Öncə xəbər verdiyimiz kimi, kinooperator Natiq Hüsiyev (“Mənim sehrli dünyam”, “Haralısan, durna?”, “Pov: Memory” və s.) 26-28 iyun tarixlərində Almaniyanın Münxen şəhərində keçirilən “Euro Cine Expo – 2025” adlı, kino və televiziya istehsalı sahəsində çalışanlar üçün təşkil olunmuş beynəlxalq sərgidə iştirak edib və indi aki.az saytı ilə təəssüratlarını bölüşür.
“Euro Cine Expo” – kino, televiziya və media sahəsində işləyən peşəkarlar üçün Avropada təşkil olunan illik beynəlxalq sərgidir. Tədbir, əsasən, təsvir rejissorları, kameramanlar, işıq ustaları (qaffer), prodakşn menecerləri və texniki heyət üçün nəzərdə tutulub.
Tədbirin əsas məqsədlərindən biri kino sənayesində istifadə olunan müasir avadanlıqları nümayiş etdirməkdir. Həmçinin müxtəlif ölkələrdən gələn kino adamlarının bir-birilə əlaqə qurmağı, təcrübə mübadiləsi və yeni əməkdaşlıqların yaranmasına şərait yaratmaqdır. Bu baxımdan, tədbirin ən mühüm hissəsi mühazirələr, ustad dərsləridir. Burada müxtəlif mütəxəssislər öz biliklərini, təcrübələrini bir-birilərilə bölüşürlər. İştirak etdiyim mühazirələr arasında Harlon Havelandın (qaffer) və Bill Belnetin (ASC) çıxışları xüsusilə bəyəndim.
Harlon Haveland Böyük Britaniyada striminq platformalar üçün istehsal edilmiş “Mobland” (rej.Qay Riçi; rollarda Tom Hardi, Pirs Brosnan, Helen Mirren) serialındakı iş təcrübəsindən, səhnələrə necə hazırlaşdıqlarından, məkanlarda işıqlandırmanı necə həll etdiklərindən danışdı. Onun sözlərinə görə, ən əsas şey, demək olar ki, hər məkanda işıqları tam idarə edə bilmək üçün öz qurğularını yerləşdirməkdir, heç bir təsadüfilik yoxdur. H.Havelandın çıxışndakı digər maraqlı məqam o idi ki, hər hansı bir interyeri çəkərkən onun eksteryeri dronla analiz edilib və işıqların düşmə bucağı nəzərə alınıb. Beləliklə, pavilyonda interyeri qurarkən daha realistik görüntü alınır və məkanın eksteryerinə uyğun olur.
Bill Belnet isə 40 illik təcrübəyə malik, Amerika Kinooperatorlar Assosiyasının üzvü, əsasən, avtomobil reklamları çəkən və “Maşın oğlan” (“The Car Guy”) ləqəbi ilə tanınan ustad operatordur. Belnet də çəkdiyi bir neçə reklamı göstərərək iş prosesilə bağlı təcrübələrini bölüşdü. Hətta sonda kiçik model vasitəsilə reklamda maşının necə işıqlandırılmasını göstərdi və sxemi izah etdi. B.Belnetin reklam çəkərkən agentliklə işləməyin çətinliklərindən, məşhurlarla qısa zaman çərçivəsində işləmək, 3D vasitəsilə maşın reklamını, maşın üzərində əksləri necə həll etməsi barədə söylədikləri xüsusilə yadda qalan idi.
Ümumilikdə, bu cür tədbirlər hər il müxtəlif ölkələrdə keçirilir. Təcrübə səviyyəsindən asılı olmayaraq, belə tədbirlərdə iştirak, peşəkar olmaq istəyən hər kəs üçün çox əhəmiyyətlidir. Bilik qazanmaq, biliklərini bölüşmək, dünyanın hər yerində eyni işi görən adamlarla tanış olmaq çox maraqlı və inkişaf üçün vacibdir. Ən əsası isə, bir icmaya aid olduğunu anlayırsan.
Qeyd edək ki, Natiq Hüsiyevin sərgidə iştirakı üçün səfər xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanıb.
Natiq Hüsiyev

