduğunu, bununla belə, gözlədikləri qədər dəhşətli olmadığını qeyd etdilərvə bu təəssürat yadplanetli canlının ekranda nadir hallarda tam görünməsi ilə əlaqələndirildi. Canlı gah qısa müddətə kadra daxil olur, gah da qaranlıqda peyda olur. İştirakçılar bu təqdimat tərzini dövrün məhdud texniki imkanları ilə də əlaqələndirdilər. Onların fikrincə, canlının kadrlarda qismən görünməsi obrazın inandırıcılığını qoruyur.
Müzakirədə “Yadplanetli” filmindəki kosmik gəminin vizual tərtibatının öz dövrü üçün nümunəvi olduğu qeyd edildi və bu tərtibat Stenli Kubrikin “Kosmik Odisseya” filmindəki yanaşma ilə müqayisə olundu. İştirakçılar filmdə hadisələrin sanki yuxu ilə gerçəklik arasında cərəyan etməsindən də danışdılar. Filmin əvvəlində heyət üzvləri yuxudan oyanır, finalda isə baş qəhrəman yenidən yuxuya getməyə hazırlaşır. Başlanğıcla final arasındakı bu uyğunluğun Andrey Tarkovskinin “Solyaris” filminin atmosferini xatırlatdığı bildirildi.
Görüşün sonunda janrın yeni nümunələrinə də nəzər salındı. Fil Lord və Kristofer Millerin 2026-cı ildə çəkdiyi “Dünyanın sonu layihəsi” filmi ilə “Yadplanetli” arasında konseptual oxşarlıqlardan danışıldı. Xüsusilə, yeni filmdə yadplanetli canlının ənənəvi canavar obrazından fərqli şəkildə təqdim olunması diqqət çəkdi.
Qeyd edək ki, kino müzakirələri Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə keçirilir. Görüşlərin kuratoru isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ssenari ixtisası üzrə 4-cü kurs tələbəsi Məryəm Yüzbaşevadır.

