Milli filmlərin tamaşaçı sayının artırılması Azərbaycan Kinematoqrafçılar İttifaqının strateji məqsədlərdən biridir. Bu məqsədlə yeni və klassik Azərbaycan filmlərinin nümayişləri təşkil olunur. Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgə tamaşaçılarını yeni Azərbaycan filmləri ilə tanış etmək üçün sislsilə tədbirlər keçirir.
AKİ-nin bölgələrdə kino günləri layihəsi bu il yenidən start götürür. Bu dəfə təyinat yeri Aran zonasıdır. 16-30 aprel tarixində keçiriləcək nümayişlər Zərdab, Ucar, Göyçay, Yevlax, Ağdaş rayonlarını əhatə edəcək. Tamaşaçılara Azərbaycan müasir kinosunun nümunələri – “Aktyor” (rej.Aydın Arslan), “Balaca” (rej.Ruslan Ağazadə), “Tənha insanın monoloqu” (rej.Emin Əfəndiyev), “Oturacaqlar” (rej.Orxan Ağazadə), “Quxuroba” (rej.Teymur Qəmbərov), “Eviniz abad” (rej.Mirsadıq Ağazadə) qısa və tammetrajlı bədii filmləri, o cümlədən, Vahid Talıbovun “Lağım” və “Arzular.. arzular”, Şamil Nəcəfzadənin “İthaf”, Elçin Hami Axundovun “Güzgü”qısametrajlı animasiya filmləri və Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Aynur Kazımovanın “Unudulmuş arzular” qısametrajlı sənədli filmləri təqdim olunacaq.
Nümayişlərdə ənənəyə sadiq qalaraq, filmlərin yaradıcı heyətləri və kinotənqidçi Aygün Aslanlı, tamaşaçılarla müzakirələr aparılacaq.
aki.az