Mayın 5-də Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dünya məktəbində “DokuToor-2” sənədli film nümayişi proqramının növbəti nümayişi keçirildi.
DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Gənc Film İstehsalçıları Assosiasiyası, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə baş tutan proqram çərçivəsində məktəblilərə “Ada” (rej.Mahmut Taş; Türkiyə), “Çox yavaş” (rej.Karlis Andzs; Böyük Britaniya) və “Balerinlər kəndi” (rej.Fatih Diren; Türkiyə) qısametrajlı sənədli filmləri təqdim olundu.



“Ada” filmi uzun müddət quraqlıqdan əziyyət çəkən kəndin problemlərini ən balaca sakini və adaşı Ada vasitəsilə danışır. Böyük Britaniya istehsalı olan “Çox yavaş” isə zaman və həyat elementlərini təbiətin ruhu, canlı dünya və insan yaddaşı ilə müqayisə edən eksperimental filmdir. “Balerinlər” kəndi filmi Türkiyənin Çorum vilayətinin kəndindən çıxan balerinlər nəslinin hekayəsidir. Rejissor qəhrəmanlarının hekayəsi ilə həm də kəndin sosial problemlərinə işıq salır.
Nümayişdən sonra kinotənqidçi Aygün Aslanlının moderatorluğu ilə hər üç filmin müzakirəsi oldu. Tədbirin kiçik tamaşaçıları filmlər haqqında maraqlı fikirlər səsləndirdilər, suallar verdilər.
aki.az

