Azərbaycandan 2 tammetrajlı sənədli film layihəsi Svaneti Beynəlxalq Film Festivalının Beynəlxalq Pitçinq bölməsinə seçilib. Belə ki, festival daxilində beynəlxalq jürinin iştirak etdiyi 2 bölmə – montaj mərhələsində olan filmlərin pitçinq (Work-in-Progress) bölməsi və inkişaf mərhələsində olan film layihələri üçün Pitçinq Forum təşkil edilmişdi.

Azərbaycan, Gürcüstan, Türkiyə,Ukrayna, Misir, Qazaxıstan, İtaliya kimi ölkələrdən seçilən film layihələri beynəlxalq jüri önündə təqdim edilib. Montaj mərhələsində olan layihələrin jüri heyətinə Doha Film İnstitunun rəhbəri Xəlil Benkriani, Tribeka Film Festivalının bədii rəhbəri Frederik Boyer, Venesiya, Lokarno, Roma Film Festivallarının sabiq direktoru Marko Müller və məşhur iranlı rejissor Amir Naderi daxil idi.
“14 gün dustaqlıqda” filmi (rejissor: Afaq Yusifli, prodüserlər: Tahir Tahiroviç, Murad Allahverdi, Afaq Yusifli) Work in progress, “Kür” tammetraj sənədli filmi isə (rejissor: Murad Allahverdi, prodüser: Afaq Yusifli) Pitçinq Forumda təqdim edildi. Nəticədə, “Kür” layihəsi Pitçinq Forumun Baş mükafatını (Ən yaxşı pitçinq və Ən yaxşı layihə) qazandı.

Pitçinq Formun jüri heyəti Turin Film Laboratoriyasının təmsilçisi Alona Şumakova, “Qara Gecələr” Film Festivalının proqramçısı (PÖFF Estoniya) Edvinas Puksta, Gürcüstan Film Akademiyasının sədri Nikolas Abramaşvilidən ibarət olub.
Qeyd edək ki, bu, “Kür” film layihəsinin 4-cü beynəlxalq uğurudur. Sözügedən layihə, “KinoLab” layihəsinin pitçinqinin 1-ci yer qalibi, CineDoc Mentorluq proqramının içtirakçısı və pitçinqin qaliblərindən biri, Dəyişiklik Beynəlxalq Müştərək istehsal təlim proqramının iştirakçısı olmuşdur.
Rejissorun layihədə iştirakına Azərbaycan Kinematoqrafçılar İttifaqı maddi dəstək göstərib.

