Oktyabrın 27-də rejissor Mətləb Muxtarovun “Yaddaş sarayları” qısametrajlı sənədli filminin dünya premyerası baş tutub. Premyera, Çexiyanın Jihlava şəhərində keçirilən nüfuzlu Ji.hlava Beynəlxalq Sənədli Film Festivalında keçirilib.
“Yaddaş sarayları” tamaşaçılar və kino tənqidçilər tərəfindən maraqla qarşılanıb. Nümayişdən sonra rejissor filmin çəkiliş prosesi haqqında ətraflı məlumat verib və tamaşaçıların suallarını cavablandırıb.


“Rental Azərbaycan” şirkətinin ərsəyə gətirdiyi sənədli filmin prodüseri Emil Nəcəflidir. “Yaddaş sarayları” 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi postprodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindəndir. Filmdə rejissor doğulub-böyüdüyü Sumqayıt şəhərinin küçələrində “ilk xatirə”sinin axtarışına çıxır. Gəzintilər onu həmən xatirənin yarandığı yerə gətirir. Bu “ilk xatirə” körpəlikdə itirdiyi atası və vəfat etmiş nənəsi ilə bağlıdır. Yekunda fərdi xatirə axtarışları müəllifi SSRİ dağılandan sonra 90-cı illərin əvvəlində azərbaycanlıların yaşadıqları travmalara aparıb çıxarır.
Mətləb Muxtarovun bundan əvvəl çəkdiyi “12/35” adlı sənədli filmi də bir sıra beynəlxalq festivallarda nümayiş edilib. Xatırladaq ki, 1997-ci ildə Çexiyanın Ji-hlava şəhərində təşkil olunan festival sənədli film sahəsində dünyanın ən nüfuzlu festivallarından sayılır.
Rejissorun festivalda iştirakının səfər xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən qarşılanıb.
aki.az

