Mayın 27-də “Azərbaycan” CineMastercard-da Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə gənc rejissor Mirvüqar Abdulovun film gecəsi keçirildi. Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova qeyd etdi ki, AKİ həmişə yerli klassik və yeni filmlərimizin, həmçinin, gənc nəslin çəkdiyi ekran işlərini nümayiş etdirməkdə maraqlıdır:
“Keyfiyyətli, maraqlı işlər olanda biz də sevinirik, dəstək oluruq. Bu gün istedadlı gənclərdən biri Mirvüqar Abdulovun “Yağışlı gecə”, “Ağ-qara və poetika” və “Lent” qısametrajlı bədii filmlərini nümayiş etdirəcəyik”.
Moderator səhnəyə gənc müəllifi dəvət elədi. Mirvüqar Abdulov tamaşaçıları salamlayandan sonra nümayiş baş tutdu. Nümayişdən sonra filmlərin müzakirəsi başladı.
Moderator ilk sualını rejissora ünvanladı: “Avstriya rejissoru Ülrix Zaydl ustad dərsində az büdcə ilə işləyən rejissorlara məsləhət verir ki, mütləq şəkildə mobil və kiçik qrupla işləyin, bu halda yaxşı nəticə əldə edəcəksiniz. Titrlərdən gördüm ki, siz adətən eyni heyətlə işləyirsiniz, artıq komandanız formalaşıb. Bu sizin rejissor kimi üstünlüyünüzdür. Maliyyənin və digər ciddi problemlərin olduğu halda film çəkməyə sizə nə motivasiya verir, rejissor kimi işə nədən başlayırsınız?”

Mirvüqar Abdulov cavabında büdcə problemini tez-tez yaşadığını dedi: “Bu bizi təəssüfləndirir, bəzən əsəbiləşdirir. Və deyirəm ki, daha çəkməyəcəyəm. Hər dəfə film çəkəndə sanki ömrümüzdən 4-5 il gedir, depressiyaya düşürəm. Hər dəfə deyirəm ki, sonuncu filmdir, daha çəkməyəcəyəm. Bir də onda ayılıram ki, nəsə cızma-qara edirəm. Səbəbini özüm də bilmirəm. Çox klassik olacaq, amma yəqin ki, buna sənət sevgisi demək olar. Bu işi görəndə həzz alıram, həyatım maraqlı olur”.
Film çəkməyin çətinliklərindən danışan rejissor dedi ki, maliyyədən başqa digər problemlər də mövcuddur: “Digər çətinlik məkanlar üçün icazə ilə bağlıdır. Tələbələrin rəsmi icazə olmadan çəkməsi çətindir. Təəssüf ki, bizim insanlar kamera görəndə aqressiv olurlar”.

Kinotənqidçi İlqar Quliyev rejissora səmimi, isti filmlərə görə təşəkkür etdi: “Sizi ilk dəfə “Lent” filmindən tanımışam. Sizin filmlərinizdə nəinki müasir, cavan rejissorlara xas olmayan, hətta yaşlı rejissorlara əksər hallarda xas olmayan bir xüsusiyyət var: səmimiyyət. Çox təəssüf ki, Azərbaycan filmlərində səmimiyyət çatmır. Misal üçün, bu yaxında İlqar Safatın “Doğma torpaq” filmi fiaskoya uğradı. Hamı o filmi kəskin tənqid etdi. O film vasitəsilə rejissor tamaşaçıların hissləri ilə manipulyasiya etdiyindən, qeyri-səmimi ekran işi ortaya çıxıb. Amma səsləndirdiyiniz büdcə probleminə baxmayaraq, ürəyinizin diktəsi ilə çəkmisiniz. Aktyor Murad Şükürlünün oyununu çox sevirəm. Bir neçə oyununu digər filmlərdə də görmüşəm. “Yağışlı gecə”də müstəqil Amerika kinosunun rejissorlarından olan Cim Carmuşun qəhrəmanlarını gördüm. Demirəm ki, siz oradan götürmüsünüz, amma yaxındır atmosfer baxımından. “Ağ qara və poetika” filmində də Tarkovskinin filmlərinə xas rəng, atmosfer yaratmısınız. İstehza da var. “Lent” filmində də uğurlu tapıntılar etmisiniz, meyxana motivini maraqlı işləmisiniz. Daha sonra, orada Nazpəri Dostəliyeva ilə bağlı yanaşma xoşuma gəldi. Nazpəri Dostəliyeva deyəndə, ağıla gələn ilk şey odur ki, onun mahnıları yüksək musiqi sayılmır. Amma siz əvvəldə ona istehza ilə yanaşırsınız, daha sonra onun ifasında “Bakı gecələri” kimi ciddi bir mahnı təqdim edilir. Sizə iribüdcəli filmlərdə də işləməyi arzulayıram. Və əsas odur ki, səmimiyyətinizi itirməyin”.
Operator Toğrul Qəhrəmanlı “Adil Abbasovun kursunu bitirdiyini dedi: “Lent” filmi bizim diplom işimizdir. Digər iki film isə bir və ikinci kurslarda çəkilib. “Yağışlı gecə”də maşın hərəkət etmir. Biz onda proyektordan istifadə etmişdik. Çünki büdcəmiz yetmirdi. 8-9 tələbə yoldaşımız işıqları yandırıb-keçirməklə məşğul idilər. Sonuncu filmimiz isə vizual baxımdan əvvəlki filmlərdən fərqlənir. Biz ona daha çox vaxt ayırmışdıq. Dörd gün çəkdik. Hər kəs əziyyət çəkdi. Hər gün 10 saatdan artıq işləyirdik”.

Rejissor əlavə etdi ki, “Lent” filminin pre-prodakşn mərhələsi səkkiz aya yaxın vaxt aparıb: “Çünki bizim büdcəmiz aşağı idi. Bu nəyə bənzəyir? NASA kosmik gəmini digər planetə yollayanda, bütün versiyaları hesablayır ki, bu səhv olsa, hansı variant işləməlidir. Biz o qədər alternativlər fikirləşmişdik ki, hər hansl bir səhv olmasın. Çünki bizim bir səhvimiz bütün filmin bərbad olması demək idi. Sevinirəm ki, yaxşı alındı. Bir də Toğrulun vacib xüsusiyyəti odur ki, hər situasiyada həll yolunu tapan operatordur. Çevik düşünür. Bəzi operatorlar düşünür ki, yaxşı film üçün çoxlu texniki imkanlar olmalıdır. Sənin ustalığın ondadır ki, əlindəki imkanla iş qoya bilirsən. Toğrul ən aşağı büdcə ilə, yuxarı büdcə ilə də rejissorun istədiyi görüntünü, fikri istənilən vəziyyətdə göstərə bilir”.
Kinotənqidçi Aygün Aslanlı “Lent”ə üçüncü dəfə baxdığını dedi: “Bu filmdən sonra Mirvüqarın işlərini həvəslə gözləyirəm. “Ağ-qara və poetika” filmində qrafika işləri və ad diqqətimi cəlb etdi. “Doğma torpaq” filmindən fərqli olaraq çox yerində və yaxşı işlənmişdi. Onu necə çəkmisiniz? “Yağışlı gecə”nin bir hekayəsi olduğuna görə, onun da bir hekayəsi var”.

M.Abdulov suala cavbabında dedi: “Muradla adətən birlikdə ssenariləri müzakirə edirdik. “Ağ qara və poetika”nın ideyasının hekayəsini Murada danışdım. Final səhnəsini danışırdım, dedim ki, sonda qəhrəman ölür və Tarkovski ilə görüşür. Murad dedi ki, Tarkovskini haradan tapacağıq? Dedim aktyor taparıq. Murad dedi ki, inanmıram, kimsə çəkilsin. Onda qərara gəldik ki, Tarkovskini məcburən “dirildək”. Xromokeydə çəkəndə Murada dedim ki, elə hiss et ki, yanındakı Tarkovskidir. Büdcəmiz o qədər aşağı idi ki, Muradı ciddi göstərmək üçün palto axtarırdıq. Filmdə ata rolunu oynayan Səməd də sağ olsun, həmin vaxt özünə təzə palto almışdı. Dedik ki, Səməd, paltonu ver, çəkilişi bitirək, sonra qaytararıq”.
Rejissor daha sonra niyə bu mövzuda film çəkdiyinə aydınlıq gətirdi: “Universitetimi sevirəm, orada savadlı, istedadlı müəllimlər dərs deyir və orada istedadlı dostlarımı, sənət yoldaşlarımı tapmışam. Amma təəssüflər olsun ki, orada hələ də bəzi müəllimlər dərslərə sovet ənənəsi ilə yanaşırlar. 17 yaşında gəncdən qabiliyyət imtahanında soruşurlar ki, Tarkovskinin “Stalker”, “Ayna” filmlərinə baxmısan? Bunu qoydum kənara, 1-ci kursda Tarkovskinin filmlərini göstərirlər. Tələbə hələ kinonun əlifbasını bilmir, amma ondan birbaşa cümlə oxumağını istəyirlər. Tələbə də baxır filmə, başa düşmür və özünə sual verir ki, mən niyə yaşayıram?! Yəqin nəsə var, mən başa düşmürəm. Tələbə yoldaşları da bir-birinin bəhsinə girirlər ki, mən filmi başa düşdüm. O da özünü inandırır ki, “mən də başa düşdüm, mən gələcəyin Tarkovskisi” olacağam. Biz buna öz aramızda “Tarkovski sindromu” deyirik. O, Tarkovski virusuna yoluxur. Bu, haradasa 2-ci kursa kimi davam edir. Tələbə “poetik” dolaşır, bütün günü hər yersiz obyektdə məna axtarır, bunu özünün yazmaq istədiyi amma yazmağı bacara bilmədiyi ssenarilərində qeyd edir və bir film çəkir, film batır. Yəni 17 yaşdakı bir gəncə onun başa düşəcəyi dildə danışmaq və filmləri göstərmək lazımdır”.

Daha sonra ADMİU-nun baş müəllimi, sənətşünas Nadir Bədəlov öz fikirlərini bölüşdü: “Lent” filmi debütdür, digərləri kurs işləridir. Müzakirəyə ehtiyacı var əlbəttə bütün filmlərin. Amma digər iki filmi elə kursda saxlasaq yaxşıdır. “Lent” çox yaxşı işdir. Sadəcə, mənə elə gəldi ki, onun sonluğu bir qədər uzadıldı. Məncə, o biri filmlər kimi gözlənilməz sonluqla bitməli idi. Yəqin ənənəyə sadiq qalır, çünki filmdə də modern texnologiya ilə analoq kamera arasındakı fərqlər göstərilir. Təbrik edirəm sizi. O ki, qaldı sovet ənənəsinə, Tarkovski məsələsinə. Hər müəllimin öz yanaşması var. Mən özüm də tələbələrə bəzən şoka salan filmlər göstərmişəm ki şok effekti yaratsın tələbədə”.
Tamaşaçılardan biri filmləri çox bəyəndiyini dedi: “Mən ADMİU məzunuyam. Mən oxuyanda da rejissor-tələbələr öz işlərində sırf rejissorları oynadırdılar, aktyorları çəkmirdilər. Hal-hazırda indi də bu problem davam edir. Başa düşürəm ki, büdcə olmadığından aktyor dəvət etmirsiniz. Amma heç olmasa İncəsənət Universiteti bunu təşkil etməlidir ki, rejissor və aktyor tələbələrin qarşılıqlı iş prinsipi olsun. Mən oxuyanda da bu problem vardı. Hətta dram teatr rejissorları da öz tamaşalarında dram rejissorlarını cəlb edirdilər. Mən bilmirəm, niyə belə ənənə var?”
Aktyor, rejissor Murad Şükürlü bildirdi ki, bunun iki səbəbi var: “Birincisi, dram teatr aktyorlarının müəllimləri icazə vermir ki, səhv yönləndirərlər onları. İkincisi, rejissorlarla aktyorlar heç bir dərsdə kəsişmir. Dəhlizlərdə tanış olub, dostluq etməsələr əgər. Yəni ortaq dərslərimiz yoxdur deyə, danışmırıq”.
Bir tamaşaçı bildirdi ki, hər üç filmdə Mirvüqarın dəst-xəti var: “Onun dördüncü filminə baxsam, artıq tərzindən tanıyaram”.
Kinotənqdiçi Sədaqət Kamal bu filmlərdə müasir kinomuzun qığılcımlarımı gördüyünü dedi: “Xoşuma gələn üç şey oldu. “Ağ qara və poetika” filminin bir kadrında, qəhrəmanın meşədə yarpaqların üstündə getməsi ilə filmin adının poetik təsvirini gördüm. “Lent” filmində Muradın oyununu, ifasını çox bəyəndim. Və “Yağışlı gecə”nin ideyası xoşuma gəldi, onu bir az da genişləndirmək olardı, dərin ideyası vardı”.

Operator Soltan Abdullayev operator işilə bağlı fikirlərini bildirdi: “Hər üç filmdə müəyyən kadr quruluşundan hiss olunur ki, operator hissiyatlı yanaşma edib. Siz film çəkərkən, universitetdən aldığınız akademik biliklərdən, yoxsa xarici filmlərdən ilhamlanmısınız? Və bir də rejissor sizə işləmək azadlığı verirdi?”
Toğrul Qəhrəmanlı dedi ki, “Lent” filmində referanslar mütləq olub: “Xarici filmlərdən ilhamlanmışam. Hər zaman olub bu. Universitetdən aldığımız biliklərlə davam etsəydik, çox şey edə bilməzdik. Rejissor azadlıq vermişdi. Amma xüsusi səhnələrdə istəyi vardı, reallaşdırmaq lazım idi”.
aki.az