29 aprel-1 may tarixlərində Azərbaycan Kinematoqrafçılar İttifaqının “Bölgələrdə kino günləri” layihəsi çərçivəsində “Qəbələdə Kino Günləri” keçirildi. Üç gün ərzində qəbələli kinosevərlərə son illərdə çəkilmiş üç tammetrajlı, yeddi qısa bədii və sənədli film təqdim olundu.
Qəbələ Mədəniyyət Mərkəzində baş tutan tədbirin ilk günü Mərkəzin metodisti Anar Rüstəmlinin çıxışı ilə başladı. A.Rüstəmli çıxışında “Kino günləri” layihəsinin əhəmiyyətindən danışdı və belə bir layihəni həyata keçirdiyinə görə Azərbaycan Kinematoqrafçılar İttifaqına təşəkkür etdi.
Daha sonra tamaşaçılar rejissor Zaur Qasımlının “Tağıyev: Neft” tammetrajlı bədii filminə, ikinci seansda isə Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii filmlərinə baxdılar. Nümayişdən sonra isə tədbirin qonağı, xalq artisti, “Tağıyev” silsiləsində Hacı Zeynalabdin Tağıyevin ahıl çağlarını canlandıran Qurban İsmayılov tamaşaçıların suallarını cavablandırdı, çəkiliş prosesi haqqında ətraflı məlumat verdi.
“Kino günləri”nin ikinci gününün səhər seansında qəbələli tamaşaçılara rejissor Pərviz Həsənovun Başlıbeş faciəsindən bəhs edən “Başlıbel: Mühasirə gündəliyi” tammetrajlı sənədli filmi, günorta seansında isə Daniel Quliyevin “Uzaq” qısametrajlı bədii və Fariz Əhmədovun “Sonuncu” qısametrajlı sənədli filmləri təqdim edildi. Nümayişlərdən sonra baş tutan ənənəvi müzakirə zamanı Qəbələ Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev filmlərlə bağlı təəssüratlarını bölüşdü.
Layihənin sonuncu günü birinci seansda göstərilən rejissor İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filmi tamaşaçıların böyük marağına səbəb oldu. Filmdən sonra Qabil rolunun ifaçısı, aktyor Səmimi Fərhadın iştirakı ilə keçən müzakirədə gəncindən yaşlısına qədər hər kəs öz təəssüratlarını, fikirlərini bölüşməyə can atırdı.
Günün ikinci seansında nümayiş olunan “Rəna xanım film çəkir” (rej.Elvin Adıgözəl), “Quxuroba” (rej.Teymur Qəmbərov) və “Oturacaqlar” (rej.Orxan Ağazadə) filmləri də tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən və dördüncü ilinə qədəm qoyan “Bölgələrdə Kino Günləri” layihəsinin məqsədi və hədəfi paytaxtdan uzaqda yaşayan insanlarımızı müasir Azərbaycan kinosu ilə tanış etmək və bölgələrdə kinoteatrların, kinozalların bərpasına nail olmaqdır.
aki.az

