29 sentyabr – 4 oktyabr tarixlərində Moskvada Serqey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti tərəfindən təşkil edilən, MBD ölkələrinin iştirakı ilə “Yüksəliş” (“Восхождение”) adlı beynəlxalq tələbə film festivalı keçirilib. Festivalda 30-dan çox film iştirak edib.
“Ən yaxşı sənədli film” kateqoriyası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının təqdim etdiyi altı filmdən, üç film müsabiqəyə qoşulub.
Onlardan biri “Sabah” qrupunun tələbəsi Şöhrət İbrahimova “Şirin yuxu”, Elmar Fərzəliyəvin “Hökm” və Kamal Müşviq İbadovun “Motivator” adlı filmləri müsabiqədə iştirak üçün seçilib.
“Motivator” filmi “Ən yaxşı sənədli film rejissoru” nominasiyasında mükafata layiq görülüb. Filmin rejissoru Kamal Müşviq İbadovdur. ADMİU-nun Kino-Televiziya Sənətləri kafedrasının müdiri, rejissor Elnur Mehdiyev festival çərçivəsində keçirilən konfransda Azərbaycanda kino sənayesinin formalaşması və inkişafının yeni mərhələsi haqqında çıxış edib. E.Mehdiyev, təqdim olunan tələbə filmlərinin və çıxışlarının məharətinə, yüksək yaradıcılıq səviyyəsinə, o cümlədən, konfranslarda, dəyirmi masalarda və plenar iclaslarda məruzələrin elmi-metodiki səviyyəsinə görə, ADMİU-nun diplomla təltif edildiyini də qeyd edib.
aki.az