Oktyabrın 13-də Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında “Sisyphe” kinoklubunun təşəbbüsü ilə Yeni Britaniya sosial kinosunun atası sayılan, kəskin sosial filmlərin tanınmış müəlliflərindən Ken Louçun “Kes” filmi müzakirə olundu.
Britaniya Kino İnstitutunun “ən yaxşı filmlər siyahısına” daxil elədiyi “Kes” ilk baxışda sadə bir məktəblinin hekayəsini danışır. Şaxtaçı ailəsində böyüyən, doğmalarından yetərincə sevgi və diqqət görməyən, məktəbdə sinif yoldaşları tərəfindən məsxərəyə qoyulan Billi meylini əhliləşdirdiyi qızılquşda tapır.
Lakin Ken Louçun kamerası yalnız bir uşağın tənhalığını izləmir. Rejissor fərdin taleyinin timsalında bütöv bir sosial mühiti, ailədaxili laqeydliyi, uşaqların emosional ehtiyaclarını sanki görməməzliyə vuran cəmiyyəti göstərir. Billi üçün qızılquş bu mənada həyatın başqa cür də ola biləcəyini hiss etdiyi, gördüyü dünyadır. Beləliklə, “Kes” təkcə balaca bir oğlanın çətinliklərindən yox, həm də böyük dünyamızda öz yerini tapmağa çalışan kiçik insanların mübarizəsindən bəhs edir.
Əsərdə zarafatla qəddar istehza arasındakı sərhəd incəliklə göstərilir. Louç onu da göstərir ki, bəzən insanın həyatında köklü dəyişiklik yaratmaq üçün böyük hadisələrə ehtiyac yoxdur. Sevgi, qayğı, insani münasibət hər şeyi dəyişməyə qabildir. Film eyini zamanda həyatın yalnız ağ və qaradan ibarət olmadığını, bəzən heç tanımadığımız insanların həyatımıza məna qata biləcəyini, bəzən də həyat yolunun çətinlikləri içində azmamağımıza kömək edən insanların qarşımıza çıxa biləcəyini anladır. Peşəkar olmayan aktyorların, xüsusən Billini canlandıran Devid Bredlinin obrazın daxili dünyasını şişirdilmiş emosiyalarla yox, baxışları, xüsusən, kiçik davranış detalları ilə çatdırması, realist təsvirlər hekayədə sənədlilik hissini gücləndirir. Məşhur britaniyalı aktyor Deniel Dey-Luis də filmin məhz bu səmimiyyətini xüsusi vurğulayır: “Mənim on bir-on iki yaşım olanda həyatımı tamamilə dəyişən iki film ortaya çıxdı. Lindsi Andersonun ‘Əgər….’ və ‘Kes’ filmləri. Mən tamamilə saf və səmimi film gördüm. Bu filmdə ekranda daha əvvəl görmədiyim bir həqiqət var idi”… Pol Qrinqrass, Linn Remsi və Stiv Makkuin kimi rejissorlar da filmi yüksək qiymətləndiriblər. Maraqlıdır ki, yalnız bir peşəkar aktyorun oynadığı film çox səmimidir və həyatın gerçəkliklərini olduğu kimi əks etdirir.
Louç isə “Kes” haqda belə deyir: “Kes”i çəkəndə hami deyirdi ki, əla işdir və bu filmdən sonra biz yenidən Britaniya kinosundan danışa bilərik. Sonra nəsə baş vermədi. Sakitlik… Biz növbəti filmə heç cürə pul tapa bilmədik. Gənc rejissorlara heç bir dəstək yox idi. Televiziyanın mahiyyəti ondadır ki, minimal pula filmlər çəkmək olar. Amma televiziya rejissor sənətini məhv elədi”.
Müzakirədə Mədəniyyət və İncəsənət Universitetinin ssenaristlik və sənətşünaslıq ixtisasları üzrə məzunları filmin bədii xüsusiyyətlərini və bu günədək qoruyub saxladığı təsir gücünü təhlil ediblər. İştirakçıların diqqətini xüsusilə vizual həllər, kadr kompozisiyaları, simvolizm və peşəkar olmayan aktyorların təbii oyunu cəlb edib. Təbii ki, Billi ilə qızılquşun hekayəsi vasitəsilə, həmçinin, filmdə müəllim və şagird münasibətlərinin necə təqdim olunduğu barədə də danışıldı.
Kino axşamları Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə keçirilir. Görüşlərin kuratoru isə Mədəniyyət və İncəsənət Universitetinin ssenarist ixtisası üzrə 4-cü kurs tələbəsi Məryəm Yüzbaşovadır.

