26 oktyabr 2026-cı il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) Fransa, Belçika və İsveçrənin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri ilə görüş keçirilib.



Görüşdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, kinotənqidçi Sevda Sultanova, kinoşünas Ülvi Mehdi, film nümayişləri üzrə prodüser Ülviyyə Əhmədova, Fransa Səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Dramane Coester, əməkdaşlıq attaşesi Arzu Abdulxalıqov, Belçika səfirinin müavini və konsul Sara Van Buggenhout, İsveçrə səfirinin müavini Guy Bonvin və İsveçrə Səfirliyinin mədəniyyət attaşesi Alikan Manaz iştirak ediblər.
Görüş zamanı Azərbaycanla adıçəkilən Avropa ölkələri arasında kino sahəsində mədəni əməkdaşlığın inkişaf etdirilməsi, birgə film nümayişlərinin təşkili və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirədə müxtəlif ölkələrin kinematoqrafiya nümunələrinin Azərbaycan tamaşaçısına təqdim olunması, kinematoqrafiyalar arasında mədəni dialoqun genişləndirilməsi, eləcə də kino sənəti vasitəsilə beynəlxalq əlaqələrin gücləndirilməsi məsələlərinə toxunulub. Eyni zamanda, Azərbaycan Kinematoqrafçılar İttifaqının həyata keçirdiyi film nümayişləri və mədəni-maarifləndirici fəaliyyətlər çərçivəsində xarici diplomatik nümayəndəliklərlə mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.

