Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ölkənin müxtəlif bölgələrində milli kinematoqrafiyanın təbliği və tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə film nümayişləri təşkil edir. Layihə çərçivəsində Azərbaycanın tanınmış rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.
Bu təşəbbüsün əsas məqsədi, paytaxtdan kənarda yaşayan tamaşaçıların da müasir Azərbaycan kinosu ilə daha yaxından tanış olmasına şərait yaratmaq, kino mədəniyyətini regionlarda canlandırmaq və gənc tamaşaçılar arasında kinoya marağı artırmaqdır. Nümayişlərdən sonra filmlərin yaradıcı heyəti ilə müzakirələr və sual-cavab sessiyaları da tədbirin əsas hissəsidir. Layihə çərçivəsində “Aranda kino günləri”, “Lənkəranda kino günləri”, “Şirvanda kino günləri”, “Şimalda kino günləri” və s. bir neçə bölgədə ardıcıl təşkil olunub və proqramda həm dövlət sifarişi, həm də müstəqil Azərbaycan filmləri yer alıb.
İyulun 1-2-3 tarixlərində isə “Astarada kino günləri” baş tutacaq. Tədbir çərçivəsində rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filmləri, Elməddin Alıyev və Xəyyam Abdullazadənin “Nargin” tammetrajlı bədii-sənədli filmi, Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” tammetrajlı sənədli filmi, Daniel Quliyevin “Uzaq”, Samir Kərimoğlunun “Torpağı sanı yaşayasan”, Nurlan Həsənlinin “Erkən hisslər”, Gəray Həsənin “Zəfər rəqsi” qısametrajlı bədii filmləri nümayiş olunacaq.
AKİ bu təşəbbüs vasitəsilə milli kinonun regionlarda daha geniş auditoriyaya çatdırılmasını və kino sahəsində dialoqun inkişafını hədəfləyir.

