Bu gün, mayın 13-də dünyanın ən nüfuzlu festivallarından biri olan Kann Beynəlxalq Kino Festivalı start götürür. Bu il 78-ci dəfə keçirilən festivalda Azərbaycan Kinematoqrafçılar İttifaqının Kinoyazar.az saytı da akkreditasiyadan keçərək festivalın fəaliyyətini bilavasitə yerindən işıqlandıran media təmsilçilərinə qoşulub. Belə ki, saytın müəlliflərindən biri, kinotənqidçi, Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədr müavini Hacı Səfərov da hazırda Kanndadır.
Mayın 24-ə qədər davam edəcək festivalda nümayiş olunan filmlər barədə operativ məqalələri və reportajları Kinoyazar.az saytından oxuya bilərsiniz.
Hacı Səfərov kinoyazar.az saytının müəllifi olaraq bundan əvvəl 2024-cü ildə keçirilən 72-ci San-Sebastyan Kinofestivalında iştirak etmişdi.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən verilən məlumata görə, yerli kinematoqrafçılarının beynəlxalq əlaqələrinin qurulması, kinomuzun dünya kinosuna inteqrasiyası təşkilatın strateji hədəflərindəndir.
Xatırladaq ki, kinoyazar.az saytı Azərbaycanda kinotənqid və kinoşünaslığın inkişafına dəstək məqsədilə 2022-ci ildə AKİ tərəfindən təsis edilib.