XV Bakı Beynəlxalq Film Festivalı oktyabrın 8-də qaliblərini elan etdi. “Nizami” Kino Mərkəzində keçirilən bağlanış mərasimində “Qısametrajlı filmlərin beynəlxalq müsabiqəsi”, “Yerli müsabiqə”, “Asiya istedadları” müsabiqəsi, bu il ilk dəfə keçirilən “Debüt tammetrajlı bədii filmlər” kateqoriyası, ən yaxşı sənədli, bədii, animasiya filmləri nominasiyaları, o cümlədən, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator işi” nominasiyaları üzrə qaliblərə “Qızıl nar” mükafatları təqdim olundu.
“Debüt tammetrajlı filmlər” kateqoriyasında:
Rejissor Asxat Kuçinçirekovun “Baurına salu” filmi (Qazaxıstan) “Ən yaxşı tammetrajlı debüt filmi”;
Rejissor Baran Gündüzalpın “Rosinante” filmi (Türkiyə) “Ən yaxşı rejissor işi”;
Rejissor Şakir Xolikovun “Bazar günü” filmi (Özbəkistan) “Ən yaxşı ssenari”;
Rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu filmi “Ən yaxşı operator işi” (oper. Daniel Quliyev; Azərbaycan) nominasiyalarında “Qızıl nar”a layiq görüldülər.
Bu müsabiqədə rusiyalı rejissor İra Basın “Balam” bədii tammetrajlı debüt filmi münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olundu.
“Qısametrajlı filmlərin beynəlxalq müsabiqəsi”ndə “Qızıl nar”ın sahibləri:
“Ən yaxşı sənədli film”- “Valeriya”, rejissor Sara Yurinçik (Xorvatiya);
“Ən yaxşı animasiya filmi” – “Atamın məktubları”, rejissor Aleksey Yevstiqneyev (Fransa);
“Ən yaxşı rejissor işi” – “Çuxur”, rejissor Oliver Şabe-Kristiyan-Bekker (Almaniya);
“Ən yaxşı bədii film” – “Demək olar, tamamilə yanlışdır”, rejissor Cansu Baydar (Türkiyə).
İranlı rejissorlar Behzad Alavi və Susan Salamat-Çaquşinin “Taksidermist”, türkiyəli rejissor Yiyit Hepsevin “Acqarına getməyək” bədii qısametrajlı filmləri isə münsiflər heyətinin xüsusi mükafatlarını qazandılar.
“Yerli qısametrajlı filmlər” müsabiqəsinin qalibləri:
“Ən yaxşı bədii film” – “Quyu”, rejissor Rüfət Ray;
“Ən yaxşı sənədli film” – “Babamın evi”, rejissor Leyla Qənbərli;
“Ən yaxşı tələbə filmi” – “Sükut”, rejissor Ayşə Mirzəzadə;
“Ən yaxşı ssenari” – “Şam bağı” bədii filmi, rejissor İlkin Umarov;
“Ən yaxşı rejissor işi” – “İkinci planetin qırmızı rəngi” bədii filmi, rejissor Azər Quliyev.
Bu kateqoriyada Azərbaycan Kinematoqrafçılar İttifaqının “A-dan Z-yə kino istehsalı” layihəsi çərçivəsində kino və teatr rejissoru Mirbala Səlimlinin rəhbərliyi altında on gənc rejissor tərəfindən çəkilmiş “Qəfəs” bədii qısametrajlı filmi və rejissor Nicat Qulamın “Baba haqqı” sənədli qısametrajlı filmi isə “Münsiflərin xüsusi qeydi” ilə təltif edildilər.
“Asiya istedadları” müsabiqəsində rejissorlar Nur Ben Salem və Jülyen Menantaunun “Fələstin adaları” (Fələstin) filmi “Ən yaxşı film” adına, iranlı rejissor Əlirza Şakerinin “Bədən alverçisi” filmi isə münsiflər heyətinin xüsusi mükafatına layiq görüldü.
Tədbirdə çıxış edən, festivalın direktoru Fehruz Şamıyev beş aydan çoxdur ki, festivalın hazırlanmasında əziyyət çəkən təşkilat heyətinə, könüllülərə və festivala dəstək verən qurumlara təşəkkürünü bildirdi. Həmçinin “Səsin arzusu” qısametrajlı filminə görə koreyalı rejissor Şinqyu Kanqa və “Umeşin xronikası” debüt tammetrajlı bədii filminə görə hindistanlı rejissor Puca Kaula Bakı Beynəlxalq Film Festivalının təsisçisi Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi diplomlarını tədqim etdi.
Bağlanış mərasiminin sonunda festivalın qaliblərindən olan “Acqarına getməyək” (Türkiyə) və “Quyu” (Azərbaycan) bədii qısametrajlı filmləri nümayiş olundu.
aki.az