Azərbaycan Respublikası Nazirlər Kabinetinin 38-ci qərarla bağlı icra etdiyi dəyişiklik kino ictimaiyyətinin rəğbətinə səbəb olub. Qərar bu sahədə mövcud problemlərin həllində ciddi addımdır.
Bildiyimiz kimi, bu problemlə bağlı AKİ sədri, Xalq artisti Rasim Balayev Baş nazir Əli Əsədova müraciət etmişdi.
AKİ sədrinin məktubunda deyilirdi:
“1997-ci ildən sonra minimal əməkhaqqı dəfələrlə artıb, hətta 2006-cı ildən ölkəmiz uğurla yeni manata keçib, işçi əməyinin keyfiyyəti və dəyəri yüksəlib. Qeyd edim ki, adıçəkilən qərardan 27 il keçməsi səbəbindən kino sahəsində yeni peşələr də əmələ gəlib ki, onların qonorarlarının məbləğini bu qərar ehtiva etmir. 2023-cü ildə Palatanın apardığı yoxlamanın nəticələri AR prokurorluğuna göndərilib. Prokurorluq orqanları da aparılan yoxlamaya əsasən qonorarların 1997-ci ildə qəbul edilmiş qərara əsasən verilməməsini, məbləğindən asılı olaraq artıq sərfiyyat və ya mənimsəmə kimi şərh edir. Qeyd edim ki, iki ildir dövlət tərəfindən maliyyə ayrılmasına baxmayaraq, dövlət sifarişi ilə film çəkilişləri dayandırılıb.
1997-ci ildə qəbul edilən qərara çəkiliş heyətinin məvaciblərinin miqdarı da daxildir və qərarın tarixini nəzərə alsaq, oradakı məbləğlərin indi qəbul edilmiş minimal əməkhaqqından az olması heç də qəribə deyil. Bu hal da istehsalı reallaşdıran studiyaları, Əmək Məcəlləsini pozmamağa, amma, 38 nömrəli qərarın bəndini pozmağa məcbur edir və nəticə olaraq Hesablama Palatası iradlarını bildirir. Xahiş edirəm, adıçəkilən qərarın dövlət sifarişi ilə film istehsalının bərpa olunmasına ciddi maneə yaratması səbəbindən aidiyyəti şöbələrə qərarın zamanın tələblərinə uyğunlaşdırılması göstərişini verəsiniz”.
2025-ci il 10 yanvar tarixdə Baş nazir adıçəkilən məsələ ilə bağlı səs-küylü qərara dəyişikliklər etdi. Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 38 nömrəli Qərarına 10 nömrəli əlavə – “Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları” Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib. Yeni redaksiyaya əsasən, kino istehsalı ilə bağlı müəlliflərə ödənilən qonorarın yüksək hədd məhdudiyyəti ləğv edilib.
AKİ sədri R.Balayev bununla bağlı bildirib: “Qərarın qəbul edilməsi bizi sevindirdi. Baş nazir Əli müəllim mənim müraciətimdən sonra məni qəbul etdi, mən bu problemi şəxsən özünə ətraflı danışmaq imkanım oldu. Mən ona həm qəbul üçün, həm də qərarla bağlı təşəkkürümü bildirirəm. Əminəm ki, kinematoqrafçılarımızın birgə səyləri həmişə fayda verəcək. AKİ sədri olaraq hökumətimiz qarşısında kinematoqrafçılarımızın problemlərini səsləndirmək, problemlərin həllinə dəstək olmaq bizim əsas missiyamızdır. Hökumətimizin də bizim müraciətlərimizə reaksiya verəcəyinə əminəm. Necə ki, müəllif qonorarları ilə bağlı müraciətimiz öz həllini tapdı”.
Qeyd edək ki, 38-ci qərarın günün tələblərinə uyğunlaşdırılması Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin 27.09.2024-cü il tarixli bəyanatında da tələb olunurdu.
aki.az