“Kübar”, “elit” təyinlərini işlətməyə tez-tez səbəb tapmırıq, təəssüf ki… Bu dəfə belə bir səbəbimiz var. Özü də tam tutarlı səbəbdir. Adı da Şükufə Yusupova. Bu gün, mayın 30-da, onun dünyaya gəldiyi gündür.
Azərbaycan aktyorluq sənəti ənənələri teatra və kinoya bir çox əvəzolunmaz sənətkarlar bəxş edib. Həm teatr səhnəsində, həm də kino ekranında eyni dərəcədə plastik olmağı bacaran aktyor və aktrisalarımız isə çox azdır. Bəzilərinin aktyorluq istedadı və bacarığı teatr səhnəsində daha üzvi şəkil və məzmun qazanır, bəzilərinin isə kino ekranında. Şükufə xanımın teatr yaradıcılığını göz qabağına gətirəndə, kino rollarını nəzərdən keçirəndə, dönə-dönə analiz, təhlil edib təəssürat və müşahidələri müqayisə edəndə birinin digərinə uduzduğunu müşahidə etmək mümkün deyil – o, eyni dərəcədə yüksək peşəkarlığa malik həm teatr, həm də kino aktrisasıdır.
Şükufə xanım o nadir aktrisalarımızdandır ki, onun sayəsində kinomuzdakı qadın obrazı sarıdan nigarançılığımızın üzərinə səpsərin su səpilib. Onun “Tütək səsi”ndəki (ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissor Rasim Ocaqov) Tutusu, “Gümüşgöl əfsanəsi”ndəki (ssenari müəllifləri Eldar Quliyev və İsi Məlikzadə, qurulluşçu rejissor Eldar Quliyev) Səidəsi, “Tənha narın nağılı”ndakı (əsərin müəllifi Əkrəm Əylisli, ssenari müəllifli Roza Hüsnütdinova, quruluşçu rejissorlar Şamil Mahmudbəyov və Həsənağa Turabov) Mədinəsi, “Bəyin oğurlanması”ndakı (ssenari müəllifi Mövlud Süleymanlı, quruluşçu rejissorlar Ceyhun Mirzəyev və Vaqif Mustafayev) Jurnalisti və digər kino rolları, ekran obrazları milli kinematoqrafiyamızın xarakterik qadın obrazları “qalereyasında” elə də çox olmayan diqqətçəkən nümunələrdəndir. Halbuki heç də hamısı baş rol personajları deyil. Götürək elə, “Tütək səsi”ndəki Tutunu. Onun Cəbrayılla (Mixay Volontir) mükaliməsindəki ekspressiya bu qısa epizodun aşıb-daşan enerjisi Şükufə xanımın çevrilmə, cilddən-cildə girib dəyişilmə istedadının fərqli bir rakursunu açır. Ekspressiya demişkən, Şükufə Yusupovanın kübar, elit məzmununun tərkib hissələrindən biri də məhz ekspressiyadır. Qəribə səslənə bilər: kübarlıq və ekspressiya. Amma təəssüratlardan formalaşan gerçək qənaət budur. Ekspressiya yalnız çılğın davranışda, emosional danışıqda duyulmur. Əsl ekspressiya ən sakit təbiətli obrazı canlandıranda da aydın hiss oluna bilər. Şükufə Yusupovanın teatr və kino yaradıcılığı buna sübutdur. Daha bir misal – “Ad günü” (ssenari müəllifi Rüstəm İbrahimbəyov, qururluşçu rejissor Rasim Ocaqov) filmindəki Rəna. Bu obrazın bütün film boyunca davranışı ingilis dili müəlliməsi olan Rəna ilə tikintidə suvaqçı işləyən Əlinin arasında qarşlıqlı anlaşma, hörmət və təbii ki, simpatiya, sevgi, məhəbbət üzərində qurulmuş keyfiyyətli kişi-qadın münasibətinin örnəyi, inandırıcı və stimulverici ekran səciyyəsidir.
Şükufə Yusupovanın “Xoşbəxtlik qayğıları” filmindəki (ssenari müəllifi və quruluşçu rejissor Həsən Seyidbəyli) Gülxarı isə tamamilə onun özüdür. Hər halda kinoobrazın canlandırılma tərzi və dərəcəsi belə təəssürat doğurur: bu məhz Şükufə Yusupovanın Gülxarıdır. Bu bir insan olaraq qədərində qətiyyyətli, bir gənc qız olaraq qədərində xanım-xatın və duyğusal obraz Şükufə xanımın təqdimatında son dərəcə təbii, səmimi xarakter kimi özünü doğruldub və indiyə qədər maraqlılığını nəinki itirməyib, əksinə yeni cazibə ilə süslənib.
Şükufə Yusupovanın yaradıcılığına həsr edilmiş fikir, müşahidə, təəssürat, qənaət məcmuyumuzun davamında bildirək ki, onun aktyorluq keyfiyyətlərinin təkrarsız nəfisliklə hörülmüş haləsi qeyri-standart səsidir. İllərdir biz bu səsi həm də aktrisanın 1976-cı ildən bəri çalışdığı Akademik Milli Dram Teatrının səhnəsində Zara xanım (“Bizim qəribə taleyimiz”, İ.Əfəndiyev), Sədaqət (“Büllur sarayda”, İ.Əfəndiyev), Həmidə xanım (“Sizi deyib gəlmişəm”, Anar), Xavər (“İblis”, H.Cavid), Gülnar (“Vaqif”, S. Vurğun), Anna (“Həyatın dibində”, M.Qorki), Şölə xanım (“Lənkəran xanının vəziri”, M.F. Axundzadə), Lüsi (“Dəfn edilməmiş ölülər”, J. P. Sartr), Zəhra xanım (“Köhnə ev”, Ə.Əmirli), Sona Ərəblinskaya (“Mesenat”, Ə. Əmirli), Qadın (“Qatil”, Elçin), Həsənzadənin həyat yoldaşı (“Boy çiçəyi”, İ.Əfəndiyev) olaraq tanıyır, kəşf edir və hər dəfə yenidən sevirik. Televiziya tamaşaları ötüb-keçən estetika olsa da, mədəniyyət tariximizdə öz hücrəsinə malik bir səhifədir. Şükufə Yusupovanın iştirak etdiyi teletamaşalar arasında J.Koktonun “İnsan səsi” monodramındakı Qadın obrazı ən nüfuzedici iş kimi yaddaşlarda qalıb. Bu əsər konkret olaraq Azərbaycanda teatr və teletamaşa olaraq ən çox müraciət edilən əsərdir. Və belə böyük quruluşlar “palitra”sında Şükufə xanımın Qadınının daha çox yadda qalması onun yaradıcılıq imkanlarının təkrarsız genişliyinin daha bir sübutudur.
Göründüyü kimi, Şükufə Yusupovanın canlandırdığı obrazlar son dərəcə müxtəlifdir. Aktrisa o obrazların hər birində həmin personajın dilini,yerişini, danışıq tərzini, həyata baxışını, insanlara münasibətini taparaq çıxış edib – onun istər teatrda, istərsə də kinoda oynadığı hər hansı rolda daha əvvəl canlandırdığı obrazlardan hansısa detal, hansısa ştrix sezmək mümkün deyil, hər bir roluna fərdi yanaşması ilə seçilən aktrisalardandır. Eyni zamanda da Şükufə Yusupova olaraq qalmağı bacarıb.
Aktrisanın məhsuldar və məzmunlu sənət yolu hər zaman layiqli yüksək qiymətini alıb. O, 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə Xalq Artisti fəxri adlarına, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 3 iyun 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir. 6 may 2016-cı ildən Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2019-cu ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının Mükafatı, 2024-cü ildə Azərbaycan Teatr Xadimlər İttifaqının təsis etdiyi “Sənətkar” medalı və 15-ci Bakı Beynəlxalq Kinofestivalının “Qızıl nar” mükafatı ilə təltif edilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı adından, sevimli aktrisamızı doğum günü münasibətilə ürəkdən təbrik edirik və inanırıq ki, bundan sonra da Şükufə xanımı yeni səhnə və ekran əsərlərində görəcəyik.
aki.az

