Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə yaradılmış ilk və yeganə kinoşünaslıq saytı olan kinoyazar.az 3 yaşını qeyd edir.
2022-ci ilin mayında ictimaiyyətə təqdim olunan saytın ideya müəllifi və rəhbəri AKİ-nin icraçı katibi, rejissor Əli İsa Cabbarov, müəllifləri AKİ-nin İdarə Heyətinin üzvü, kinotənqidçi Sevda Sultanova, kinotənqidçilər Aygün Aslanlı, Aliyə Dadaşova və Hacı Səfərovdur.
Kristofer Voqlerin “Qəhrəmanın səyahəti” adlı sxeminə əsasən (Hacı Səfərovun təklifilə) hazırlanmış sayt 6 bölmədən (“Çağırış”, “Çağırışın rəddi”, “Təmas”, “yaxınlaşma”, “Sınaq”, “Mükafat, “Yenidən doğulma”) ibarətdir.
Mövzulara uyğun bölünmüş saytda yerli və xarici, klassik və müasir filmlərə həsr olunmuş analitik məqalələr, resenziyalar, müsahibələr və ədəbi ssenarilər mövcuddur.
Üç illik fəaliyyət ərzində sayt özünə onlarla yeni gənc müəllifi, o cümlədən, tələbələri və peşəkar yazarları cəlb edib. Hazırda saytda 400-dən çox orijinal məqalə və tərcümələr yer alıb. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən saytın bugünkü göstəricilərə əsasən, altmış mindən çox oxuyucusu var.
Öncə xəbər verdiyimiz kimi, bu il 78-ci dəfə keçirilən festivalda kinoyazar.az saytı da akkreditasiyadan keçərək festivalın fəaliyyətini bilavasitə yerindən işıqlandıran media təmsilçilərinə qoşulub. Saytın müəlliflərindən biri, kinotənqidçi Hacı Səfərov da hazırda Kanndadır.
Mayın 24-nə qədər davam edəcək festivalda nümayiş olunan filmlər barədə operativ məqalələr və reportajlar kinoyazar.az saytında yayımlanır. Bu hadisə Azərbaycan kinoşünaslığı və mətbuatında ilk dəfədir. Hacı Səfərov kinoyazar.az saytının müəllifi olaraq bundan əvvəl, 2024-cü ildə keçirilən 72-ci San-Sebastyan Kinofestivalında iştirak etmişdi.
Qeyd edək ki, kinoyazar.az saytının sosial şəbəkələrdə də hesabları (Feysbuk, instaqram) mövcuddur.
Respublikamızda kinoşünaslığın inkişafı Azərbaycan Kinematoqrafçılar İttifaqının strateji hədəflərindəndir. Bu məqsədlə, kinoyazar layihəsilə yanaşı, kino nəşrlərinə dəstək verir və cari ilin yanvarında Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının təsis olunmasına dəstək göstərib.
aki.az