Arxada qoyduğumuz həftə (22-24 may) Azərbaycan Kinematoqrafçılar İttifaqının üçüncü ilinə qədəm basan “Bölgələrdə kino günləri” layihəsi gözəl Mingəçevir şəhərinin qonağı oldu. Layihənin icraçıları -Ülviyyə Əhmədova, İntiqam Hacılı bu dəfə formatda kiçik bir dəyişiklik etmək, yeni bir formanı təcrübədən keçirmək qərarına gəlmişdilər. Əgər buna qədər “Kino Günləri” qısa müddətdə daha çox bölgəni əhatə etmək məqsədi güdürdüsə, yəni hər rayona gündə iki seans olmaqla bir gün ayrılırdısa, bu dəfə “daha çox tamaşaçı və daha çox film” prinsipini sınamaq istəyirdik. Çünki Allahdan gizli deyil, bəndədən niyə gizlədək, gedəcəyimiz yerlərin aidiyyəti qurumlarına qabaqcadan afişalarımızı göndərib rayonlarda, kəndlərdə əhalinin bir-iki gün əvvəldən xəbərdar edilməsini istəsək də, adətən, belə işlərə cavabdeh olan idarələr özlərinə əlavə əziyyət vermir, köhnə sovet sistemini davam etdirirlər. Bu sistem də ondan ibarətdir ki, hər hansı tədbir zamanı yerli cavabdeh idarələr zalı doldurmaq üçün ərazidəki digər dövlət müəssisələrinə – məktəblərə, uşaq bağçalarına, kitabxanalara, tibb müəssisələrinə və s. – müəyyən sayda adam göndərməyi tapşırırlar. Tapşırıqla gələnlər də bunu iş öhdəliyi kimi qəbul etdiklərinə görə, vəzifəli şəxslərin çıxışından sonra bir bəhanə ilə zalı tərk edirlər. Ya da “Aranda kino günləri”ndə nümayiş məkanlarına daxil olan kəndlərdə olduğu kimi, “vaxtında xəbər verilsəydi, daha çox adam gələrdi” cümləsini eşidirik. Odur ki, bu dəfə nümayişlər üçün nəzərdə tutulan üç günün üçünü də Mingəçevirə həsr etmək, fərqli məkanlarda da olsa, yerli tamaşaçılara daha çox film göstərmək istəyirdik və nəticə gözlədiyimizdən də yaxşı oldu.

Üç gün ərzində uşaqlı-böyüklü Mingəçevir sakinləri Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, Aydın Arslanın “Aktyor”, Əli-Səttar Quliyevin “Olimpia” tammetrajlı bədii filmləri, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Ruslan Ağazadənin “Balaca”, Orxan Ağazadənin “Oturacaqlar”, Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii və Pərviz Həsənovun “Uşaqlıq fotosu” sənədli filmlərinə baxdılar, sonuncu filmin rejissoru Pərviz Həsənova, “Aktyor” filminin qəhrəmanını canlandıran Səmimi Fərhada suallarını verdilər, çoxlu foto çəkdirdilər.
Nümayişlərin ilk günü Heydər Əliyev Mərkəzində idi və dəvət olunan insanların hamısı gəlsin deyə yarım saat gec başlamışdıq. Əvəzində hər kəs bir nəfər kimi “Mən burdayam, ilahi!” filminə axıra qədər baxdılar, qaranlığı fürsət bilib zaldan çıxan olmadı. Nümayişdən sonra müzakirədə də kifayət qədər fəal iştirak etdilər, xeyli maraqlı fikirlər səsləndirdilər. Xüsusən, qadınlar çox fəal idilər. Onlardan biri müzakirədə “qazilərin, onların ailələrinin 44 günlük müharibəsi fiziki müharibə bitəndən sonra başlayıb” dedi. Başqa bir xanıma zal boşalandan sonra bizə yaxınlaşaraq həyat yoldaşının filmin qəhrəmanı Teymur kimi müharibədən kontuziya ilə qayıtdığını, həddindən artıq əsəbi, dözülməz dərəcədə aqressiv olduğunu söylədi və “bu filmə baxandan sonra onun nə yaşadığını başa düşdüm” deyərək təşəkkür etdi.
Ertəsi gün ikinci nümayişimiz üçün mərkəzdən bir qədər aralıda yerləşən Xalq Yaradıcılıq Klubuna daxil olanda dünənki tamaşaçıların bir çoxunun orada olduğunu gördük. Üstəlik, tək gəlməmişdilər, uşaqlarını, nəvələrini, qonşularını da özlərilə gətirmişdilər. Rejissor Əli-Səttar Quliyevin “Olipmia” filminə baxdılar, qəhrəmanlarla birlikdə güldülər, kədərləndilər. Yeganə iradları filmin subtitrləri ilə bağlı oldu. “Olimpia” filmində əsas qəhrəmanlardan biri, kubalı Olimpia (Kəmalə İsrafilova) azərbaycanlı atası (Qurban İsmayılov) və digər kənd sakinləri ilə ingilis dilində ünsiyyət qurur. Müəlliflər, hadisələri anlamaq üçün vacib olan bu dialoqların tərcüməsini subtitrlərlə, üstəlik ağ rəngli hərflərlə veriblər. Bu isə oxumağı çətinləşdirir (bəzi səhnələrdə hətta mümkünsüz edir) və həlledici epizodların təsirini azaldır. Burda bir haşiyə çıxaraq deyim ki, yerli prokatdan gəlir götürməyi nəzərdə tutulan ekran işlərində subtitr yerinə dublyajdan istifadə olunması daha məqsədəuyğundur.

…Və Mingəçevir Dram teatrındakı sonuncu günümüzdə artıq bizim – yeni Azərbaycan filmlərinin daimi tamaşaçıları vardı; tapşırığa, əmrə ehtiyac duymadan gəlirdilər, bütün filmlərə pürr-diqqət baxırdılar, fikirlərini məmnuniyyətlə bölüşürdülər. Təkcə bədii filmlərə yox, “Uşaqlıq fotosu” sənədli filminə də eyni diqqətlə baxırdılar. Hətta musiqi məktəbindəki nümayişdə tamaşaçılardan biri eyni taleyi yaşadığını və filmin qəhrəmanının hekayəsinə baxanda kövrəldiyini, bir az da yüngülləşdiyini söylədi.
Yeri gəlmişkən, teartdakı nümayişdən əvvəl, hazırda Mingəçevir Dram Teatrında işləyən Xalq artisti Valeh Kərimovdan belə layihələrin əhəmiyyəti ilə bağlı bir-iki kəlmə deməyi xahiş edəndə könülsüz razılıq versə də, layihəmizin məqsədi, formatı haqqında məlumat alandan sonra həvəslə çıxış etdi, vaxtilə rayonlarda, kəndlərdə fəaliyyət göstərən kinoteatrlardan, kinoklublardan, əhalinin kinoya necə maraqla baxdığından, zallarda boş yer tapılmadığından danışdı, bu ənənənin yenidən bərpa olunmasını arzuladığını bildirdi.
Onu da qeyd edim ki, Mingəçevir Dram teatrında ayrıca kinozal var və mütəmadi filmlər nümayiş olunur. Ancaq təəssüf ki, həm proyektorları köhnədir, ekranda filmlərin keyfiyyəti itir, həm də repertuardakı filmlərin əksəriyyəti, ya Türkiyə istehsalıdır, ya da türkcə dublyajlıdır. Teatrın qarşısına qoyulmuş kinoafişada cəmi bir dənə yerli filmin adı vardı.
Son olaraq bir müşahidəmi də paylaşmaq istəyərdim. AKİ-nin “Bölgələrdə kino günləri” layihəsinə qoşulduğum iki il ərzində gördüyüm qədərilə, proqramımızdakı “Olimpia”, “Mən burdayam, ilahi!”, “Eviniz abad”, “Aktyor” kimi filmlər bölgələrdə böyük maraqla qarşılanır. Bu isə o deməkdir ki, əgər ölkə ərazisində paytaxt daxil olmaqla hər yerdə, heç olmasa, bir normal kinoteatr, normal prokat, distribüsiya sistemi olsaydı, bu cür filmlər yerli nümayişlərdən məqbul bilet qiymətləri ilə ələgələn gəlir gətirə bilərdi. Bu bir tərəfdən kino sahəsində keyfiyyətli filmlərin çoxalmasına təkan verər, digər tərəfdən də kinematoqrafçılarımızı dövlət büdcəsindən asılılıqdan xilas edərdi. Ümidsizcəsinə ümid edirəm ki, səlahiyyətli idarələr “Bölgələrdə kino günləri” layihəsinin müsbət nəticələrini əvvəl-axır görəcəklər və hərəkətə keçəcəklər.
Aygün Aslanlı