Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə rejissor və fotoqraf Ərturan Nəcəfi Gölün rəhbərliyi altında keçirilən “Fotokompozisiyanın əsasları” təlim proqramı uğurla yekunlaşıb.
Üç ay davam edən təlim müddətində iştirakçılar klassik fotoqrafiya, fotokompozisiyanın əsas prinsipləri, işıq, kölgə və rakursdan məqsədyönlü istifadə, vizual düşüncə və hekayəçilik sahələrində nəzəri biliklər əldə edib, praktiki bacarıqlarını inkişaf etdiriblər.
Proqram çərçivəsində əsas diqqət iştirakçıların estetik baxışının və fərdi vizual üslubunun formalaşdırılmasına, texniki biliklərinin yaradıcı ifadə imkanlarına çevrilməsinə yönəldilib. Praktiki məşğələlər vasitəsilə iştirakçılar kompozisiyanın yalnız texniki qaydalar toplusu deyil, həm də vizual hekayə anlatmaq və tamaşaçı ilə sözsüz ünsiyyət qurmaq vasitəsi olduğunu öyrəniblər.
Təlimin əsas ideyası olan “Baxmaq hələ görmək demək deyil” prinsipi əsasında iştirakçılar ətraf aləmə fərqli rakurslardan baxmaq, kadrın ifadə imkanlarını araşdırmaq və öz vizual baxışlarını inkişaf etdirmək imkanı qazanıblar.


Təlimi uğurla başa vuran iştirakçılar:
- Dinarə Qənbərli
- Müzəffər İsrafilov
- Şəhla Hüseynova
- Vaqif Rəhimov
- Sehriyyə Piriyeva
- Çinarə Əlişli
- Röyal Adıgözəlov
- Zamin Cəfərov
- Aynur Kazımova
- Merve Kılıç Levent
“Fotokompozisiyanın əsasları” təlimi gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına, fotoqrafiya və vizual hekayəçilik sahəsində biliklərinin artırılmasına, eləcə də peşəkar inkişaflarına dəstək məqsədi daşıyıb.

