Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı 2025-ci il aprelin 1-də “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə müraciətlərin qəbulunu elan etmişdi. 22-29 aprel tarixlərində baş tutan layihəyə 11 iştirakçı və 4 müşahidəçi qəbul olunmuşdu.
Sənədli filmlər üzrə mütəxəssis Tue Steen Müllerin mentorluğu ilə keçirilən layihə, həm də iştirakçıların juri önündə təqdimatı ilə başa çatmışdır. Jüri heyətinin tərkibi AKİ-nin icraçı katibi Əli İsa Cabbarov, rejissor və quruluşçu operatorlar Daniel Quliyev və Oktay Namazovdan ibarət olmuşdur.
Əli İsa Cabbarov layihənin bağlanış mərasimində bildirdi: “Sənədli kinomuzun ənənələri nə qədər inkiş etmiş olsa da, hələlik dünya standartlarına cavab vermir və görüləsi işlər çoxdur. Bu tədbirləri biz kreativ sənədli kinonun inkişafı üçün təşkil edirik. Bu ilk addımdır. Burada kimin qalib gəlməsindən daha çox, sənədli kino icmasının yaranması, əlaqələrin qurulması vacibdir. Biz Tue Steen Müllerin bu layihədə iştirakından çox qürurluyuq və onun AKİ ilə əməkdaşlığının gələcəkdə də davam etməsinə ümid edirik.
Layihənin mentoru Tue Steen Müllerin sözlərinə görə: “Mövcud layihə gənc azərbaycanlı sənədli film rejissorlarının yüksək rəqabətli beynəlxalq forumlarda seçilmək şansını artırır. Təlimçi kimi, seminarı aparmağı öhdəmə götürməkdən zövq aldım. İştirakçılar təkcə gənc istedadlar yox, həm də, təcrübələri olan komandalardan təşkil olunmuşdu. Bildirməliyəm ki, təqdimat bacarıqlarını artırmaq və tizer treylerlərini püxtələşdirməkdən ötrü çox çalışdılar. Mən çox ümid edirəm ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə keçirilən bu layihənin davamı olacaq. Şübhəsiz, təşəbbüs ölkədə sənədli film camiəsini gücləndirəcək. Azərbaycanlı dokumentalistlər həqiqətən buna layiqdirlər”.
Jürinin qərarına əsasən layihənin qaliblərini təqdim edirik.
- Çəkilişə dəstək mükafatı – “Dado” – rejissor Azər Allahverdi
- Xarici layihədə təqdimat etmək üçün səyahət dəstəyi mükafatı – “Səma köçəriləri” – rejissor Aytac Süleymanova, prodüser Elməddin Süleymanov
- Pre-production + tizerə dəstək mükafatı – Adsız, yaddaş – rejissor Nərgiz Məmmədli, prodüser Ələmdar Faiq
- Post-productin mərhələsinə dəstək mükafatı – Cahanın əlifbası – Rejissor Elcan Məmmədov, prodüser Zərif Bəkirova.
- Logistika dəstəyi mükafatı – Mənim virtual evim – Rejissor Ülviyyə Əhmədova, prodüser Nicat Dadaşov
- Pre-production mərhələsinə texniki dəstək mükafatı – Atılmış kənddə şirin xatirələr – rejisor Aynur Kazımova
Layihənin qalibləri AKİ tərəfindən maliyyə və təşkilati dəstəklə təmin olunacaqlar.
aki.az