Mayın 4-də Azərbaycan Kinematoqrafçılar İttifaqında AKİ-nin İdarə Heyətinin katibləri, rejissor və prodüserlər Türkan Hüseyn və Tahir Tahiroviçin və rejissor Fariz Əhmədovun iştirakilə “Sənədli film: Kino və televiziya arasında” başlığı altında müzakirə baş tutdu. Kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə keçirilən tədbirdə ilk sual müasir dövrdə sənədli kinonun nələri qazandığı və itirdiyi ilə bağlı oldu.
Fariz Əhmədov bildirdi ki, onun tələbə olduğu dövrdə, 2000-ci illərin əvvəlində daha yaxşı mühit vardı:

“Ola bilsin ki, Mədəniyyət nazirliyinin güclü dəstəyi yox idi, amma AZTV-nin nəzdində “Azərbaycantelefilm” vardı. Gənclərin maraqlı sənədli filmləri çıxırdı. Eyni zamanda, “Lider” telekanalnda operator Rafiq Quliyevin rəhbərliyi ilə “Azərbaycan” redaksiyası, “Azərbaycanfilm” kinostudiyasnda “Salnamə”, “Yaddaş” studiyaları vardı. Az sayda çəkilsə də, maraqlı filmlər istehsal olunurdu. Təəssüflənirəm ki, televiziyalarda bu redaksiyalar nisbi qalıb. Yəni daha çox veriliş stilistikasında işlər sənədli film adı altında təqdim olunur. Artıq bu qurumların bir qisminin olmaması, digərlərinin zəifləməsi, sənədli kinonun inkişafına, intensiv istehsalına mane olur. Düzdür, indi ARKA müəyyən maliyyə dəstəyi verir, xırda dəstəklər var, bəzi filmlər müstəqil fondların hesabına çəkilir, amma yenə də ümumilikdə istehsalat azdır”.
Türkan Hüseyn bildirdi ki, o, sənədli kinoda yeni nəsli təmsil edir: “Bizim nəslin inkişafına Tbilisidə fəaliyyət göstərən Sinedoku yay məktəbi təsir göstərdi. Mən, Afaq Yusifli, Lalə Əliyeva və digərləri öz layihələrimizi orada təqdim edirdik. Bundan başqa, DokuBakuda ustad dərsləri keçirilirdi. Sənədli kinoya fotoqrafiyadan gəlmişəm. Sənədli filmlərimdə operator da, rejissor da, səs rejissoru da özüməm. Sənədli kinoya ARKA-nın dəstəyi var, müstəqil çəkən rejissorlara da. Həm də müstəqli çəkən rejissorlar ARKA-nın postprodakşn müsabiqəsində iştirak edirlər. İndi çəkilən sənədli filmlərin bir hissəsi bədii ilə sənədlinin arasındadır, onun hibrididir. Bədii kinoda büdcə çatmadığından rejissor sənədli kinoya bədii elementlər gətirir. Nəticədə maraqlı filmlər ortaya çıxır. Lalə Əliyevanın “Onlar pıçıldayır, bəzən də qışqırırlar” filmi kimi. Eynilə Leylaxanım Qənbərli də hibrid formada işləyir və bu büdcə əskikliyindən meydana çıxır. Sənədli kino ona görə bədiidən üstündür ki, daha minimal büdcə, minimal komanda ilə çəkmək mümkündür”.

Tahir Tahiroviç qeyd etdi ki, 1990-cı illərdə İncəsənət Universitetində kinorejissorluq fakültəsi açılanda, onların ilk məzunları 1996-1997-ci ildə buraxıldı:
“Biz elə güman edirdik ki, bitirəndən sonra ard-arda filmlər çəkəcəyik. Amma elə olmadı. Maliyyə məsələsi əsas səbəblərdən biri idi. Belə olduğu halda həmin nəsil televiziyaya ayaq açmağa başladı. Təbii olaraq sənədli filmlər çəkməyə başladılar. Və sənədli kino milli kino ilə televiziya arasında körpü rolunu oynadı. “Azərbaycan” redaksiyası ilə “Aztelefilm” rəqabət aparırdı. 90 faiz portret filmlər çəkilirdi. Sənədli kinoda müəllif filmləri inkişaf etməyə başladı. Bu mənada televiziyanın rolu çox oldu. Amma təəssüf ki, televiziya onları özündən uzaqlaşdırdı. Telefilmlər bağlandı. Müsbət hal odur ki, sənədli kino cavan rejissorlara qucaq açıb. Televiziyadan kənar müstəqil sənədli kino inkişaf edir. Hər dəfə AKİ-yə gələndə montaj otağında cavan uşaqların sənədli film montaj etdiyini görürəm. İndi dramaturgiyası, dramı olan sənədli filmlər çəkilir”.

Sənədli kinonun teleestetikanın girovuna çevrilməsi problemindən danışan Fariz Əhmədovun fikrincə, əsas problem rejissorun konveyr üsulu ilə işləməyə məcbur olmasıdır:
“Sənə hansısa şəxs və ya ərazi haqda sənədli film sifarişi verilirsə, ən yaxşı halda bir ay sonra efirdə olmalıdır. Başqa bir səbəb, rejissorun bacarıq və istedadı, onun filmi necə görməsidir. Bu yoxdursa, nəticədə film televiziya estetikasında istehsal olunur. Əsasən bu iki faktordur. Rejissorun imkanları daxilində deyil ki, o, daha keyfiyyətli iş görsün. Çünki montaja, çəkilişə ayrılan günlər azdır. Maliyyə resursları da. Fikirləşirsən ki, mən bunu çatdırmalıyam. Ya da materialı çəkirsən, deyirsən ki, montajda fikirləşərik. Qısa istehsalat müddəti planladığımızdan, sonra montajda düşünürük ki, necə yığaq ki, nəyəsə oxşasın. Rahat çəkəndə fikirləşməyə vaxtın olur”.
Bu fikirə razılaşan T.Tahiroviç bildirdi ki, əsas məqsəd, efiri doldurmaq olduğundan, bu, nəticəyə təsir edirdi. T.Hüseyn isə qeyd etdi ki, sənədli kinoda vizual dil problemi varsa, ilk növbədə rejissora bağlıdır, yəni rejissorun gözü varsa, film bütün hallarda keyfiyyətli alınacaq.
Rejissor Rövşən İsmayılov müxəlif dövrlərə aid xronikanın, arxiv materiallarının azlığından danışdı. T.Hüseyn arxiv materialların az olmasından əlavə, onlarn keyfiyyət tərəfini də qeyd etdi: “Arxivlər pis şəraitdə saxlanılır. VHS-də çəkilib, istifadə etmək olmur”. Sənədli kinonun təxəyyülə yox, sənədlərə əsaslanmasının vacibliyini deyən T.Tahiroviç faktların önə çıxarılmasını, filmin hisslər yox, faktın üzərində qurulmasının tərəfdarı olduğunu bildirdi.
Yazıçı Mirmehdi Ağaoğlu qonaqlara belə sual ünvanladı: “Sənədli kinoda sənədlilik məsələsi nə qədər özünü doğruldur? Çünki rejissorlar çox vaxt bədiilik əlavə edirlər. Fakta yoxsa sənət tərəflərinə fokuslanmalıdır rejissor”?

T.Hüseynin sözlərinə görə, mövzudan mövzuya yanaşma dəyişir: “Qarabağ müharibəsi haqda film xronika, fakt tələb edirsə, əsir düşmüş adamdan danışan film emosiyalara, xatirələrə fokuslanır. Amma son illər bədii və sənədli film arasında sərhədlər itir”. F.Əhmədov da bu fikrə qoşuldu: “Bəzən bilmirsən, film sənədlidir ya bədii. Bəzən də sənədli filmdə dublların çox olduğunu hiss edirsən. Sənədli kino inkişafda olan sahədir”.
Kinotənqdiçi Hacı Səfərov “Kreativ dokumentari” deyəndə ağlınızda hansı fikir yaranır?” sualını verdi. T.Tahiroviçin sözlərinə görə, qəhrəmanın görünməyən tərəfini göstərmək kreativlikdir və sənədli film “ütülənməmiş” çəkilməlidir.

T.Hüseyn isə sənədli kinoda təxəyyüldən istifadəni dəstəklədiyini vurğuladı:
“Bu əgər dramaturgiyaya bağlıdırsa, niyə də olmasın. Kreativlik rejissorun hekayəyə hakimliyindən, istedadından asılıdır. Filmdə “danışan başlardan” da istifadə oluna bilər. Bir fin filmində qəddarlıqla qətlə yetirilmiş adamların qohumları canilərlə danışırdılar, həbsxanada çəkilmişdi və danışan başlardan ibarət idi. Təsirli film idi, çünki hadisə, situasiya maraqlı idi. Sənədli kinoda daha çox imkan var hərəkət etməyə. Mən qəlibləri qəbul etmirəm”.
T.Hüseyn daha sonra sənədli kinonun başqa bir problemindən danışdı: “Qəhrəmanı danışdırmaq çətindir. Kamera yananda başqa cür danışırlar. Mənim insanları danışdırmaq üçün metodlarım budur ki, tək gedirəm, operator da özüməm. Kameranı məsafədə qururam ki, onu unutsunlar. Prodüser özüm olduğum üçün rahat çəkirəm. Təbiiliyə çatmaq bəzən alınmır. Ona görə bizdə hazırda çəkilən filmlərin çoxu ailə haqdadır. Yad adamı çəkmək çətindir, çəkilişin ortasında deyə bilər ki, çəkilmirəm”.
“Sonuncu” sənədli filminin ssenaristi Esmira Bədəlova-Məmmədova maraqlı bir detalı vurğuladı: “Bu filmi çəkəndə, rejissor Fariz Əhmədovla hər gün plana uyğun olaraq danışırdıq: “Çəkilişin dördüncü günü zəng vurdu ki, qəhrəman öldü. Biz əvvəlcə nə edəcəyimizi bilmədik, sonra fikirləşdik ki, bundan sonrakı prosesi müşahidə edək”.
“Sənədli kinoda ssenari necə olmalıdır?” sualının cavabında F.Əhmədov dedi ki, Avropa fondları maliyyə ayırmaq üçün öncə tizer istəyirlər: “Sükut içində addımlar” filmini çəkmədən əvvəl operator Daniel Quliyevlə 9 gün ərazidə olduq, müsahibələri aldıq. Ssenari halına gətirdik. Təcrübələr göstərir ki, əldə hazır ssenarinin olması yaxşıdır”.
Hacı Səfərovun etik sərhədlərlə bağlı sualının cavabında T.Hüseyn dedi ki, əsas məsələ, qəhrəmanı pis göstərməməkdir: “Sən tərəf tutmamalısan və qəhrəmanını təhlükəyə atmamalısan”.

F.Əhmədov, onun üçün daxili senzuranın mövcud olduğunu, qəhrəmanın şəxsi həyatına hara qədər müdaxilə edə biləcəyini müəyyənləşdirməyin vacibliyini söylədi.
Rejissor Elcan Məmmədov, sənədli filmin uğurunun əsas səbəbini operatorla rejissorun tandem olmasında gördüyünü dedi: “Bu, baş verməyəndə, operator hadisəni rejissor kimi yaşamayanda problem ortaya çıxır. Ssenari çox vaxt çəkiliş prosesində davamlı həll edilir”.
AKİ-nin icraçı katibi rejissor, prodüser Əli İsa Cabbarov öz şəxsi təcrübəsini bölüşdü: “Nadir Bədəlovla “Hədəf” adlı silsilə verilişlər çəkirdik. Bir verilişdə Nadir Bədəlov “milli siyasət-milli rəqs” kimi ideyasını irəli sürdü. Yəni hər xalqın rəqsində, apardığı siyasətin vizual həlli görünür. Bu bizə ən azı montaj həlli verdi. Ssenariyə ögey yanaşmaq olmaz. Bədii kinodakı ssenaristlər sənədli kinoya gəlsə, bu, ssenarinin strukturuna təsir göstərir”.
Rejissor Mir-Bağır mövzunu, qəhrəmanları necə seçmələri barədə sual verdi. T.Hüseynin fikrincə, rejissor hekayəyə özündən nəsə qatmalı, ən azı, sentimental əlaqə yaratmalıdır.
F.Əhmədov dedi ki, mövzu, qəhrəman onu narahat etməli, düşündürməlidir: “Xankəndidə çəkilişdəydik, qayıdanda Ağdamda maşın xarab oldu. Qadınların mina axtardığını gördük. Maraqlandıq ki, niyə kişilər yox, qadınlar? Nəticədə film çəkdik”.

T.Tahiroviç İkinci Dünya müharibəsi, Cümhuriyyət mövzusunun onu daha çox cəlb etdiyini dedi. Operator Soltan Abdullayevin fikrincə, büdcə olmasa belə, rejissorun kinoya sevgisi varsa, yaxşı iş ortaya çıxacaq. Tamaşaçı, blogger Seymur Xəlilov bildirdi ki, büdcə aşağıdırsa, rejissorun istedadı varsa, o maraqlı improvizasiyalar edəcək. Rejissor İmaməddin Həsənov belə görüşlərin çox olmasını, faydalılığını vurğulayaraq “Sənədli kinonun inkişafı üçün nə etməliyik?” sualını verdi. Sualı cavablandıran F.Əhmədov qeyd etdi ki, bədii film çəkməyən rejissora ciddi yanaşmırlar:
“Əksəriyyət düşünür ki, rejissor bədii film çəkməlidir. Sənədli kinoda adam azdır. İntensiv çəkilmir. Maliyyə mənbəyi kimi ən yaxşı halda ARKA var, festivallar var. İncəsənət Universitetində kinorejissorluq ixtisası var. Kursumda sənədli kinoya üstünlük verirəm. Xüsusi yanaşmamdır. Çünki sonra bədii filmi rahat çəkəcəklər. Sual verirlər ki, nə vaxt qısa bədii film çəkəcəyik. Tədris prosesində deyirəm ki, sənədli kino “çörək ağacı”nızdır. Daha çox bununla işləyəcəksiniz, əliniz öyrəşməlidir. Sənədli kinoya vəsait çoxalmalı, müxəlif mövzulu sənədli filmlər artmalıdır. Sənədli kino məktəbi ematalxanasının olması da inkişafa kömək edəcək. İstər İncəsənət Universitetində, istər hansısa qurumun tərkibində. Amma bəzən də fikrlərşirsən ki, fikirlərini necə reallaşdıracaqlar? Bu zəncirvarı prosesidr. Festival varsa, film istehsalı olmalıdır. Rejissor varsa, maliyyə ayıran qurum olmalıdır. Fondlardan yeni nəsil nəsə alır. Amma Nizami Abbas beş ildən artıqıdır ki, çəkmir. Sənədli kinoya barmaqarası yanaşırıq. Bu işlə məşğul olan daha çox fanatlardır”.
aki.az

