Martın 11-i Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Azərbaycan” CinemaPlus-da Orxan Ağzadənin “Kinomexanikin qayıdışı” bədii-sənədli filmi tamaşaçıların istəyilə yenidən nümayiş edildi.
Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova öncə film haqda qısa məlumat verdi. Nümayişdən sonra Orxan Ağazadə və operator Daniel Quliyev tamaşaçıların suallarını cavablandırdılar.
Tamaşaçıların marağını nəzərə alaraq, rejissor bir daha filmin ideyasının necə yaranması, tarixçəsi haqda məlumat verdi: “Oturacaqlar” qısa filmimi çəkirdim. Çəkilişə məkan seçmək üçün Astaranın Sim kəndinə getmişdik. Qar yağdığına görə kənddən çıxa bilmədik. Kəndin sakinlərindən biri – filmimizin qəhrəmanı Səmid, bizi öz evinə dəvət etdi. Bakıdan gəldiyimizi, kino ilə məşğul olduğumuzu biləndə bizi zirzəmisinə apardı və zirzəmidəki kinoaparatlarını göstərdi. Bir zamanlar kinomexanik olduğunu və yenidən film göstərmək istədiyini dedi. Problem isə lampanın olmaması idi. Xaricdə təhsilimi bitirib geri qayıdandan sonra o kəndə getdim ki, bəzi şeyləri çəkim. Bu filmin tarixçəsi belə başladı”.

Moderatorun “Hansı cəhətlərinə görə bu layihə avropalı prodüserləri maraqlandırdı?” sualını rejissor belə cavablandırdı: “Hər şeydən əvvəl kino haqqında olduğu üçün. O qədər də tanınmamış coğrafiyadan belə bir hekayə onları maraqlandırdı. Maraqlı qəhrəmanlar, kəndin gözəlliyi faktoru da rol oynadı”.
Daniel Quliyev əlavə etdi ki, bu filmi çəkməyə hazırlaşanda nə baş verəcəyi məlum deyildi: “Hekayənin necə davam edəcəyi bilmirdik. Diqqətimi çəkən ilk məqam – lampanın olmaması və onun axtarışı idi. Çünki bu, birinci konflikt idi. İlk çəkilişlərə gedəndə və təbiəti görəndə müzakirə apardıq ki, necə görüntü olsun, necə çəkək, hansı formada olsun film. Ümumiyyətlə, sakit, poetik atmosfer bizi tutdu. Və filmi kinematoqrafik, poetik atmosferdə çəkdik”.

“Mədəniyyət” kanalının əməkdaşı bu filmə ikinci dəfə baxdığını dedi: “Bu filmə ikinci dəfə böyük məmnuniyyətlə baxdım və ailəmi də gətirdim. Film məndə xüsusi nostalji hisslər oyatdı. Anam vaxtilə “Retro” kinozalı verilişində işləyib. Film məni o illərə apardı. Necə çətinliklə o flmləri əldə edib paytaxta gətirirdilər. Danieli təbrik edirəm, operator işi müəkkəməl idi. Orxana bir daha təşəkkür edirəm və çox istərdim ki, kino mərkəzlərində film yayımlansın. Arzum budur ki, bizim kinostudiyamızın da lampaları tapılsın və belə filmlərin istehsalına start verilsin”.
Orxan Ağazadə “Kinomexanikin qayıdışı” filminin prokata çıxarılması planı olduğunu dedi: “Dəqiq tarixini müəyyənləşdirməmişik. Amma fikrimiz var”.
Gənc tamaşaçılardan biri rejissora təşəkkür etdi: “Belə bir film çəkmək mənim xəyalımdır. Beyləqanda böyümüşəm. Belə bir aparatımız vardı. Dayımoğlu ilə film çəkib göstərirdik. Hətta Spilberqin “Duel” filminə oxşar qısa film də çəkmişdik. Bu filmə görə sizə təşəkkür edirəm”.
Sənətşünas Nadir Bədəlov müəllifə belə bir sual ünvanladı: “Bu, bədii-sənədli film adlanır. Bunu sadəcə bədii film kimi çəksəydiniz film nə qazanardı və nə itirərdi?”.

Rejissor cavabında bildirdi ki, bədii film çəkilsəydi real insanlar olmazdı: “Real hekayə olmazdı. Əgər mənə bu hekayəni bədii şəkildə işləməyi təklif etsəydilər, imtina edərdim yəqin. Bu versiya məni daha çox qane edir”.
Digər tamaşaçı filmin dilinə görə təşəkkür etdi və çəkiliş müddəti ilə bağlı sual verdi.
Orxan Ağazadə çəkiliş prosesinin haradasa il yarım çəkdiyini dedi: “Biz Astaraya fasilələrlə gedirdik. Hər dəfə elə bilirdin ki, çəkilişə yenidən başlayırsan. Amma müəyyən bəlli yerdən sonra alışırdın. Vizual yanaşmanı tapandan sonra elə bir çətinliyimiz olmurdu. Biz gedən kimi çəkmirdik. Bir-iki gün insanlarla ünsiyyətdə olurduq. Çəkilişlərin çoxu Səmidin otağında gedirdi. Oradan özümüz də bezmişdik. Son səhnədə onların ayağının divara dirəməyi, o “nəsə”ni axtarmağın nəticəsi idi. Biz onu bir dəfə belə görmüşdük. Başında təzyiq olduğundan həkim ona məsləhət vermişdi ki, ayağını üzüyuxarı divara dirəsin”.

Daniel Quliyev rejissorun sözlərinə qüvvət verdi: “Hər dəfə çəkilişə gedəndə yenidən başlamış kimi hiss edirdik özümzü. Orxanla aramızda bir dialoq keçirdi ki, sanki bir yerdə ilişib qalmışıq. Nəsə bir yenilik tapmaq lazımdır, əlavələr etmək lazımdır. Əsas çəkilişlərdə hərəkətli kameranı qoşmağa başladıq”.
Aktyor Ayşad Məmmədovun sualı isə belə oldu: “Qəhrəmanlara əvvəlcədən mətn verilmişdi, yoxsa improvizasiya edirdilər?”.
Rejissor onlara heç bir mətn verilmədiyini dedi: “İmprovizasiyaya gəlincə, filmdə bədii quruluş yoxdur. Biz onlarla bir yola çıxmışdıq. Səmidə dedim ki, sən filmi göstərmək istəyirsən, buna görə hansı mərhələlərdən keçməlisən. Biz bu mərhələləri çəkirdik. Müəyyən yerlərdə əlavələrim olmuşdu, mən öz suallarımı Ayazın vasitəsilə vermişdim, məsələn kartof bişirmək səhnəsində. İstəmədim özüm kadrda olub sual verim. Eləcə də Səmidin vasitəsilə Ayaza suallar verirdim. Elə səhnələr vardı ki, artıq baş vermişdi və biz onu yenidən qururduq. Çünki bizim orada uzun müddət qalıb çəkmək imkanımız yox idi. Kənd əhalisi də bizə çox köməklik göstərdi. Sovet vaxtı orada teatr olub. Kənd əhalisi də özü kəndin mədəni həyatında aktiv iştirak edib”.

Tamaşaçılardan biri, digər qəhrəman – Ayaz Xalıqovun realda da animasiya ilə məşğul olub-olmamasını soruşdu. Rejissor bildirdi ki, Ayaz Xalıqov doğrudan da animasiya ilə məşğuldur: “2020-ci ildə “Animafilm” beynəlxalq film festivalında onun “İlan və kəndli” filmi mükafata layiq görülüb. Sonra isə həmin festivalda “Cəsur əsgər” filmi göstərilib. 15 qısa film çəkib”.
Daha sonra moderator, onların gələcək layihələri ilə bağlı sual verdi: Orxanın “Məhbus”, Danielin “Boş evlər” layihələri xarici festivalların müxtəlif proqramlarında iştirak edir. Layihələr hansı mərhələlərdən keçir və hansı cəhətlərə önəm veirirlər?”
Orxan Ağazadə bildirdi ki, layihə xoşlarına gəlməli və onun potensialını görməlidirlər:“Cənubi Qafqaz onlar üçün tam kəşf olunmuş bölgə deyil. Burada onlar üçün çoxlu maraqlı hekayələr var. Layihənin inkişafı uzun proses ola bilər. “Məhbus”un ssenarisi yoxdur. 4 ildir inkişaf etdirirəm. Sonda alınmaya da bilər. Bu bir şans məsələsidir. Təbii ki, layihənin beynəlxalq platformalara getməsi onun şansını artırır”.
Daniel Quliyev bu məsələdə səbrin əsas olduğunu dedi: “Boş evlər” layihəsindən əlimi üzmüşdüm. Gözlənilməz vaxtda xəbər aldım. Ona görə, bilmək olmur. Yəqin ki gözləntiləri çox yüksəkdə saxlamaq lazım deyil”.
Xatırladaq ki, “Kinomexanikin qayıdışı” filminin Azərbaycan premyerası 2024-cü il noyabrın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən təşkil edilmişdi. Film, Almaniya və Fransanın birgə istehsalıdır.
aki.az