Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisində Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) rəhbərliyi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin görüşü baş tutmuşdur.
Görüşü giriş sözü ilə açan AKİ-nin birinci katibi, Xalq artisti Şəfiqə xanım Məmmədova qonaqları salamlayıb, görüşün baş tutmasını kinematoqrafiyamızın inkişafı üçün atılan addım kimi qiymətləndirdi. İşgüzar ruhda baş tutan görüşdə Kino Agentliyinin baş direktoru Rəşad Əzizov ARKA-nın gələcək planları haqda danışdı, müxtəlif proqramlar üzrə layihələr nümayiş edildi.


Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi Əli İsa Cabbarov saytımıza bildirib ki: “ARKA yüksək dinamika göstərir, Kinematoqrafçılar İttifaqı olaraq dinamikanın yüksək keyfiyyət göstəricilərinə keçidi üçün birgə işləməliyik. ARKA və AKİ artıq bir yerdə əməkdaşlıq edir, kinematoqrafçıların xarici səfərlərinin maliyyələşməsi, filmlərin regionlarda nümayişi istiqamətində fəaliyyətimizi sinxronlaşdırmışıq. AKİ xüsusilə ARKA tərəfindən müsabiqələrin elan edilməsinin intensivləşdirilməsini kinomuzun inkişafında mühüm addım kimi qiymətləndirir. Ən əsası, artıq etibarlı kommunikasiya qurulub və bu kinematoqrafçılarımızın xeyrinə işləyir. 21-ci əsrin çağırışlarına layiqli cavab vermək üçün birgə fəaliyyətimizi inkişaf etdirməli, yüksək hədəflərə fokuslanmalıyıq”.
aki.az

