“DokuToor-2” sənədli film nümayişi proqramının növbəti tədbiri mayın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirildi. Bu dəfə kinosevərlərə rejissor Pərvanə Quliyevanın “Rəqs edən qız” (Azərbaycan) və Amoli Brevarın “Bali” (Hindistan) qısametrajlı sənədli filmləri təqdim olundu.

“Rəqs edən qız” filmi anası və bacısı ilə birlikdə qəza vəziyyətində olan binanın bir otaqlı mənzilində yaşayan 10 yaşlı Məlahətdən bəhs edir. Yaşının az olmasına baxmayaraq, artıq həyatın ağır üzünü görmüş Məlahət çətinliklərin öhdəsindən rəqs etməklə gəlir və ən böyük arzusu təzə, rahat evlərinin olmasıdır.
Hindistanlı rejissor A.Brevarın “Bali” filmi isə ailəsinin ərə verməyə hazırlaşdığı 15 yaşlı yeniyetmə qızın hekayəsidir. Onu bu evlilikdən yalnız “kabbada” çempionatında qalib gəlməyi xilas edə bilər.
Nümayişdən sonra kinoşünas Sevinc Xanbutayeva və kinotənqidçi Aygün Aslanlının moderatorluğu filmlərin müzakirəsi baş tutdu.


DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Gənc Film İstehsalçıları Assosiasiyası, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdırılan “DokuToor-2” sənədli film nümayişi proqramı “Sənədli kino — uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə” layihəsi çərçivəsində keçirilir.
aki.az

