Bu gün Azərbaycanda Böyük Qələbə günüdür. Düz 5 il öncə ölkəmiz misli görünməmiş tarixi günlər yaşadı, 8 noyabr 2020-ci il tarixində əzəli və əbədi torpağımız olan Qarabağa qovuşduq və həmin gün əsrin tarixinə çevrildi.
44 günlük Vətən müharibəsində mühüm strateji əhəmiyyətə malik Şuşa qalası azad olundu, Azərbaycan dövlətinin ərazi bütövlüyü bərpa edildi, milli ləyaqətimiz ucaldı, xalqın illərlə çəkdiyi həsrətə son qoyuldu. Bu müharibə hər birimizə Qələbə sevincini yaşatdı. Hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olundu.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün dünyaya səsləndirdiyi “Qarabağ Azərbaycandır!” çağırışı xalqın milli iradə gücünü daha da artırdı, Qələbəyə güclü inam hissi yaratdı. O çətin günlərdə Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalqa ünvanladığı mesajlar, beynəlxalq müstəvidə apardığı diplomatik və informasiya mübarizəsi Ordumuzun uğuruna böyük mənəvi dəstək verdi.
Millət olaraq Böyük Qələbəni düz 30 il həsrətlə gözlədik.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlanması otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusunun qəhrəmanlıq şücəati nəticəsində işğalda olan torpaqlarımız – 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda Şuşa düşmən əsarətindən azad edildi.
Rusiyanın paytaxtı Moskva şəhərində imzalanan üçtərəfli (Azərbaycan, Rusiya, Ermənistan) müqaviləyə əsasən, 10 noyabrda Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılmasına qərar verildi.
2020-ci il 20 noyabrında Ağdam, 25 noyabrında Kəlbəcər, 1 dekabrda Laçın rayonları bir güllə atılmadan belə azad edildi.
Hərbi ekspertlərin fikrincə, Qarabağ ərazisinin mürəkkəb relyefə malik olması və möhkəm istehkamların mövcudluğu döyüşlərdə böyük itkiyə səbəb olan amillərdəndir. Çünki dağlıq ərazi müdafiədə olan tərəfə üstünlük yaradır və onun müdafiə olunma imkanlarını daha da genişləndirir.
Ordumuzun peşəkarlığı, düzgün strategiya və taktikanın tətbiq edilməsi, müasir silah-sursat, hərbi texnika və texnologiyadan geniş istifadə, ən əsası, hərb tarixində ilk dəfə yeni döyüş standartlarının tətbiqi hesabına Azərbaycan öz itkilərini tam minimuma endirə bildi. Bütün bunların nəticəsidir ki, Azərbaycan tərəf ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq müharibədən minimum itkilərlə çıxmağın nümunəsini ortaya qoyub. Xalqımız öz dəstəyini nümayiş etdirərək Ordumuzun gücünə güc qatdı.
Böyük qürur hissilə demək istərdik ki, Azərbaycan xalqı savaş günlərində elə dəstək nümayiş etdirdi ki, bu gücün qarşısında artıq heç kim dayana bilməzdi.
Müharibənin öz sərt qanunları var və həmin qanun-qaydalara əsasən ön cəbhənin gücü arxa cəbhənin vəziyyəti ilə sıx bağlıdır. Bəzən sadəcə bir SÖZ Ordunun qəhrəmanlıq gücünü daha da artıra bilər. Ön cəbhədə savaş qızışdıqca, torpaq uğrunda döyüşərək şəhidlik zirvəzinə yüksələnlərin ölüm xəbəri arxa cəbhəni qorxutmurdu, əksinə daha da qəzəbləndirirdi və “Ya indi, ya da heç vaxt” şüarı əhali arasında yayılaraq öz təsirini hiss etdirirdi. 30 illik həsrətə, Qarabağ münaqişəsinə müzəffər Azərbaycan ordusunun gücüylə son qoyuldu.
10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq etdi. Bəyanatdakı önəmli məqamlardan biri də ondan ibrətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2900 nəfər hərbi qulluqçusu həlak olmuş, 19 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. İtkin düşənlərin tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülməkdədir.
Prezident İlham Əliyevin 3 dekabr 2020-ci ildə Qələbə Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamda deyilir ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Qan bahasına əldə olunan Böyük Qələbənin 5 ili tamam oldu. Bu illər ərzində Qarabağda abadlaşma işlərinə start verildi, Qarabağımız yenidən qurulur, orda artıq yeni həyat başlayıb.
Qələbən mübarək, Azərbaycan!

