İyunun 7-də “Azərbaycan” CineMastercard-da dünya kinosunun klassiklərindən biri Akira Kurosavanın “Rasyomon” bədii filminin nümayişi keçirildi. Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə moderator, kinotənqdiçi Sevda Sultanova açdı: “Kurosava dünya kinosuna təsir göstərən müəlliflərdən biridir. O, “Rasyomon” filmində bir zorakılıq aktı çərçivəsində baş vermiş hadisəni bəşəri, universal dəyərlərlə yükləyir. Film bütün dövrlərlə, xüsusən, müharibələrin baş verdiyi bu günümüzlə çox səsləşir”.
Nümayişdən sonra filmin müzakirəsi baş tutdu. Moderator, öncə, klassik filmlərin önəmini vurğuladı: “Bəzən, kino sahəsindəki gənclər klassik filmlərin vacibliyini anlamırlar. Amma klassik filmləri öyrənmədən, onlara baxmadan yaxşı film çəkmək çətindir. Məsələn, Tarantinonun “Kriminal qiraət”, Qas Van Sentin “Fil”, Sidni Lümetin “Şeytan oyunları” filmlərində təhkiyə üslubu, strukturu “Rasyomon”dan, Kubrikin “Qətl” filmlərindən ilhamlanıb. Ona görə klassikanı yaxşı mənimsəmək vacibdir ki, öz yanaşmanı tapasan”.

Kinotənqidçi İlqar Quliyev bildirdi ki, Kurosavanın filmlərinin əksəriyyətini izləyib: “Kurosava iki dəfə intihara cəhd edib, amma uğursuz alınıb. O, həyatı, sonu olmayan dərin, qaranlıq quyu kimi görürdü. Bu, onun filmlərində özünü əksini tapırdı. “Rasyomon” onun yəqin ki, yeganə filmidir ki, onun finalı ümidlə, işıqla bitir. Bu film həqiqətin axtarışı haqdadır və film bir neçə sual qoyur: Həqiqət nədir? Həqiqət ümumiyyətlə varmı? Və əgər biz həqiqətə çata bilmiriksə, necə yaşamalıyıq? Sosial şəbəkələrdə bir foto yayılmışdı. Yerdə rəqəm çəkilib, bir tərəfdən baxanda 6, digər tərəfdən baxanda 9 kimi görünür. Hər iki yanaşma haqlıdır. Filmdə hər kəsin öz həqiqəti var. Amma həqiqət nədir, bu suala cavab tapılmır. Film kimin haqlı olduğu haqda deyil. Kəndli qəhrəman bu hadisənin şahidi olur və onun gözü rejissorun baxışıdır. O da rejissor kimi pessimistdir, hər şeyə inamını itirib. Hadisənin iştirakçılarına gəlincə, Tosiro Mifunenin qəhrəmanı – quldur, özünü romantik qəhrəman kimi görür, çünki o, qadını fəth edib. Samurayın həyat yoldaşı özünü qurban kimi göstərir və deyir ki, hadisənin səbəbkarı mənəm. Daha sonra, ölmüş samuray medium vasitəsilə özünü günahsız və qurban kimi, qadını isə xəyanətkar kimi görür. Rahib isə insanlara inamını itirmiş biridir, dindən, inancdan imtina etmiş adamdır. Yalnız sonda odunçu, gördüyü hadisəni danışır, onun danışdığı qismən gerçəkliyə yaxındır. Amma o da özünü təmizə çıxarmağa çalışır, sonda da məlum olur ki, samurayın bıçağını oğurlayıb. Sonda körpəni soyunduran bomju qınayanda o deyir ki, hamı günahkardır. Sən özün də bıçağı oğurlamısan. Bu nəticə hasil olur ki, günahsız insan yoxdur. Bu filmlə Sidni Lümetin “On iki qəzəbli kişi” filmi ilə müqayisə etmək olar. Orada da əsas məsələ günahkar yox, həqiqət axtarışıdır. O filmin sonunda da bilinmir ki, yeniyetmə qatildir yoxsa yox. Tamaşaçıya bu maraqlı da deyil. Orada olan 12 nəfər də öz nəzər nöqtəsindən çıxış edir. Son olaraq bu fikir məlum olur ki, bəlkə də həqiqət mövcud deyil. Hər tamaşaçı da bu filmi öz bildiyi kimi başa düşür. Ona görə də bu filmdən sonra “Rasyomon effekti” yaranıb, yəni mövcud həqiqətə müxtəlif baxışı bildirir”.

Rejissor Zaur Muxtarov yapon və dünya ədəbiyyatının Kurosavaya təsirindən danışdı:
“Bu film Rünoske Akutaqavanın “Sıx meşədə” və “Rasyomon darvazaları” hekayələri əsasında çəkilib. O özü də gənc yaşlarında intihar etmişdi. Və Kurosava özü rus ədəbiyyatını, xüsusilə, Dostoyevskini çox sevib. Burada, doğrudan da əsas məsələ həqiqət mövzusudur, hər kəs öz mənfəətinə uyğun həqiqəti danışır. Mənim ən çox operator işi xoşuma gəlir. Belə bir fikir var ki, guya bu filmdə ilk dəfə olaraq, kamera günəşi çəkir. Bunu novatorluq kimi qeyd edirlər. Amma mənə görə, yenilik, qəhrəmanların hər birinin kameraya baxaraq danışmasıdır. Sanki onların hər biri tamaşaçı ilə kontakta girirlər. Bu film 1950-ci ildə istehsal olunub. Və buna kimi yaponlar iki dəfə atom bombasının faciəsini yaşayıblar. Bu necə xalqdır ki, belə bir filmi ortaya qoyulub. 1950-ci illərdən qabaq, yaponların “yeni dalğası” başlamamışdan əvvəl, Odzu, Midzoquti, Kurosava klassik kinonu elə yetişdirdilər ki, sonrakı nəsil kinematoqrafçıları da onlardan bəhrələndi. Bu film praqmatizmlə humanizmlə arasında olan münaqişəni göstərir”.

Moderator bildirdi ki, əhvalatın bədii həllinə, strukturuna görə, Kurosavanın təfsirindəki nəql bədii mətndən maraqlı və yaradıcıdır:
“Akutaqava hekayəni sadə yolla, ardıcıl olaraq şahid ifadələri ilə nəql edirsə, Kurosava səliqəli ardıcıllıqdan imtina edir, çoxtərəfli süjet qurur, ilk dəfə bir hadisə müxtəlif personajların nəzər nöqtəsindən göstərilir. “Rasyomon” əsasında sonradan çox filmlər çəkildi. Amma Kurosavanın versiyası bu günədək hekayənin ən yaxşı, unikal yozumu olaraq qalır. Bu filmin 1951-ci ildə Venesiya kinofestivalının proqramına salınmasının əsas səbəbkarı italyan yaponşünası Culian Stramidcoli olub. Onun bu seçimi ilə əvvəlcə razılaşmayıblar, hətta Yaponiya səfirliyindən təklif olunub ki, yapon kinosunun uğuru qismində Odzunun işlərindən biri nümayiş olunsun. Amma festivalda nümayişdən sonra film dünyada böyük uğur qazandı”.
Tamaşaçılardan biri gözəl gecəyə görə təşəkkür etdi: “Məzmunu iki üç kəlməyə necə ifadə edərdiniz? Qaranlıq qalan o oldu ki, samurayı kim öldürdü?”

İlqar Quliyev suala cavab olaraq bildirdi ki, ekranda görünən odur ki, odunçunun versiyası daha yaxındır: “Amma bununla belə, yüksək sənət nümunələrində hekayə reallığın metaforudur. Kurosavanın “Qurbağa yağı” adlı avtobioqrafik bir kitabı var. Orada bir cümlə yadımdadır: “Bu film Yaponiyanın müharibədən sonrakı acınacaqlı vəziyyətini əks etdirməyə cəhd göstərən ekran əsəridir. Əsas o deyil ki, kim öldürüb. Əsas odur ki, kim necə görür?”
Moderatorun suala cavabı belə oldu: “Bir qayda olaraq, yüksək sənət nümunələri çəkən rejissorların ortaq mövqeyi belədir ki, filmdə hər şey detalınadək aydın olmamalıdır. Mütləq şəkildə dərkolunmaz, sirli nəsə qalmalıdır. Niyə? Çünki tamaşaçı sualların cavabını özü tapmalıdır, düşünməlidir. Filmdə əsas məsələ həqiqətin çoxtərəfli olmasıdır. Məsələn, hazırda İsrail-İran müharibəsi gedir və müharibə ilə bağlı hər kəsin öz həqiqəti var. Hər kəs öz həqiqətinə inanır. Bayaq İlqar “Rasyomon effekti” ilə bağlı dedi. “Rasyomon effekti” sosiologiyada, psixologiyada işlənir. Bu, baş vermiş bir hadisənin şahidlərinin və ya mövzu ilə bağlı diskussiya iştirakçılarının subyektiv qavramalarından dolayı vahid, aydın mövqeyə gələ bilməməsidir”.

Tamaşaçı İlham Qafarov filmin maraqlı musiqi həllinin olduğunu dedi: “Ravelin “Bolero” əsərini xatırlatdı. Kurosavanı Yaponiyada sırf qərbmeylli rejissor kimi qəbul edirdilər. Çünki rus ədəbiyyatından, Şekspirin əsərlərindən filmlər çəkmişdi. Halbuki yapon kinosunu onun vasitəsilə tanımışıq.”
Kinoşünas Sədaqət Kamal bildirdi ki, filmdə kinonun əsas elementləri yağış və musiqi idi: “Məncə, “Rasyomon” kamera filmidir və mən özümü kamera teatrındakı kimi hiss etdim. Kimin haqlı olmasına gəlincə, məncə qadın ərinin öldürülməsini istəyəndə haqlı idi. Çünki əri onu cəngəlliyin ortasında qoyub qılınc, var dövlət arxasınca getdi”.
Tamaşaçılardan birinin fikrincə, film həqiqət axtarışından çox günahkar axtarışı haqdadır, burada əsas məsələ, insanın həqiqətdən qaçması və laqeydliyidir.
aki.az