Sentyabrın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqının(AKİ) konfransı keçirildi.
Dövlət Mükafatı laureatı, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli, Xalq Artisti Şəfiqə Məmmədova təşkilatın növbəti konfransının yekunları üzrə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçildi.
Açılışda Azərbaycanın himni səsləndi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ş.Məmmədova Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndəsidir və milli mədəniyyətin inkişafına mühüm töhfələr vermiş, uzun illər davam edən yaradıcılıq fəaliyyəti boyunca teatr və kinoda çoxsaylı rollar ifa edərək tamaşaçılar və peşəkar cəmiyyət tərəfindən geniş tanınmış sənətkardır. Onun Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə seçilməsi təşkilatın fəaliyyətində yeni mərhələ açır.
Konfrans çərçivəsində Kinematoqrafçılar İttifaqının fəaliyyəti, yerli kinematoqrafın daha da inkişafı, peşəkar cəmiyyətə dəstək və milli kinonun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tanıdılması ilə bağlı aktual məsələlər müzakirə olunub.Gündəliyin əsas məsələlərindən biri Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni İdarə heyətinin seçilməsi olub. Konfrans iştirakçıları rəhbər orqanların tərkibini təyin etdilər.
Tədbir zamanı Azərbaycan kinematoqrafiyasının inkişaf perspektivlərinə, Milli Kino ənənələrinin qorunub saxlanmasına, yaradıcı təşəbbüslərin dəstəklənməsinə, həmçinin yeni nəsil Kinorejissorlar, ssenaristlər, aktyorlar və kino sənayesinin digər mütəxəssisləri üçün imkanların genişləndirilməsinə xüsusi diqqət yetirilib. Konfrans iştirakçıları həmçinin milli kinonun nailiyyətlərinin daha da təbliğinin, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin və Azərbaycan kinosunun nüfuzlu beynəlxalq film festivallarında və mədəniyyət meydançalarında layiqincə təmsil olunmasının vacibliyini vurğulayıblar. Konfransın yekunları üzrə iştirakçılar əmin olduqlarını bildiriblər ki, AKİ rəhbərliyinin yenilənmiş tərkibi Azərbaycan kinosunun gələcək inkişafına yönəlmiş yeni layihə və təşəbbüslərin həyata keçirilməsinə kömək edəcək. Konfransın yekununda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanlamış müraciət qəbul olundu.
aki.az

