Azərbaycan Kinematoqrafçılar İttifaqının dördüncü ilinə qədəm qoyan “Bölgələrdə kino günləri” layihəsinin növbəti dayanacağı Astara rayonu oldu.
1-3 iyul tarixlərində Astara rayon Heydər Əliyev Mərkəzində “Astarada Kino Günləri” başlığı altında keçirilən tədbir çərçivəsində bölgə sakinlərinə “Tağıyev: Neft” (rej. Zaur Qasımlı), “Nar bağı” (rej. İlqar Nəcəf) tammetrajlı bədii filmləri, “Kinomexanikin qayıdışı” (rej. Orxan Ağazadə), “Nargin: Sona qədər sirli” (rej. Elməddin Alıyev, Xəyyam Abdullazadə) tammetrajlı bədii-sənədli filmləri, “Uzaq” (rej. Daniel Quliyev), “Torpağı sanı yaşayasan” (rej. Samir Kərimoğlu), “Erkən hisslər” (rej. Nurlan Həsənli), “Zəfər rəqsi” (rej. Gəray Həsən), “Oturacaqlar” (rej. Orxan Ağazadə) qısametrajlı bədii filmləri təqdim olundu.



Tədbirin açılışı mərasimində Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıqova, Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin Astara rayonu üzrə nümayəndəsi Anar Kəkəyev çıxış edərək qonaqları salamladılar, daha sonra, tədbir iştirakçıları üçün mədəni istirahətin təşkilinin vacibliyindən, bu işdə kinoteatrların böyük rol oynadığından danışdılar və “Bölgələrdə Kino Günləri” layihəsi ilə paytaxtdan kənarda da kinoteatrların yaradılmasına təşviq etdiyi üçün AKİ-yə təşəkkürlərini bildirdilər.
Üç gün davam edən “Astarada Kino Günləri” tamaşaçıların fəallığı ilə seçildi. Xüsusilə, yeniyetmələr və gənclər hər seansdan sonra baş tutan ənənəvi müzakirələrdə kifayət qədər aktiv iştirak edir, baxdıqları filmlər barədə fikirlərini bölüşür, suallar verirdilər.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü və dəstəyilə həyata keçirilən “Bölgələrdə Kino Günləri” layihəsinin məqsədi və hədəfi paytaxtdan uzaqda yaşayan sakinlərimizi müasir Azərbaycan kinosu ilə tanış etmək və bölgələrdə kinoteatrların, kinozalların bərpasına nail olmaqdır.
aki.az

