Oktyabrın 17-də Azərbaycan Kinematoqrafçılar İttifaqında tələbə filmlərinin nümayişi baş tutub. Nümayişdə Elmar Fərzəlinin “Hökm”, Əhməd Əhmədovun “Anlaşılmayan” və Vüsal Əsgərovun “İmtahan” filmləri təqdim olundu. Tədbiri giriş sözü ilə açan kinotənqidçi, moderator Sevda Sultanova bildirdi ki, AKİ ayda bir dəfə tələbə filmlərinin nümayişini nəzərdə tutur:
“Bəzən soruşurlar ki, yaxşı filmlərdir? Biz yaxşı və zəif film seçimini etmirik. Məqsədimiz, tələbələri diqqətdə saxlamaq, onlara motivasiya vermək, ünsiyyət qurmaq, istəklərini bilmək, gələcək potensialımıza nəzər salmaq və müzakirə etməkdir. Xüsusən də yaradıcı müzakirə. İndi baxacağınız filmlərin müəllifləri artıq bu il məzun olublar. Bu gün tədbirimizdə Xalq artisti Məmməd Səfa müəllim də iştirak edir. Məmməd Səfa müəllim tələbə filmlərinə tez-tez çəkilir və onlara dəstək olur. Həmçinin, Fərhad İsrafilov, Elşən Rüstəmov, Gülzar Qurbanova, Sabir Məmmədov və digərləri tələbə işlərində təmənnasız çəkilirlər, buna görə onlara minnətdarıq”.
Xalq artisti Məmməd Səfa tələbələri, filmləri münasibəti ilə təbrik etdi:
“Mən tələbələrə çox inanıram. Hər semestrdə tələbələrin işləri nümayiş etdirilir. Oktay Mir-Qasımın bir tələbəsi istisna olmaqla, onun kursunun bütün tələbələrinin filmlərinə çəkildim. Şəkiyə qədər belə getmişik. Şəkidə Şirin Əhmədovun filminə çəkiləndə mənim üçün hoteldə yer tutmuşdular. İmtina etdim, onlarla birlikdə qaldım. Təşkilati iş yüksək səviyyədə idi. Aktyor üçün fərqi yoxdur ki, tələbənin işinə çəkilir, yoxsa peşəkarın. Bütün hallarda aktyorun üzərinə yük düşür ki, vicdanla iş görsün. Biz müəllimlərimizdən elə görmüşük. Tələbədən qonorar gözləmək ayıbdır. Tələbələrə qayğı ilə yanaşmalıyıq. Mən onlara inanıram. İnanıram ki, böyük işlər görəcəklər”.

Filmlərin nümayişindən sonra qızğın müzakirə başladı. Moderator, müəlliflərə “Mövzunu necə seçirsiniz və tələbə film çəkərkən mövzu seçimində, çəkiliş üslubunda nə qədər sərbəstdir, müəllim müdaxiləsi olurmu?” sualını ünvanladı.
Elmar Fərzəli onu narahat edən mövzuları çəkdiyini dedi:
“Bir rejissor dostum deyir ki, səni narahat edən mövzuları çək. Bir də görürsünüz ki, hansısa hadisə baş verir, mənə təsir edir, ssenarini yazıb çəkirəm. “Hökm”ün ssenarisini isə oxuduğum bir kitabdan ilhamlanaraq yazdım. Orada uşaqla dostu arasında seçim məsələsi məni düşündürdü və onun üzərində belə bir ssenari yazdım. Bədii rəhbərim Şərif Qurbanəliyev olub. Ssenarini yazanda hiss edirdim ki, boşluqlar çoxdur. Onunla məsləhətləşirdim və Şərif müəllimlə dərsdənkənar ssenarini işləyirdik”.
Əhməd Əhmədov film üzərində işləyərkən müəllim müdaxiləsi olmadığını dedi:
“Yaxşı olardı ki, müəllim tərəfindən heç bir müdaxilə olmasın. Amma “Anlaşılmayan” sırf tələbə işidir, necə düşünmüşəm, elə də çəkmişəm. Bu filmdə Fransua Trüffonun “400 zərbə” filminə istinad var. Mənə Trüffo daha doğma, yaxın gəlir, nəinki, Bertoluççi və Qay Riçi. Bizdə ailəni müqəddəs kimi qəbul edirlər. Məni bu mənada narahat edən mövzudan çəkmişəm”.
Vüsal Əsgərov sualı belə ccavablandırdı:
“İmtahan” sözsüz filmdir. Müəllimim Yusif Quliyev deyir ki, kinoda əsas məsələ sözsüz, uyğun ifadə vasitələri ilə nəyisə çatdırmaqdır. Ona görə sözsüz hekayə seçdim. Aktual mövzudur. Uşaq ali məktəbə qəbul ola bilməyəndə, bəzi valideynlər zorakılıq göstərir ki, “qonşu nə deyər, hazırlığa bu qədər pul vermişəm”. Şəms adlı qız intihar etmişdi. Atası demişdi ki, sənin yerinə olsam intihar edərdim. Ola bilər, valideyn qəzəbli olub deyib. Ailədə uşaq önəmli olmalıdır, nəinki onun ali məktəbə daxil olub-olmamağı. Mən özüm 10 il sonra daxil olmuşam, amma ailəmdə belə münasibətlə qarşılaşmamışam”.
Tamaşaçılardan birinin “niyə filmlərdə ata kobud, qaba göstərilir” sualının cavabında Vüsal Əsgərov qeyd etdi ki, o, bununla da şiddətin ən yüksək həddini göstərmək istəyib.

Digər tamaşaçı, filmlərdə peşəkar məqamlara toxunmayacağını dedi: “Rəng korreksiyası, kompozisiya məsələlərində problemlər vardı, aydındır ki, tələbə işləridir. Niyə “Anlaşılmayan” filmində yunan mifologiyasının motivlərindən istifadə olunub və niyə bizim mifologiyaya müraciət olunmayıb?”
Əhməd Əhmədov hər kəsin öz gözünün, baxışının olduğunu vurğuladı:
“Yaradıcı yanaşmalar fərqlidir və hər kəs fərqli görür. Bu, irad kimi tutula bilməz. Yunan mifologiyası dünya kinosunda istifadə olunur. Mənə yaxın olduğu üçün ondan istifadə etmişəm”.
Elmar Fərzəli filminin ənənəvi təhkiyə və həllərlə çəkilməsini belə əsaslandırdı: “Riskim daha çox idi. Çünki maşınımı satıb, filmi çəkirdim. Çalışırdım ki, səhvlər etməyim və çəkilişlərə diqqətlə hazırlamışdıq”.
“Anlaşılmayan” filminin operatoru İlkin Məmmədli kino tədrisi ilə bağlı bəzi problemlərə toxundu:
“Operator tələbələrin işlərinə rastıma çıxdıqca baxıram. Bilmirəm, uşaqların dərsə yanaşmasındandır, ya nədən, operatorluğa həvəsləri yoxdur. Sanki operator sənətinə dırnaqarası baxırlar. Yəni üç foto çəkməklə operator olmur. Mən Rafiq Quliyevin tələbəsi olduğum üçün çox şanslıyam. Rafiq müəllim bizə sərt qayda qoymurdu ki siz pavilyonda işləməlisiniz. Biz pavilyona gəlirdik, işıqları qururduq, işləyirdik. Universitetdə əsas problem texnikadır. Rafiq müəllim öz işıq avadanlıqlarını gətirmişdi, biz onlarla işləyirdik. Sonra universitetə yeni texnika gəldi, onların lampaları həssasdır, tez bir zamanda sıradan çıxır. Tələbəyə baha başa gəlir, 150-200 manatadır qiyməti. Partlayanda tələbə ödəməlidir”.
Elmar Fərzəli bildirdi ki, bəzi müəllimlər tələbə-operatorlardan sırf onun işlərini istəyir. Yəni tələbə operator rejissor tələbə ilə işləsin, özünü orada göstərməsin. Özü rejissor-operator olsun. Yəni ssenarini də yazsın, rejissorluq da etsin”.
İlkin Məmmədli dedi ki, bütün operatorların belə iddiası yoxdur: “İncəsənəti bitirmiş tələbə operator olaraq deyirəm. Dördüncü kursda oxuyanda bir tələbə rejissor yaxınlaşdı mənə. Film çəkmək istədiyini dedi. Sual verdim ki, hansı tərzdə olacaq, cavabı bilmədi. Bunu bilməyən rejissorla işləmək istəmirəm. Rafiq müəllim deyirdi ki, müəllif operator olmaq istəyirsənsə, özün qur, özün çək”.

Rejissor, prodüser Türkan Hüseyn bildirdi ki, tələbə işlərində müəlliflərin narahatlıqlarını sənətlə ifadə etmək istəmələri müsbətdir: “Anlaşılmayan” filmində kadrlar da, operator işi də maraqlı idi. Bircə əskik olan səs dizaynı idi. Bizdə nəinki tələbə işlərində, professional film çəkilişlərində də səsdə qüsurlar var. Səs deyəndə çoxu ancaq musiqi səslənməsini başa düşür. Atmosfer, ətraf səslər kimi məsələləri gözdən qaçırırlar. Tələbələrin indidən cəsarətlə istədikləri mövzuda film çəkmələri ona görə yaxşıdır ki, müəyyən müddətdən sonra bu təcrübə ilə başqa mövzulara keçid edə biləcəklər”.
aki.az

