26 may tarixində Azərbaycan Kinematoqrafçılar Ittifaqının konfransı kino ictimaiyyəti arasında geniş rezonans doğurub. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinoşünas Nadir Bədəlov öz feysbuk səhifəsində bunları yazmışdır:
“Vaxtilə işlədiyim ANS televiziyasında belə adda bir veriliş var idi – “Keçmişə salam”. Oksimorondur, yəni bir-birinə uyğun gəlməyən sözlərin birləşməsindən qurulub. Salam gələnə deyərlər, keçmişə isə, yəni gedənə, yaxud keçənə sağ ol, əlvida deyilir. Amma yox… biz azərbaycanlılarda ağsaqqal üçün ayağa durmaq, hörmət, ehtiramla ona salam vermək, ağbirçəyə eyni ehtiramla təzim etmək kimi adətimiz, ənənəmiz var. Onu qorumaq müqəddəs borcumuzdur. Amma gələnə salam vermək, ona yol göstərmək, Allahdan xeyir-dua diləmək kimi müqəddəs adətimizi də gərək unutmayaq. Bu gün ağbirçək, ağsaqqal, adı-sanı, zəngin yaradıcı bioqrafiyası olan şəxslər əvvəlcədən verdikləri bəyanata əməl edərək Azərbaycan Kinematoqrafçılar İttifaqının hesabat-seçki konfransını boykot etdilər. Gəlsəydilər, mənim hesabıma görə, Xalq artisti Şəfiqə Məmmədova daha artıq səs toplayacaq və sədr seçiləcəkdi. Hörmət, ehtiram, ad-san öz işini görəcəkdi. Mənim hesabıma görə. Və yəqin ki, mən gümanımda tək deyildim.
Həmin gün İttifaqın icraçı katibi Əli İsa Cabbarov konfransda iştirak edənlər tərəfindən demək olar ki, yekdilliklə sədr seçildi. Ona görə yox ki bizim hörmətli aktrisamız konfransa gəlməmişdi, hər şeydən əvvəl ona görə ki, Əli İsa sabaha salam deməyi bacarır. Kino yalnız film istehsalı deyil, kino həm də filmlərin, ən vacibi, yayılması, müzakirə edilməsi, Eyzenşteynin dediyi kimi, kadrarxasında olanlar, yəni filmin rezonans qazanması, ictimai rəy alması, beləliklə cəmiyyətdə kino təfəkkürünün formalaşması, kitablar, kino ədəbiyyatı, afişalar, posterlər, kino adamlarına qayğılar, görüşlər və 10-larla bu kimi tədbirlər deməkdir. Əli İsa bunları hamıdan artıq bacarır. Çoxillik təcrübəsində bunu göstərib və bunu görməmək, qeyd etməmək haqsızlıq olar.
Kino – prosesdir. Proses gedir, bu prosesə qoşulmaq əvəzinə “bizdə kino yoxdur, nə vardı, keçmişdə qaldı” kimi şablonları təkrarlamaq nəsə etmək əvəzinə maneçilik törətməkdən başqa bir şey deyil. Konfransda sabaha salam verildi. Azərbaycan kinosunun sabahına. Bu salam alınacaqmı? Hər şey, veriləcək qərardan asılıdır. Gözləyək”.
Kino aktyoru və prodüseri İlqar Mehdi də konfrans sonrası öz fikirləri ilə bölüşüb. O yazır:
“Azərbaycan Kinematoqrafçılar İttifaqında son seçki yalnız rəhbər dəyişikliyi yox, həm də ciddi institusional islahat üçün bir fürsət olmalıdır. Kino sektoruna kənardan gəlmiş bir adam kimi bir neçə müşahidəmi bölüşmək istəyirəm. Bəzən məhz “kənar göz” problemləri daha aydın görür.
1. İdarəetmə strukturuna yenidən baxılmalıdır. AKİ-nin İdarə Heyətində 36 (!) nəfərin təmsil olunması idarəetmədən daha çox “nümayəndəlik” təəssüratı bağışlayır. İdarəetmə üzrə bütün araşdırmalar göstərir ki, çoxsaylı heyət qərarverməni zəiflədir, məsuliyyəti yayındırır və çevikliyi azaldır. 36 nəfərlik heyətdə hər kəsin fikrini dinləmək, konsensus tapmaq və dəyişən qlobal trendlərə operativ reaksiya vermək mümkünsüzdür! Gündəlik qərarları verən kiçik, çevik bir idarə heyəti (7–9 nəfər) qurulmalıdır.
2. Rotasiya olmalıdır. İstər İdarə Heyəti, istərsə də digər rəhbər vəzifələr üçün müddət məhdudiyyəti tətbiq edilməlidir. Bu yanaşma biznes dünyasında özünü çoxdan doğruldub. Məsələn, Azərbaycanın ən böyük biznes assosiasiyası olan AMCHAM-da bir şəxs direktorlar şurasına iki dəfədən artıq (4 il) seçilə bilmir. Mən özüm də iki dəfə seçildikdən sonra namizədliyimi bir daha irəli sürmədim. İnanın, vaxtında getmək çox zaman daha şərəfli olur.
3. Təmsilçilik fəxri adlara görə yox, nəticəyə görə olmalıdır. Kino sənayesində böyük sənətkarların rolu danılmazdır. Onların təcrübəsi və sənətə töhfəsi qorunmalı və tədris vəsaiti kimi öyrənilməlidir.
Amma eyni zamanda rəhbərlikdə məhz BU GÜN real təsir yaradan, müasir auditoriyanı anlayan, rəqəmsal platformalarda işləyən, alternativ maliyyələşmə modelləri quran, yeni texnologiyaları mənimsəyən prodüser və yaradıcı insanların təmsilçiliyi güclənməlidir. Gələcəyi formalaşdıracaq insanlar sistemdən kənarda qalırsa, sistem özü də tədricən aktuallığını itirməyə başlayır ki bunu da aydın müşahidə edirik.
4. AKİ-yə yeni strategiya lazımdır. Sektor köklü şəkildə dəyişirsə, eyni strategiyanın onilliklərlə dəyişmədən qalması normal sayıla bilməz. AKİ uzun illər daha çox sovet dövründən qalmış “həmkarlar ittifaqı / profsoyuz” məntiqi ilə fəaliyyət göstərib. Bu yanaşma yaradıcı insanların sosial müdafiəsi və həmrəyliyi baxımından əhəmiyyətlidir. Amma müasir dövrdə bu kifayət etmir. Kino artıq yalnız yaradıcılıq prosesi deyil – bütöv bir sənayedir və ekosistem kimi idarə olunmalıdır.
5. AKİ daha açıq quruma çevrilməlidir. Ən ciddi problemlərdən biri “qapalı” olmaqdır. Uzun illər formalaşmış qurumlarda kənardan gələn alternativ yanaşmalara müəyyən müqavimət yaranır. Amma kino kimi yaradıcı sənayedə bu xüsusilə təhlükəlidir. Monopoliyaya yaxınlaşan istənilən struktur gec-tez durğunluğa düşür. Kino rəqabət, fərqli baxışlar, yeni nəfəs və bəzən də narahat edən ideyalar hesabına inkişaf edir. Əgər müasir kino istehsalçıları, yeni nəsil yaradıcılar, texnologiyanı və bazarı anlayan insanlar real şəkildə təmsil olunmasa, fundamental dəyişiklik olmayacaq. Mən bunları tənqid üçün yox, səmimi islahat arzusu ilə yazıram. Azərbaycan kinosunun potensialı var. Amma potensial yalnız nostalji ilə yox, düzgün idarəetmə ilə reallaşır”.
Tanınmış şair və publisist Həmid Herisçi AKİ konfransının SSRİ Kinematoqrafçılar İttifaqının əfsanəyə dönmüş 5-ci qurultayı ilə müqayisə edib:
“Düz 40 il əvvəl, eyni may ayında rəhmətlik SSRİ- də Kinematoqrafçıların ilk azad 5-ci qurutayı keçirildi. Məhz bu ssenari ölkədəki digər yeniliklərin ana nüvəsinə cevrildi.
Detal: Bu icazəli qurultay idi. Ziyalıların ən ali heyəti, kino işçiləri, yuxarıların lal göstərışi ilə ölkədə ilk dəfə yeni ssenarini bu dəfə filmdə yox, həyatda reallaşdırdılar. Razılaşaq. Köhnə təqaüdçü ziyalı sinfi artıq iqtidara gərək deyil. Çox qocadır və çox bahadır. Naz, nəvaziş, iqtidar qucağında xumarlanmaq istəyir. Bu malın saxlama müddəti çoxdan tükənib. Elitar ziyalı təbəqə bu Qurban Bayramı günündə qurban kəsiləcək. Təəssüf etmirəm. Yaddaşım məni heç vaxt aldatmır. Bu, yaddaşımın, arxivimin mənə pıçıldadığı həqiqətdir”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, filologiya elmləri doktoru Qulu Məhərrəmli də feysbuk profilində, iştirak etdiyi konfransla bağlı müşahidələrini paylaşıb:
“Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) hesabat-seçki konfransında iştirak etdim. Üzvü olduğum bu təşkilatın Rasim Balayevin vəfatından sonra ilk geniş toplantısında digər məsələlərin müzakirəsi ilə yanaşı, yeni sədr də seçilməli idi. AKİ İdarə Heyətinin bir müddət əvvəlki qərarına görə, sədrliyə 2 namizəd irəli sürülmüşdü. Xalq artisti Şəfiqə Məmmədova və təşkilatın icraçı katibi Əli İsa Cabbarov. Lakin Şəfiqə xanım və onu dəstəkləyən tərəfdarları dünəndən 2-ci namizədə etiraz edərək bəyanat yaymış və konfransı boykot etmişlər. Bu barədə toplantı iştirakçılarına məlumat verildi və həm də bildirildi ki, məlum səbəbdən sədr seçkisi keçirmək üçün kvorum alınmır. Lakin toplantıda iştirak edən 160-dan çox nümayəndənin təkidilə seçki səsverməsi keçirildi və Ə.İ.Cabbarov yekdilliklə bu posta təsdiq olundu. Mənim əsas təəssüratım bu oldu ki, kinoya yeni, istedadlı və enerjili gənclər gəlib və onlarla yaşlı nəsil arasında bir uçurum var. Həm də gənclər artıq yaşlı nəslin avtoritarizmini və aşırı şıltaqlıqlarnı qəbul etmirlər”.
AKİ-nin İdarə Heyətinin üzvü, Xalq artisti Xalidə Quliyeva moderator.az saytına verdiyi müsahibəsində belə deyib:
“Bir neçə gün öncə Kinematoqrafçılar İttifaqının konfransı keçirildi. Yaxşı oldu ki, keçirildi. Hər dəfə toplanmaq da bir az çətindir. Baş qarışıqdır, hərənin işi-gücü olur. Konfransdan əvvəl İdarə Heyətinin iclası oldu. Orada, demək olar ki, çox adam-Xalq artistləri Həmidə Ömərova, Şükufə Yusupova, bütün gənclər və mən də daxil olmaqla hamımız Əli İsa Cabbarovun sədr seçilməsini istəyirdik. İkinci namizədimiz idi. Birinci namizədimiz təbii ki, Şəfiqə xanım Məmmədova idi. İki namizədlə konfransa getməyə qərar verdik. Mən konfliktli adam deyiləm. Biz qurultaya gəldik, amma Şəfiqə xanım başda olmaqla nə Vaqif Mustafayev gəldi, nə də Akif Əli. Düzdür, onlar da azlıq təşkil edirdilər. Gəlməmək səbəblərini yəqin ki, özləri bilirlər. Konfrans səsverməyə keçdi. Soruşdular ki, seçki keçirək ya yox? Hamı da təsdiqlədi. Cəmi 150-dən bir az artıq adam var idi. Hamı da Əli İsa Cabbarova səs verdi. Mən də həmçinin səsimi ona verdim”.

O daha sonra Şəfiqə Məmmədovanı seçməməsini belə izah edib:
“2024-cü ildə qurultay keçirildi. Qurultaydan öncə Şəfiqə xanım bizi çağırdı. 20-30 nəfər oturub müzakirə etdik. Şəfiqə xanım səsvermənin olacağını bildirəndə, biz də ona səs verəcəyimizi dedik. Hamı orada idi. Biz qurultaya gəldik. İki namizəd ortaya çıxdı. Biri Rasim Balayev, biri də Şəfiqə xanım. Biz də hamımız fikirləşirdik ki, səsimizi Şəfiqə xanıma verəcəyik. Axı əvvəlcədən danışığımız olmuşdu. Bir də gördük Şəfiqə xanım səhnəyə çıxıb namizədliyini geri çəkdi. Bu mənim yadımda qalmışdı. Biz gəlmişdik ona səs verək, bizi qəfil “atdı”, çıxılmaz vəziyyətdə qoydu. Heç olmasa bir gün öncə deyərdi ki, mən namizədliyimi geri çəkəcəyəm. Biz də orada pis vəziyyətdə qalmazdıq. Rasim Balayevin adını çəkəndə bütün zal coşdu. Mən onda anladım ki, əvvəldən sözləşib danışıblar ki, Şəfiqə xanım namizədliyini geri çəkəcək. Çünki orada səsverməyə qoyulsaydı, hamı Rasim Balayevə əl qaldıracaqdı. Şəfiqə xanım üçün əl qaldıran çox az adam olacaqdı. Bu dəfə də həmin situasiyadır. Hamı Əli İsanı istəyirdi. Mən də Şəfiqə xanımı ona görə istəmədim ki, o bizi vaxtilə pis vəziyyətdə qoymuşdu. Bu bir oyun imiş, bizim də oyundan xəbərimiz yoxdur. Ona görə də bu dəfə səsverməyə gəlmədilər ki, onsuz da səs toplamayacaqlar. 5-10 nəfər onlara əl qaldıracaqdı, hamı Əli İsanı seçəcəkdi. Çünki Əli İsa Cabbarov işləyir. Əli İsa o ittifaqın motorudur. Həm yaradıcıdır, həm inzibatçıdır, həm də təşkilatçı. Bu çox yaxşıdır. Ən çox da xoşuma gələn odur ki, cavanlar bu ittifaqa cəlb olunub, kino sahəsində yeni nəsil yetişir. Ora əlbəttə ki, təhsil ocağı deyil, amma kurslar da açılıb, dərslər də keçirilir, festivallar və müsabiqələr təşkil olunur”.
Xatırladaq ki, AKİ-nin İdarə Heyətinin 08 may, 2026-cı il tarixli qərarına baxmayaraq bəzi İH üzvləri feyk imzalı bəyanat yayaraq konfransın işini pozmağa çalışmışdılar. Buna baxmayaraq, “Rotunda” zalında 26 may tarixində keçən iclasda iştirakçılar hesabatı dinləyib seçki keçiriblər.

