Noyabrın 26-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Teymur Bəkirzadənin 85 illik yubileyi keçirildi.







Xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, rejissorun həyat və yaradıcılığı haqqında nadir faktlarla qonaqları tanış etdi, onun respublika və ümumittifaq səviyyəli yarışların, o cümlədən spartakiadaların iştirakçısı olduğunu, sonradan kino sahəsində uğurlar qazandığını vurğuladı. Sonra çıxış edən Xalq yazıçısı, Dövlət mükafatı laureatı Elmira Axundova, Xalq artisləri Oqtay Mirqasımov, Vaqif Mustafayev, Həmidə Ömərova, Xalidə Quliyeva, Əməkdar incəsənət xadimi Rafiq Qəmbərov görkəmli sənətkar haqqında xatirələrini bölüşdülər. Gənc kinotənqidçi Hacı Səfərov T.Bəkirzadənin yaradıcılığından danışaraq onun filmlərini təhlil etdi.
Sonda sənətkarın ailəsi adından qızı Mədinə Bəkirzadə çıxış etdi və tədbirin təşkil edilməsinə, atasının xatirəsinə göstərilən diqqətə görə hər kəsə təşəkkürünü bildirdi. Tədbirdə Teymur Bəkirzadənin rejissoru olduğu “Dissonans” və “Toğrul Nərimanbəyov” filmləri, həmçinin “Arzu” “Mozalan” süjeti nümayiş etdirildi.

