Mayın 8-də baş tutan iclası giriş sözü ilə açan, AKİ-nin birinci katibi, Xalq artisti Şəfiqə Məmmədovanın təklifi ilə AKİ-nin mərhum sədri, Xalq artisti Rasim Balayevin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
AKİ-nin icraçı katibi Əli İsa Cabbarov son altı ay görülmüş işlər haqqında iclas iştirakçılarına məruzə etdi. İdarə heyəti görülmüş işləri qənaətbəxş hesab etdi. İdarə heyəti AKİ-nin konfransının mayın son həftəsi ərzində keçirilməsini qərara aldı. Konfransın gündəliyinə İdarə Heyətinin məruzəsi və sədr seçkiləri daxil edildi, İdarə Heyəti sədr vəzifəsinə mümkün namizədlər müzakirə edildi. Xalq artistləri Həmidə Ömərova, Şükufə Yusupova, Vaqif Mustafayev, Əməkdar incəsənət xadimləri Cəmil Quliyev, Baba Vəziroğlu, Firəngiz Qurbanova, kinodramaturqlar Eldəniz Quliyev, Əmir Pəhləvan, Kamran Qasımov, kinorejissorlar Türkan Hüseynova, Tahir Tairoviç, Əli İsa Cabbarov, kino aktyoru Akif Əli müzakirədə iştirak etdilər.
İdarə heyətinin qərarına əsasən, konfransa iki namizədin verilməsi qərara alındı. Katibliyə konfransın keçirilmə yerini təsdiq etməsi və təşkilati məsələləri həll etmək həvalə edildi.
aki.az

