Mayın 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor Saida Haqverdiyevanın “Qırxdan sonra…” qısametrajlı bədii filminin nümayişi baş tutdu. Bu tədbirlə AKİ, məxsusi olaraq, qadın kinematoqrafçıları və qadın tamaşaçılar üçün nəzərdə tutulan yeni film nümayişi və müzakirəsi platformasının açılışını etdi. Tədbirdə sənətşünaslar, teatr və kino xadimləri, media nümayəndələri, həmçinin cəmiyyətin fərqli sahələrində çalışan qadınlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova “Qırxdan sonra…” filmi haqda qısa məlumat verdi.

Sonra söz, filmin rejissoru və ssenari müəlliflərindən biri Saida Haqverdiyevaya verildi. Müəllif çıxışında qadınların yaşantılarına, daxili dünyasına nəzər salan filmlərə ehtiyac olduğunu və bu silsiləni davam etdirəcəyini bildirdi:
“Bu filmin ideyasının yaranmasının səbəbkarı aktrisa Zümrüd Qasımovadır. Adi günlərdən biri idi, söhbətləşirdik, Zümrüd özünü divara dayayıb, narazı şəkildə nəsə danışırdı. Onun maraqlı danışıq tərzi, jestləri, mimikləri bizi bu filmi çəkməyə vadar etdi. Filmi bir günə, hətta 6 saata çəkmişik. Filmdə rol alan aktrisalar Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva qonorarsız çəkiliblər, buna görə onlara minnətdaram”.
Nümayişdən sonra sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə fikirlərini bölüşdü: “Bugün “Pillə 4” adlı Tələbə Tamaşaları Festivalının sonuncu günü idi. Çox yorğun-arğın gəldim. Yaxşı ki gəldim və gəldiyimə sevindim. Filmdə 40 yaşlı qadının, həm də aktrisanın çırpıntılarını gördüm. Dialoqları Saida xanım o qədər dəqiq yazmışdı ki, hər aktrisa üçün doğma səslənə bilər. Və bu dialoqların içində dəqiq yaşantılar gördük. Zümrüd xanım və Gülçöhrə xanımın ifaları canlı idi. Sevinirəm ki, “Yuğ” teatrının aktrisası Zümrüd xanımın istedadı teatr çərçivəsində qalmır. Gülçöhrə xanım da yerində tapılıb, tandem əla alınıb. Hər iki aktrisa hekayəni hisləri ilə doldurdular, dialoqları vizuallaşdırdılar. Qısametajlı film çəkmək çətindir. Bu filmdə teatr, kino sahəsinin pərdə arxasında olan problemlərini gördük. Qırx yaşlı qadının gənc qalmaq istəyi, iztirabları, xüsusən, hamamda ağlamaq səhnəsi təsirli idi. Zümrüdün qəhrəmanı evə gəlir və süni şeylərdən xilas olur, gözümüzün qarşısında qrimsiz, bər-bəzəksiz, təbii, daxili gücü olan qadın canlanır. Gülçöhrə xanımın qəhrəmanının isə artıq həyat ehtirasları sönüb. Amma Zümrüd xanımın qəhrəmanı onda da haradasa həyat eşqini oyatmağa nail oldu. Nə yaxşı ki, final ümidlə doludur. Filmdə aktrisaların daxilən nələr yaşadığını gördük, hekayəyə şərik olduq və qadının necə mürəkkəb varlıq olduğunu Saida xanım dəqiq göstərib. Arzu edirəm ki, bu tipli filmlər çox çəkilsin”.
Aktrisa Gülçöhrə Abdullayeva isə filmin çəkilişlərindən danışdı: “Film çəkiləndə Saida xanımın dişi möhkəm ağırıyrdı. Amma buna baxmayaraq, o, əzmlə işlədi, şikayət etmədi. Mən bəzən bu filmi zarafatla “Diş ağrısı” adlandırıram. Sevinirəm ki, bizim problemlərimizi əks etdirən maraqlı bir filmdə çəkilmişəm”.
Tibb üzrə fəlsəfə doktoru onkoloq – mamoloq Afət Cabbarova filmin onu çox duyğulandırdığını dedi:
“Yaşı qırxı keçmiş qadınların bir çox yükü daşıması, həyatı qəbul etməsi, seçimlərini sorğulaması, illərin gətirdiyi problemlərlə üzləşməsi filmdə aydın çatdırılır. Amma eyni anda içindəki qığılcımı sönməyə qoymur, qəhrəman əzab çəksə də, hönkürüb ağlasa da rəqsi ilə özünü dirçəldir. Yaşı qırxı keçmiş qadın kimi filmdə səhnələşdirilən anların hamısını yaşamışam. Bu səbəbdən film çox doğmadır. Qəhrəman ağlamaqdan bezib deyə oynayırmı, ya özündən qaçmaq üçünmü? Ya da biraz daha müdrikləşdiyi üçün? Niyə ağlayır? Toylara gedib pul qazanmaq ağlına gəlsə də, seçimi o olmur. Ola bilərmi? Olacaqmı? Bu sualları saatlarla müzakirə edə bilərəm. Və bizim reallıqda bu film qadının qadın harayını – ana yox, övlad yox, həyat yoldaşı yox, məhz qadın harayını çatdırmağı bacardı. Hətta bu mövzunun daha da genişlənməsini istərdim. Fikrimcə, qadınların hər gün göstərdiyi mübarizəni cəmiyyət bilməli və eşitməlidir”…
Daha sonra, animasiya rejissoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, AKİ-nin İdarə Heyətinin üzvü Firəngiz Qurbanova, caz ifaçısı Tünzalə Qəhrəman da ekran əsəri barədə təəssüratlarını bölüşərək, yaradıcı heyəti təbrik etdilər.
Tragikomediya janrında çəkilən “Qırxdan sonra…” filmi yaşı qırxı keçmiş, ailə-məişət qayğıları və peşəkar həyatda özgələşmə problemi ilə üzləşən iki aktrisanın həyatından bəhs edir. Əsas qəhrəmanlardan biri illər əvvəl teatrdan uzaqlaşsa da, digəri sənətdə qalmaq, yenidən səhnəyə, ekrana qayıtmaq və özünü təsdiqləmək, parlaq keçmişini qaytarmaq uğrunda mübarizə aparır. O, zaman keçdikcə kinoda və teatrda ona olan tələbatın azaldığını hiss etsə də, bu reallıqla barışmaq istəmir.

“RS Production”un istehsalı olan filmin ssenari müəllifləri Saida Haqverdiyeva və Sevda Sultanova, operatoru Şahmar Səfəroğludur. Rolları Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər. Layihənin prodüserləri Kəmalə Nəhmətova və Saida Haqverdiyeva, montaj rejissoru Əli Xiləli, ikinci operatoru Sahib Mikayılov, səs rejissoru Mehman Nadirov, səs operatoru Aslan Əlibəyov, redaktoru isə Həmidə Rüstəmovadır.
aki.az

